Qəhvəyi məmur bağacığı

Qəhvəyi məmur bağacığı Yaxud kənd təsərrüfatımızın yapışqanlılıq problemi
Sayın kənd təsərrüfatı nazirimiz Məcnun müəllim deputatlar qarşısında çıxışında bildirib ki, kəndə ənənəvi baxışı dəyişməliyik. Deyir hərəyə 1-2 hektar düşəndə kəndli nə özünü təmin edə bilər, nə də bazarı. Gərək kənddə başqa iş yerləri də olsun. Sənaye, turizm, loqistika və sairə.

Nazir düz deyirmi? Əlbəttə. Çağdaş dünyada, urbanizasiya şəraitində əslində “kəndli” anlayışı sıradan çıxmaq üzrədir. ABŞ-nin aktiv işçi əhalisinin cəmi 4 faizi kənd təsərrüfatında çalışır, ancaq onların hesabına ABŞ dünyanın ən böyük əkinçilik və heyvandarlıq məhsulu istehsalçılarından biridir. Dünyada qarğıdalı istehsalının 42, pambığın 20, buğdanın 10, pomidorun 13, kartofun 8, ətin 16, südün 17 faiz istehsalı ABŞ-nin payına düşür. Həm özləri yeyir, həm xaricə satır. Ancaq bunun bir səbəbi iri fermer təsərrüfatlarıdırsa, ikinci və əsas səbəbi rəqabətə davamlı azad bazar iqtisadiyyatıdır.

Örnək üçün, bu yaxında bizdə tragikomik məhkəmə araşdırmasına başlamışdılar. Fövqəladə Hallar Nazirliyinin eks-generallarına kələk gəlmiş hansısa dələduzlar qrupu mühakimə edilirdi. Onlar generallara... şabalıd alverinə girişməyi təklif etmiş, üst-üstə 3 milyon manatdan çox pulu əkişdirmişdilər. Normal halda məhkəmə ilk növbədə generallara sual verməli idi ki, sizdə 3 milyon hardandır, ikinci də “şabalıdın fövqəladə hallara nə dəxli” soruşmalıydı. Lakin ölkəmizdəki reallıqları bildiyimiz üçün, belə suallar da gözləmirik. Daha doğrusu, gözləyirik, amma yəqin indi tezdir. Vaxtilə elə həmin Kənd Təsərrüfatı Nazirliyi sayın Ramiz Mehdiyevin övrəti Qalina xanıma Novxanıdakı üzüm bağı üçün 5 min manat dotasiya ayıranda biz əvvəlcə gülmüş, sonra əlaqədar orqanlara sual göndərmişdik. Ki, doğrudanmı Ramiz müəllimin çaxır plantasiyasına dotasiya verməkdən başqa ciddi işiniz yoxdur? O zaman bizim suallara çürük şabalıd, daha dəqiqi qoz qoyan olmamışdı. İndi, maşallah, var. Gözləyək. İnşallah, şabalıdın əsl sahibinin də “divarı qurtaracaq”.

Hələliksə, bizə şabalıd lazım olanda 112-yə zəng edirik, gətirirlər. Dəm-dəsgahla, qırmızı maşında. Hələ istəsən yanğın yerində qovurub ünvana çatdırırlar. Aş bişirməyə də FHN-dən şabalıd alırıq. Kim Qəbələdə şabalıd ağacından düşə bilməsə, xilasedicilər dərhal özünü yetirir. Bundan gözəl nə ola bilər? Heç zad. Zeynəb xanımın oxuduğu əski şarkıdakı kimi: “Ye, iç, gül, oyna”. Üstəlik, şabalıd idarəmizin müdirinin yaxşı bəstələri də varmış, yəni tam komplektdə xalqa xidmət həyata keçirilir.

İndiki halda isə “Biləsuvarda otbiçmə festivalı”, “Göyçayda nar bayramı”, nə bilim, “Beyləqan quzusunun quyruğu” konfransı kimi gülməşəkər tədbirlərlə kənd təsərrüfatını dirçəltmək mümkün olmayacaq. Nazir heyvandarlıq vasksinlərinin kəndə çatdırılmasında artım olduğunu da açıqlayıb, ancaq biz reallıqda nə görürük? Dabaq olmuş inəklər, bağlanmış mal bazarları, müflis kəndlilər və monqol qoyun əti ilə Hindistan camışından basdırma.

Zaqatala-Balakən bölgəsində qəhvəyi mərmər bağacığı adlı şərəfsiz böcək hər yeri basmışdı, onun üzündən fındıq bağları məhsul verə bilmədi. Gələn Novruzda millət fındıq yerinə nə yeyəcək, bilinmir. Sən demə, təkcə bu bağacığın məhvi tədbirlərinə ötən il KTN-in xətti ilə 1 milyon manat ayrılıbmış. Yapışqanlı tələlər-filan rayonlara paylanıb. Ancaq gülünc odur ki, həmin tələləri... bağacıq olmayan rayonlara da veriblər.

Əlbəttə, profilaktika yaxşı işdir, barı tələyə nəsə düşsəydi. Zaqatala-Balakən tərəfdə camaat ağac-uğacı həmin yapışqan lentlərlə bəzəmişdi, sanarsan Yeni il şənliyinə hazırlaşırlar. Di gəl, həmin lentlərə 1 dənə də mərmər bağacığı yapışmırmış! Milçək, kəpənək, hörümçək, cücü, danadişi, qartal, rayonun deputatı - nə desən, kim desən yapışqanlı lentin üzərində tapılır, yeganə bağacıqdan başqa.

Hətta Balakəndə icra başçısı həmin fitotələyə yapışıb ələ keçdi, bağacıq yapışmadı. Prinsipcə, başçı daha çox ziyanverici idi, bunu da alqışlayırıq.

Tehsil-press.az

Oxşar xəbərlər