Diş həkimlərinin total yoxlanması - təhlükə, yoxsa...

Diş həkimlərinin total yoxlanması - təhlükə, yoxsa... Professor deyir ki, həkimlərin akkreditasiyasını qurmaqla bu problemi birdəfəlik həll etmək olar
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin yanvar - oktyabr ayları ərzində 78 stomatoloji klinikada yoxlama keçirib, onlardan 72-də müxtəlif nöqsanlar aşkar edilib.

Bu barədə AEM-dən məlumat verilib. Bildirilib ki, nöqsanlardan 33-ü lisenziya şərtləri sualı üzrə, 15-i lisenziya olmadan iş və fəaliyyət, 8-i lisenziyadan kənar iş və fəaliyyət, 9-u sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 2-si lisenziya və sertifikasiya şəhadətnaməsi olmadan, lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 5-i isə sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı üzrə aşkarlanıb.

Əvvəllər də stomatoloji klinikalarda yoxlamalar aparılıb, bir çoxu bağlanıb. Lakin göründüyü kimi, bu problem həllini tapmır. Hələ də lisenziyadan kənar iş və fəaliyyət göstərən belə kabinetlər var.

Bəs bu problemin qarşısını tamamilə necə almaq olar? Lisenziyadankənar özəl tibb fəaliyyəti olan belə məntəqələr qapadılmalıdır, yoxsa yoxlanılıb lisenziya verilməlidir? Həmin stomatoloqların lisenziya almamaqda marağı nədir? Bu klinikaların adları və ünvanı da açıqlansa, daha yaxşı olmazdımı?

Əksər ölkələrdə stomatoloji və digər tibbi xidmətlərin lisenziyalaşdırılması və tənzimlənməsi kifayət qədər ciddi həyata keçirilir, çünki qanunsuz fəaliyyət həm vətəndaşların sağlamlığına, həm də etibara ciddi zərər verir. Məsələn, ABŞ-də stomatoloji fəaliyyət əsasən ştat səviyyəsində lisenziyalaşdırılır və hər ştatın Dental Board-u fəaliyyət göstərir. Həkimlər həm lisenziya, həm də davamlı professional inkişaf sertifikatı əldə etməlidirlər. Lisenziyasız fəaliyyət cinayət və inzibati məsuliyyət doğurur, lisenziyası dayandırılmış həkimlərin adları isə ictimaiyyət üçün açıq elan olunur.

Avropa ölkələrində həm dövlət, həm də peşəkar assosiasiyalar nəzarət funksiyasını yerinə yetirir. Məsələn, Almaniyada hər stomatoloq Zahnarztkammer tərəfindən qeydiyyatdan keçməli və lisenziya ilə sertifikatlarını yeniləməlidir. Lisenziyası olmayan klinikalar qanunsuz sayılır və bağlanır. Böyük Britaniyada General Dental Council bütün stomatoloqları qeydiyyata alır və qanunsuz fəaliyyət ciddi cərimə və bağlanma ilə nəticələnir. Avstraliyada hər həkim Dental Board of Australia-da qeydiyyatdan keçməli və sertifikat olmadan fəaliyyət cinayət məsuliyyətinə səbəb olur. Yaponiya kimi ölkələrdə isə klinika açmaq üçün dövlət lisenziyası vacibdir və müntəzəm yoxlamalar aparılır. Ümumilikdə dünyada lisenziya olmadan fəaliyyət qəti qadağan olunur, sertifikat və təlim yoxlanılır, qanunsuz fəaliyyət ictimaiyyət üçün açıqlanır və cəza mexanizmləri güclüdür. Həmçinin davamlı yoxlamalar və elektron sistemlər vasitəsilə həkimlərin və klinikaların statusu daim izlənir. Praktik olaraq heç bir ölkədə lisenziyadan kənar stomatoloji fəaliyyətə icazə verilmir; problemin həlli güclü tənzimləmə, şəffaflıq və ictimai nəzarətdən keçir.

Cərrah-həkim, professor Adil Qeybulla mövzu ilə bağlı fikirlərini bölüşüb: "Fikrimcə, sertifikasiya imtahanı ilə bağlı dəyişiklik edilsə, yaxşı olar. Ola bilər, bir zamanlar bu imtahan aktual idi, amma son 20 ildə gözlənilən effekti vermədi. İkincisi, imtahan işləməyə gələn həkimlərə və ya ali məktəblərdən yeni məzun olanlara şamil oluna bilər. Məsələn, rezidentura imtahanı bizdə bu şəkildə keçirilir. Amma həm nəzəri, həm də praktik təbabətdə imtahan verib diplom almış şəxsləri yenidən təkrar imtahana cəlb etmək doğru deyil. Bəzən Tibb Universitetinin professorları öz yazdıqları kitablardan imtahan verirlər. Bu baxımdan biz lisenziya və akkreditasiya sistemini tətbiq etməliyik. Akkreditasiya sistemi çərçivəsində hər bir çalışanın sənədlərinə uyğun diplomu, sertifikatları və rezidentura sənədi əsasında konkret tibb sahəsi üzrə fəaliyyətə lisenziya verilir. Bu lisenziya ölkələrdə fərqli olmaqla 5 və ya 7 il müddətinə verilir. Müddət bitdikdən sonra lisenziya yenilənir, həkimlərin fəaliyyəti yoxlanılır və lazım gəldikdə lisenziya yenilənmir. Ola bilər ki, müəyyən nöqsanlar aşkar olunsun və lisenziya verilməsin.

Hesab edirəm ki, həkimlərin akkreditasiyasını qurmaqla bu problemi birdəfəlik həll etmək olar. Hər bir həkimin lisenziyası otağında asılacaq, üzərində reyestr nömrəsi olacaq və xəstələr bunu yoxlaya biləcək. Beləliklə, hər kəs yalnız lisenziyada göstərilən işlə məşğul olacaq və bütün problemlər həll olunmuş olacaq".

Tehsil-press.az

Oxşar xəbərlər