Milli Məclis mühüm qərarlar qəbul etdi:Bu ödənişlər artırıldı

Milli Məclis mühüm qərarlar qəbul etdi:Bu ödənişlər artırıldı Gələn ilin büdcə layihəsində dəyişiklik edilib, müdafiə xərcləri artırılır.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

Azər Əmiraslanov bildirib ki, yaranmış əlavə maliyyə ehtiyacının qarşılanması üçün, 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsində dəyişiklərin edilməsi təklif olunur: "Büdcənin ümumi parametrləri dəyişməz olaraq qalır. Bu dəyişiklər bir tərəfdən büdcə qaydasının tələblərini nəzərə alır, digər tərəfdən də növbəti ilin dövlət büdcəsinin və icmal büdcənin gəlir və xərcləri çərçivəsində nəzərdə tutulur. Müdafiə və milli təhlükəsizlik, hüquq mühafizə xərcləri üzrə bəzi maddələrin əlavə olaraq 47,8 milyon manat artırılması təklif olunur. Ərzaq və qida təhlükəsizliyi çərçivəsində, heyvanlar arasında yoluxucu xəstəliklərə və epizotiya əleyhinə peyvəndləmə işləri üçün əlavə 3 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Bəzi dövlət orqanlarının fəaliyyətinin təşkili və onların maddi texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı 1,2 milyon manat vəsaitə ehtiyac yaranıb.Sadaladığımız və cəmi 52 milyon manat təşkil edən bu xərclər dövlət büdcəsinin müvafiq ehtiyatları hesabına təmin olunacaq”.

***

Gələn il yanvarın 1-dən fərdi sahibkarların ödəməli olduqları məcburi dövlət sosial sığorta haqqı yeni qaydada hesablanacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının 15 faizindən az 100 faizindən çox olmamaq şərtilə, gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənəcək.

Xatırladaq ki, hazırda qüvvədə olan “Sosial sığorta haqqında” qanuna görə, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilirdi. Eyni zamanda bu regionlar üzrə müvafiq faiz tətbiq edilməklə tətbiq edilirdi. Başqa sözlə, bu göstərici Bakı şəhərində minimum aylıq əməkhaqqının 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında idi.

Dəyişikliyə əsasən, minimum aylıq əməkhaqqı 400 manat qəbul edildikdə sahibkarın aylıq gəliri 5 000 manatdırsa, sosial sığorta haqqı gəlirin 2 faizi – 100 manat təşkil edəcək.

Əgər gəlir 2 000 manatdırsa, 2% = 40 manat hesablanır, lakin bu məbləğ minimum hədd olan 60 manatdan az olduğuna görə sahibkar 60 manat ödəyəcək.

Əgər gəlir 25 000 manatdırsa, 2% = 500 manat olur, amma bu məbləğ maksimum hədd olan 400 manatı keçdiyinə görə sahibkar 400 manat ödəyəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


***

Gələn il yanvarın 1-dən fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqları dəyişir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, toy, şənlik və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növləri, eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxslər üçün sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 5 faizindən 8 faizinə qaldırılır.

Çəkməçi, pinəçi, bərbər, dərzi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq emalatxanalarının fəaliyyəti, həmçinin ev qulluqçuları, dayələr, fərdi sürücülər, bağbanlar, aşpazlar, gözətçilər, ofisiantlar və fərdi baytarlar üçün məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 3 faizindən 5 faizinə yüksəldilir.

Bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq sosial sığorta haqqının məbləğinə tətbiq edilən əmsallar isə hazırkı kimi qalacaq. Başqa sözlə, bu fiziki şəxslər üçün aylıq sosial sığorta haqqının məbləği əmsallar tətbiq edilməklə müəyyən olunur

2026-cı il yanvarın 1-dək aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunacaq:

Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;

Digər şəhər və rayonlarda – 1,0.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

***

Gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, aksiz dərəcəsi minik avtomobillərinin mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0,30 manat, mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat, mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manat, mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 70 manat olmaqla hesablanır. Mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə isə mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 15 manat, mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 20600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 40 manat, mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 80 manat aksiz dərəcəsi tətbiq edilir.

Hazırda idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi yuxarıda qeyd edilən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.

Layihəyə əsasən, 2026-cı il yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,5, dizel mühərrikli minik avtomobillərinə isə 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.


***

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə ki, mövcud qanunvericilikdə fiziki şəxslərin mənzil kirayə verilməsindən əldə olunan gəlirdən 14% verginin ödənilməsi nəzərdə tutulurdusa, yeni dəyişikliklərdə bu hədd 10%-ə endirilir.

Kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 10 faiz dərəcə ilə vergini ödəyəcək və vergi uçotuna alınıb bəyannamə verəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


***


Gələn ildən mülkiyyətində olan kənd təsərrüfatı torpaqlarından istifadə edən fiziki şəxslər üçün yeni sosial sığorta haqları müəyyənləşir.


Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi

olan uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan

şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri

üzrə hesablanacaq:

5 hektaradək olduqda – 5 faiz miqdarında;

5 hektardan 10 hektaradək olduqda – 7,5 faiz miqdarında;

10 hektardan yuxarı olduqda – 12,5 faiz miqdarında;

Qeyd edək ki, hazırda mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi olan uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

5 hektaradək olduqda – 2 faiz miqdarında;

5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında;

10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında;

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

***

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” təklif edilən dəyişiklikdə əksini tapıb.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq. Fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəd mobil cihaz aksizdən azad olunacaq.

“Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə fiziki şəxslər tərəfindən bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsum alınacaq.

Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

***

“ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə də şamil olunacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Tehsil-press.az

Oxşar xəbərlər