Səhnə əsəri iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr yaradır. Bu iki nəfər bir-birini eşitmək istəyir, amma eşitmir, görmək istəyir, amma görmür, duymaq istəyir, amma duymur. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir.
Müəllif Kamal Abdulla pyesi 5 şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim edir.
Rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Allahverdi Musayev, rejissor assistenti Ceyhun Vəlizadə olan tamaşada obrazları əməkdar artist Xəzər Gəncəli, aktyorlar Rüfət Ömər, Zəmanə Dərviş, Xaqan Qurbanov və Səbinə Yusifova canlandırırlar.
Səhnə əsəri teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Teatrın kollektivi adından müəllif üçün hazırlanmış hədiyyə akademik Muxtar İmanova təqdim edilib.
Qeyd edək ki, "Bir, iki- bizimki!" Xalq yazıçısı Kamal Abdullanın dramaturgiya yaradıcılığında xüsusi yerə malikdir. Müəllif bu haqda müsahibələrinin birində belə deyir:
“Bu pyesi ilk dəfə bizim görkəmli rejissorumuz Vaqif İbrahimoğlu "YUĞ" teatrında tamaşaya qoyub. Daha sonra bir çox teatrlar bu pyesə müraciət etdilər. Eyni zamanda Mədəniyyət və İncəsənət Universitetinin tələbələri - rejissorluğu bitirən tələbələr bir neçə dəfə bu pyesə müraciət ediblər. 2018-ci ildə Akademik Milli Dram Teatrında bu pyes əsasında hazırlanan tamaşanın premyerası keçirildi. İndi isə xarici ölkələrin birində bu əsəri tamaşaya hazırlayırlar”.
Tehsil-press.az








