“Mehdinin Xidmətçiləri Birliyi” əslində kimə xidmət edir? - TƏHLİL

“Mehdinin Xidmətçiləri Birliyi” əslində kimə xidmət edir? - TƏHLİL Avqustun 4-də özlərini “Mehdinin Xidmətçiləri Birliyi” (The Mahdi Servants Union) kimi təqdim edən radikal qruplaşma üzvləri Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin binasına hücum edərək binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndirdilər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri saxlanılsa da, insident özündən sonra cavabsız bir çox suallar qoydu. Amma suallara cavab verməzdən öncə, “Mehdinin Xidmətçiləri Birliyi”nin tarixinə nəzərə salmaq lazımdır. Təşkilatın başında qalmaqallı Yasir Əl-Həbib adlı şəxs dayanır. Özünü şiə dini xadimi kimi təqdim etsə də, nüfuzlu şiə üləmaları Əl-Həbibi din xadimi olaraq tanımaqdan imtina edir.
O, 1979-cu il yanvarın 20-də Küveytdə anadan olub və Küveyt Universitetində siyasi elmlər üzrə təhsil alıb. Bundan başqa, İranın Qum şəhərində nüfuzlu Ayətullah Sadiq əl-Şirazidən dini dərslər alıb. Onun radikal dini görüşlərinin məhz bu zaman formalaşdığı məlumdur.
2001-ci ildə Küveytdə “Mehdinin Xidmətçiləri Birliyi” adlı təşkilat yaradan Əl-Həbib sünni məzhəbi ilə bağlı sərt çıxışlar edir. O, Məhəmməd peyğəmbərdən sonra xəlifəlik etmiş Əbu Bəkr, Ömər və Osman barədə, peyğəmbərin həyat yoldaşı Aişə ilə bağlı kobud, bir sıra hallarda isə təhqiramiz ifadələrə yol verir. Bununla da nüfuzlu din xadimlərinin qəzəbinə tuş gəlir.
Yasir Əl-Həbibin özünü Britaniyada komfortda hiss etdiyini tam əsasla söyləmək olar
2003-cü ilin noyabrında qapalı dini məkanlardan birində auditoriya qarşısında çıxışı zamanı Məhəmməd peyğəmbərin əshabələri barədə səsləndirdiyi fikirlərə görə, o, Küveyt təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmış, 2004-cü ildə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan həbs müddəti milli bayramla bağlı azaldıldıqdan sonra Yasir Əl-Həbib Küveytdən qaçmışdı. Bir müddət İran və İraqda yaşadıqdan sonra ona Böyük Britaniyada siyasi sığınacaq verilir.
Məhz Londonda “Mehdinin Xidmətçiləri Birliyi”nin fəaliyyəti üçün münbit şərait yaranır. “Birliyin” və onun rəhbəri Yasir Əl-Həbibin özünü Böyük Britaniyada komfortda hiss etdiyini tam əsasla söyləmək olar.
Bundan başqa, təşkilatın ciddi maliyyə dəstəyinin olduğu da göz önündədir. Belə ki, 2013-cü ildə dini sektanın üzvləri Bukingemşir qraflığının Fulmer şəhərində 1,2 milyon funt sterlinqə keçmiş kilsəni alaraq onu Əl Muhassin məscidinə çeviriblər.
Paralel olaraq, onların 15 milyon dollara maliyyələşdirdikləri və Məhəmməd peyğəmbərin qızı Fatiməyə həsr etdikləri “Cənnətin Xanımı” (The Lady of Heaven) filmi böyük qalmaqal yaradır. Yasir Əl-Həbibin ssenarisi əsasında çəkilən film peyğəmbərin ailəsi barədə məlumatları təhrif olunmuş formada təqdim etdiyi üçün ciddi etirazla qarşılandı. Britaniya müsəlmanlarının etirazları və təhlükəsizlik faktorları fonunda filmin kinoteatrlarda nümayişi qadağan olunur.
Göründüyü kimi, “Mehdinin Xidmətçiləri Birliyi” heç bir müsəlman ölkəsi və nüfuzlu din xadimləri tərəfindən tanınmayan radikal və təxribatçı qrup kimi fəaliyyət göstərir. Bir neçə yüz tərəfdarı olan bu marjinal qrup geosiyasi və regional gərginlik yaratmağa çalışan müəyyən siyasi dairələrin əlində vasitəyə çevrilib.
Hücumun vaxtını təsadüfi saymaq olmaz
Azərbaycanın Londondakı səfirliyinə təşkil edilən dünənki hücum da məhz bu məqsədlərə xidmət edirdi. Hücumun zamanlamasını da təsadüfi saymaq olmaz.
Londondakı səfirlik binasına hücum Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazidə yerləşən qanunsuz erməni silahlı dəstələrinin Ordumuza qarşı təxribatı fonunda, eyni zamanda, avqustun 8-də baş tutacaq “Aşura” mərasimi öncəsi baş tutdu və onlar bundan əlavə gərginlik yaratmaq üçün istifadə etdilər. Habelə, bu hadisənin iyulun 18-də Azərbaycanla Avropa İttifaqı arasında enerji üzrə Anlaşma Memorandumunun imzalanmasından az sonra baş verməsi də diqqətdən yayınmır.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Anlaşma Memorandumunu imzalayan Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Azərbaycanı Avropanın təchizat təhlükəsizliyi və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş adlandırmış və sazişin əhəmiyyətini dəyərləndirmişdi.
Görünür, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında yaxın illərdə aparıcı rola sahib olması reallığı da Yasir Əl-Həbibin sifarişini icra etdiyi mərkəzi narahat edən məqamlardan biri idi.
“Mehdinin Xidmətçiləri Birliyi” Azərbaycanın dünyəvi ölkə obrazına xələl gətirməyə cəhd edib
“Mehdinin Xidmətçiləri Birliyi”nin kuratorları bu aksiya ilə həmçinin, Azərbaycanın dünyəvi ölkə obrazına xələl gətirməyə, ölkədə dini inanclı insanların təqib olunması, dini mərasimlərin məhdudlaşdırılması barədə yanlış təsəvvür yaratmağa cəhd ediblər. Sirr deyil ki, Azərbaycanın dünyəvi quruluşa malik, dinin dövlətdən ayrıldığı, bununla belə əhalisinin böyük əksəriyyətinin islam dininə sitayiş etdiyi unitar dövlətdir. Ölkəmizdə müasirlik, dünyəviliklə dininin uğurlu vəhdət təşkil etməsi, islam sivilizasiyasına mənsub olmaqla yanaşı, özündə ümumbəşəri, sivil, dünyəvi, tolerant və multikultural dəyərləri yaşatması heç də hamının xoşuna gəlməyib.
Məhz buna görə təxribatçı hücum Avropanın əsas siyasi və maliyyə mərkəzlərindən birində, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin yerləşdiyi Londonda baş tutdu.
Aparıcı Qərb mediası bu ucuz təxribatı əsasən “iqnor” etdi
Məqsəd çirkin aksiya vasitəsilə dünya mediasının diqqətini cəlb etmək, Azərbaycanın illərlə nümayiş etdirdiyi və dünyanın əksər ölkələrinə nümunə olan multikultural imicinə xələl gətirmək idi. Amma aparıcı Qərb mediası bu ucuz təxribatı əsasən “iqnor” etdi.
Qeyd olunmalıdır ki, dini zəmində aparılan “qara piar” aksiyası üçün Azərbaycanın daxilində radikal təbliğatın güdazına gedən, məkrli planlar üçün alətə çevrildiklərini anlamayan azsaylı qruplardan da istifadə olunur. Həmin qruplar mərkəzin tapşırığını yerinə yetirərək ölkə daxilində süni şəkildə dini zəmində ajiotaj yaradaraq, ayrı-ayrı hadisələri sistemli təqib kimi təqdim edir, sosial şəbəkələrdə müxtəlif səpkili videolar paylaşırlar.
Həmin videolar, “təqib”lər sayəsində təxribatlar üçün müvafiq fon yaradılır və bundan sonra hadisələrə həmin radikalların xaricdəki himayədarları daxil olur.
Londondakı insidentlərin xronologiyasına nəzər saldıqda son bir neçə gün ərzində analoji texnologiyalardan istifadə olunduğu, hadisədən öncə sosial şəbəkələrdə dindarların guya sıxışdırılması, məhdudiyyətlərlə üzləşməsi barədə videolar paylaşılırdı.
Digər yandan, Böyük Britaniya hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi və ciddi nöqsanları da göz önündədir. Çünki beynəlxalq hüquqa əsasən, səfirliyin ərazisinin təhlükəsizliyini onun yerləşdiyi ölkə təmin etməlidir. Bu, 1961-ci ildə qəbul edilmiş və diplomatik nümayəndəliklərin fəaliyyət reqlamentini müəyyənləşdirən Vyana konvensiyasının 22.2-ci maddəsində qeyd olunub:
“Yerləşmə dövlətin üzərinə nümayəndəlik binalarının hər cür hücumlar və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görməklə bağlı xüsusi öhdəlik düşür”.
Böyük Britaniya üzərinə düşən xüsusi öhdəliyi yerinə yetirə bilməyib
Göründüyü kimi, Böyük Britaniya üzərinə düşən xüsusi öhdəliyi yerinə yetirə bilməyib. Rusiya-Ukrayna müharibəsinin başlanmasından öncə, hərbi əməliyyatların başlanma tarixi ilə bağlı dəqiq proqnoz verən, müharibənin gedişatı, Rusiya ordusunun itkiləri və yerdəyişmələri barədə cəmiyyətə müfəssəl informasiya verən Britaniya kəşfiyyatının ölkənin ürəyində, Londonda onlarla insanın iştirak etdiyi hücum planının qarşısını öncədən ala bilməməsi də təəccüblü məqam sayılmalıdır.
Halbuki rəsmi London diplomatik korpuslarla bağlı bundan əvvəlki xoşagəlməz insidentlərdən nəticə çıxara bilərdi. Məsələn, 2018-ci il martın 10-da qruplaşma üzvləri Ayətullah Sadiq Şirazinin oğlu Ayətullah Hüseyn Şirazinin İran rəhbərliyini hədəfə alan tənqidi çıxışından sonra saxlanılmasına etiraz olaraq İranın Londondakı səfirliyinin birinci mərtəbəsinin eyvanına çıxaraq İran bayrağını öz qruplarının bayrağı ilə əvəz etmişdilər. Bu zaman onların üzərilərində soyuq silah da var idi.
Bu xüsusda Azərbaycan Xarici İşlər Nazirliyinin Britaniyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilinə etiraz bildirməsi, belə halların bir daha təkrarlanmayacağına dair qarşı tərəfdən zəmanət tələb etməsi təbii görünür.
Amma Azərbaycan dövlətinə qarşı planlaşdırılan çirkin təxribat və “qara piar” aksiyası mahiyyət etibarı ilə tam fiaskoya uğradı. Londondakı səfirlik binasına hücum Azərbaycan cəmiyyətinin bütün təbəqələrində, o cümlədən dindar insanlar tərəfindən ikrah hissi ilə qarşılandı. Təxribat Azərbaycanda dünyəvi və dini görüşlü vətəndaşlar arasında birliyin olduğunu, ölkə insanlarının ilk növbədə dövlətçilik ənənələrinə sadiq olduğunu nümayiş etdirdi.

Tehsil-press.az


Oxşar xəbərlər