Şahinin ölüm xəbəri məni olmazın dərəcədə sarsıtdı. Axşam Hacı müəllimin (Hacı Hacıyev) oğlu zəng vurub bu acı xəbəri bildirəndə donub qaldım. İnana bilmirdim.Bunu Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı müavini Şahin Babayevin ölümü ilə bağlı yazıb.
O qeyd edib ki, Ş.Babayevlə cəmi 2 gün əvvəl danışıbmış:
“Həmişəki kimi soruşdu ki, nə tapşırığınız var? Mən də həmişəki kimi “Özündən muğayat ol” dedim. Gülüşüb sağollaşdıq. Demə özündən muğayat olmayıb...
2006-cı ildə Hacı müəllim məni AJB-yə sədr gətirəndə bircə xahişi olmuşdu: “Şahindən muğayat ol”. 20 il bir yerdə çalışdıq, Hacı müəllim, sözümü tutmağa çalışdım. Amma görünür, bura qədərmiş. İndi növbə sizindir. Yanınıza uçdu. Yeri uçmaqdır, inşallah.
Nə qədər axtardım, birgə şəklimizi tapmadım. Yalnız bir qısa videonu tapdım. Sonuncu dəfə “Zərdabi” mükafatı törənində mənə dəstək verirdi. Allah rəhmət eləsin, Şahin! Cənnətlik olasan! Əlvida, əziz dost! Yerin çox görünəcək..."
Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev noyabrın 11-də 61 yaşında vəfat edib.
Tehsil-press.az











