İlham Əliyev Qarabağı necə azad etdi?

İlham Əliyev Qarabağı necə azad etdi? 2000-ci il. İlham Əliyevi hakimiyyətin zirvəsində görmək istəyən partiyasında, siyasi tərəfdarları arasında və cəmiyyətdə müzakirələr başlayıb. “Bu gün” qəzetində işləyirəm, daha çox siyasətçilərdən müsahibələr alıram. Müsahiblərimin əksəriyyəti ilə söhbətlərimizdə əsas mövzulardan biri məhz budur. Siyasətçilər, jurnalistlər də daxil cəmiyyətin müxtəlif kəsimləri Dövlət Neft Şirkətinin 39 yaşlı vitse-prezidentinin Heydər Əliyevin siyasi varisi ola biləcəyini müzakirə edirlər. Onu tanıyanlar şəxsi keyfiyyətlərini belə xarakterizə edirlər: “Prinsipial, riskləri sevən, açıq fikirli və çox hazırlıqlı adam”...
Bu söhbətlər düz 21 il əvvəl olub. Və bundan 3 il sonra İlham Əliyev xalqın ona verdiyi mandatla hakimiyyətin zirvəsində idi.
O, klassik MDB liderlərindən deyildi. Qərb nomenklatura daşıyıcısı olmayan, həm də heç bir halda diktə qəbul etməyən, bütün qlobal oyunçularla maraqla və sərbəst oynaya bilən yeni siyasi lideri izləyirdi. İlham Əliyevlə klassik liderlər kimi davranmaq olmurdu, amma ona yeni nəsil, öz yetişdirdiklərindən biri kimi də baxa, diqtə edə bilmirdilər. Rəngli inqilab ssenarisindəki oyunçular çox tezliklə aşkar edildi. Az sonra bu ssenarinin müxalifətdəki və ictimai sferadakı dəstəkçilərinin əksəriyyəti onun tərəfdarları idilər...
Və İlham Əliyev başladı. O, işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı öz üslubu və xətti ilə yeni mərhələ başlatdı.
Qarabağ üçün iqtisadi inkişaf
Cənab Əliyev əvvəlcə iqtisadi sabitlik və inkişaf təminatı yaratdı. Azərbaycanın milli sərvəti olan neft kapitalını insan kapitalına çevirməyə başladı.
Hərbi sənayeni gücləndirdi. Bununla bağlı səslənən tənqidlərə, hazırlanan hesabatlara əhəmiyyət vermədi. İlham Əliyev regionun ən güclü ordusunu qurdu və onu hərbi-texniki baxımdan mobilizasiya etdi. Faktiki olaraq bu yöndə üzləşdiyi təzyiqlərin hamısını şəxsən özü dəf etdi.
Torpaqların azad edilməsi üçün lazım olan infrastrukturu addım-addım qurdu. O, Azərbaycanın peykini orbitə buraxdı, “nə ehtiyac var, harada lazım olacaq, niyə bu qədər pul xərclənir” deyib, tənqid elədilər. Ölkənin bütün bölgələrində aeroportlar qurdu, mobil, təchizatlı xəstəxanalar yaratdı. Və bir gün müharibə başlayanda biz bütün bunları nəyə lazım olduğunu anladıq. Məcburi köçkün olan yüz minlərlə vətəndaşı çadırlardan işıqlı evlərə daşıdı, amma hər dəfə onların özünə də “Qarabağa qayıdacağıq” dedi.
Azərbaycanı beynəlxalq maraqları təmin edən transmilli layihələrə qoşdu. Sabitliyin qarantı olub, böyük layihələri, beynəlxalq brendləri ölkəyə gətirdi. Burda sabitliyin və inkişafın olmasını təkcə Azərbaycan xalqının deyil, həm də regionun və qlobal güclərin marağına çevirdi. Burda böyük layihələri olan transmilli korporasiyalar, beynəlxalq tədbirlər keçirən brendlər ölkəni, eyni zamanda burdakı multikultural dəyərləri, həm də Qarabağ problemini tanıdı.
Hər gün Qarabağ

İlham Əliyev Qarabağı necə azad etdi?

İlham Əliyev Azərbaycan ictimai rəyini bir gün belə Qarabağsız qoymadı. Vətən Müharibəsində özü etiraf edəcəkdi ki, prezidentliyi dövründə Qarabağ problemi ilə məşğul olmadığı bir gün belə olmayıb.
Bayramda, hüzn günündə, hər qəbul etdiyi qonaqla, hər rayonda keçirdiyi görüşdə Qarabağdan danışdı, Ermənistana mesaj göndərdi. Azərbaycanı Qarabağsız qoymaq istəyənlərə xəbərdarlıq etdi. Və ən başlıcası, İlham Əliyevin hakimiyyəti dövründə işğalçılar bizim torpağımızda sakit yaşaya, məskunlaşa, o torpağı özününküləşdirə bilmədilər. Buna imkan vermədi, daim rahatlıqları pozuldu. Və bununla bağlı xarici tənqidlərə cavabı da çox qısa oldu: “Erməni əsgərinin Azərbaycan torpağında nə işi var ki, orda da ölsün?”
O, ad günlərini məcburi köçkünlərlə qeyd etdi. Hər gün “Qarabağ Azərbaycandır” dedi, ölkəyə gələn hamıya, istisnasız olaraq hamıya Qarabağdan danışdı, getdiyi hər yerdə Qarabağ dedi.
Bunu açıq etiraf etmək lazımdır ki, hakimiyyət və onun ideoloji sistemi istəsəydi, Qarabağ problemi çoxdan unudula bilərdi. Dünyada buna aid çoxlu analogiya var. Belə problemlərin olduğu bölgələrin əksərində de-yure problem olsa da, de-fakto unudulub. Yəni problem, ərazi mənsubiyyəti həll edilməyib, amma o ərazinin yeni nəsil sakinləri artıq ora özlərininki kimi baxmırlar, işğalı qəbullanıblar, barışıblar və hətta qarşı tərəflə sıx əlaqələr də qurublar.
Azərbaycanda isə uzun, yorucu danışıqlar davam etdirildi, siyasi lider, Ali Baş Komandan hər gün Qarabağ dedi. İlham Əliyev bir çıxışında belə Qarabağdan ümidsiz danışmadı. İkili standartların ən sərt vaxtında, Azərbaycanı daxili mübahisələrə çəkib, işğalı unutdurmaq istəyəndə Əliyev böyük güclərə də, xalqa da “biz ora qayıdacağıq”, “Biz Qarabağı yenidən quracağıq” dedi. On illərlə məcburi köçkün ailələrinə büdcədən milyonlarla manat güzəştlər tətbiq edildi, amma o status qaldırılmadı. Çünki o statusun özü bizi o torpaqlara çağırırdı. O statusun özü hər dəfə yeri-yurdu, Qarabağı xatırladırdı. Media, parlament, bütövlükdə ideoloji sistem üçün Qarabağ olmazsa olmaz oldu. İlham Əliyev yüz minləri Qarabağ üçün ölkənin bütün bölgələrində küçəyə çıxıb “Ali Baş Komandan, silah ver bizə” vəziyyətinə belə gətirdi. Prezident Əliyev Qarabağı görməyən gəncləri belə yetişdirib, onlara Komandanlıq edərək, Qarabağı azad etdi.
Azərbaycanda hakimiyyət üçün də xarici təzyiqlərin pik həddə çatdığı vaxtlar olub. 20 ildən artıqdır ki, bu mətbəxin içindəyəm. Bəzən elə hadisələr olub ki, “bundan çıxış yolu varmı” deyib düşünmüşəm, cavab tapa bilməmişəm. İlham Əliyev o hadisələrin hamısından şahmat taxtasında qarşısındakını heyrətləndirən usta gedişlə manevr edib və çıxıb. Bu öz yerində...
Amma hakimiyyəti üçün çətin olan heç bir məqamda xalqı harasa çağırmayıb, onu seçən adamlardan özü və hakimiyyəti üçün dəstək istəməyib. Bu illər ərzində İlham Əliyevin cəmi bircə dəfə xalqı çağırdığını müşahidə elədik. O da hərbi komissarlıqlara və Qarabağ üçün.
Beynəlxalq maraqlar Qarabağ naminə
Cənab Əliyevin bütün hakimiyyəti boyu Azərbaycan xarici siyasətinin bir prioriteti olub, o da Qarabağ münaqişəsi və onun həlli üçün çalışmaq.
Prezident dostlarını da, düşmənlərini də Qarabağa görə bəlirləyib.
XXI əsrdə müharibə aparmaq, açığı, heç bir siyasi analitikin təhlilində görünmürdü. Xalq bu müharibəyə hazır idi, səbəbləri də bəllidi. Amma biz dünyadan təcrid olunmamışdıq. Bu böyük dünyanın bəlkə də ən ağır reallığı budur ki, bölgəndəki kiçik bir dövlətin belə maraqlarını düşünmədən var olmaq mümkünsüzdü. Müharibə dövründə və ondan sonra siyasi və iqtisadi təzyiqlərə məruz qalmamaq üçün beynəlxalq maraqları uzlaşdırmaq lazım idi. Azərbaycan lideri o maraqların hamısının eyni vaxtda, eyni məkanda üst-üstə düşməsi üçün illərlə iş aparmışdı.
Məhz o siyasi ustalığın nəticəsi idi ki, illər əvvəl bizi “müharibə etmək arzusuna görə” qınayanlar “Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmə haqqını” tanıyırdılar.
Təkcə Lələtəpənin azadlığı ilə nəticələnən şanlı aprel döyüşləri Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb olmuşdu. Onda yalnız Ermənistanda hakimiyyət dəyişməmişdi, erməni xalqı yeni mərhələyə adlamışdı. Ermənistana təsir imkanı olan güclərin faiz nisbəti və adları dəyişmişdi...
... Və Vətən müharibəsi
Ali Baş Komandan xalqı ayaqda, ordusu mobil və hərbi təminatlı, iqtisadi və hərbi infrastrukturu yerində, maraqları uzlaşdırdığı vaxt döyüşə başladı və qələbə qazandı.
Azərbaycan dünyaya yeni nəsil müharibənin ilk örnəyini göstərdi.
Azərbaycan Şuşa döyüşü ilə vətənpərvər yetişdirilən nəslin nəyə qadir olduğunu nümayiş etdirdi.
İlham Əliyev Baş Qərargah rəisi olmadan döyüş aparmağın və qalib gəlməyin mümkünlüyünü göstərdi. Yetər ki, onun kimi Ali Baş Komandan olsun.
Cənab Əliyev diplomatik gedişləri ilə XXI əsrdə döyüşlə azad olunan ərazidən daha çoxunun bir güllə atmadan, itki vermədən azad etməyin mümkünlüyünü göstərdi.
İlham Əliyev cəmi 44 gündə verdiyi onlarla müsahibəsi ilə dünyaya xalqını və özünü yenidən təqdim etməyin yolunu və mümkünlüyünü göstərdi.
... Və postmüharibə dövrü

İlham Əliyev Qarabağı necə azad etdi?

İlham Əliyev müharibədən dərhal sonra söz verdiyi quruculuq işlərinə başladı.
Qarabağa və işğaldan azad edilmiş bütün ərazilərə səfər etdi. Bu ərazilərdə yeni infrastruktur, “ağıllı kəndlər” qurulmağa başladı. Bütün şəhərlərin və ərazinin baş planı hazırlandı. Bölgəyə xarici investisiya cəlb edildi.
Yeni aeroport, yol tikintisi başladı, mədəniyyət paytaxtı elan etdiyi Şuşada böyük quruculuq işləri gedir, bizi Şuşaya aparan Zəfər yolu açıldı. İşğaldan azad olunmuş bölgələrimizdə işığımız yanır, suyumuz gəlir, yolumuz çəkilir.
Şəhid ailələrinə, qazilərə yeni müavinətlər təyin olundu, müharibə iştirakçıları orden-medallarla təltif edildi.
Qarabağa mədəni qayıdışımızı dünyaya səs salan “Xarıbülbül” festivalı ilə qeyd etdi. Hər rayona, hər şəhərə ziyalılarla getdi. Qələbəmizi xalqla qeyd etdi, yeni Qarabağı necə görməyi o yerlərin öz adamları ilə məsləhətləşdi.
Yüzlərlə qazi müalicə edilir, reabilitasiya keçir.
Azərbaycan itirilmiş vaxtının, dağıdılmış yurdunun hüquqi haqq-hesabını beynəlxalq məhkəmədə çəkmək üçün sürəc başladıb.İlham Əliyev hər çıxışında Qərbi Zəngəzur deyir, tarixi Azərbaycan torpaqlarını birləşdirir, Naxçıvan blokadadan qurtarır, dəhliz yaradır.
Problemlər tamamilə bitibmi? Əlbəttə, yox.
İşğaldan azad olunmuş əraziləri ilə bütövləşmiş Azərbaycan yeni və adekvat bir mərhələyə adlamalıdır. Bunun üçün çevik məmur korpusu, bürokratiyadan uzaq yerli idarəçilik, şəffaf münasibətlər sistemi mövcud olmalıdır. Ağır və çətin prosesdir. Amma inam bircə Onadır. İlham Əliyev edəcək!
***
Həmişə o fikirdəyəm ki, tarix İlham Əliyevə, onun Vətən Müharibəsindəki liderliyinə daha böyük qiymət verəcək. Çünki o, Azərbaycanın və türk dünyasının tarixində təkcə bir ölkənin dövlət başçısı kimi qalmayacaq. O, bu coğrafiyada yeni mərhələ yaradan, bizim üçün məğlub tarixin yazılışını dayandırıb, qalibiyyət yazan Adamdı.
Ona görə də işğaldan azad etdiyi torpaqlara səfərləri, Xudafərinə baş çəkib Arazın sularında əlini yuması da anlamlıydı, Şuşada Cıdır düzündə dəmir yumruğunu havaya qaldırıb “Qarabağ Azərbaycandır” deməsi də, Zəngilanda Xan Çinarı qucaqlaması da, Bakıda Zəfər Paradında qalib Ordusunu qəbul etməsi də...
***
Vətən Müharibəsi dövründə amerikalı jurnalistin sualına elə Amerikanın siyasi tarixindəki faktlarla cavab verən Prezidentə arqument tapmayan jurnalistin etirafı xoşuma gəlmişdi: “Siz Amerika siyasətini çox yaxşı bilirsiniz”. Prezidentin replikası isə əlaydı: “Mən hazırlıqlı adamam”...

Tehsil-press.az

Oxşar xəbərlər