Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə BDU-nun rektoru Elçin Babayevlə görüşüb. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığın genişləndirilməsi, professor-müəllim heyəti və tələbələr üçün mübadilə proqramlarının yaradılması, həmçinin hüquq, iqtisadiyyat, beynəlxalq münasibətlər və informasiya texnologiyaları sahələrində birgə tədqiqat istiqamətləri müzakirə olunub. Rektor Elçin Babayev BDU-nun beynəlxalq əlaqələrinin gücləndirilməsinin vacibliyini qeyd edərək Şanxay Siyasi Elmlər və Hüquq Universiteti ilə əməkdaşlıq imkanlarını yüksək qiymətləndirib.
Daha sonra nümayəndə heyəti BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi və Hüquq fakültəsinin dekanları ilə görüş keçirib. Fakültə rəhbərləri ikili diplom proqramlarının hazırlanması, tələbə və müəllimlərin qısamüddətli mübadilə imkanları, birgə seminar və elmi konfransların təşkili kimi mövzular ətrafında müzakirələr aparıblar.
BDU-ya səfər edən nümayəndə heyətinə Şanxay Siyasi Elmlər və Hüquq Universitetinin prorektoru Pu Mutian, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Liu Xian, İntizam nəzarəti və audit ofisinin direktoru Ding Yongjian, İnformasiya texnologiyaları ofisinin direktoru Ni Yubin, həmçinin CNISCO – Şanxay Əməkdaşlıq Təşkilatı üzrə Beynəlxalq Mübadilə və Hüquqi Əməkdaşlıq Milli İnstitutunun sədr müavini Zhang Shaoying daxil idi.
Səfər iki universitet arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər açmaqla yanaşı, tərəflər arasında gələcək fəaliyyət planının hazırlanması barədə qarşılıqlı razılıqla yekunlaşıb.
Tehsil-press.az


