UFAZ tələbələri Fransada “ActInSpace” hakatonunun beynəlxalq finalının qalibi seçilib

UFAZ tələbələri Fransada “ActInSpace” hakatonunun beynəlxalq finalının qalibi seçilib Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri Fransada keçirilən “ActInSpace” hakatonunun beynəlxalq finalının qalibi seçilib.
“ActInSpace 2022” Azərbaycan hakatonunun qalibi olan UFAZ-ın “Nexus” komandası Fransanın Kann şəhərində keçirilən “ActInSpace” beynəlxalq finalında 1-ci yeri qazanıb.
UFAZ tələbələri Ömər Nuruzadə, Emin Xəlifəyev, Gülər İsmayılova, Sənan Çaharkama və Araz Şəfiyevin təmsil olunduğu “Nexus” komandası yanacaq sərfiyyatının səmərəliliyi və karbon emissiyalarını azaltmaq üçün uçuş trayektoriyalarını optimallaşdıran həll təklif edib. Qaliblər “Airbus 310 Zero G” Qran-Pri mükafatını - çəkisizlik şəraitində uçuş imkanı əldə edib.
Bundan əlavə, “Nexus” komandası finaldan əvvəl Avropa İttifaqı Kosmik Proqramlar Agentliyinin (EUSPA) xüsusi mükafatını qazanıb. EUSPA mükafatı sabahın innovatorlarını bərpaolunan enerji mənbələrinə keçidi dəstəkləyən və ya enerji səmərəliliyi və qənaətini yaxşılaşdıra biləcək məhsul və xidmətləri inkişaf etdirməyə çağırır.
“ActInSpace” Fransa Milli Kosmik Araşdırmalar Mərkəzi (CNES) və Avropa Kosmik Agentliyi (ESA) tərəfindən təşkil olunan kosmik texnologiyaların cəmiyyət üçün istifadəsini nəzərdə tutan beynəlxalq hakatondur. Ümumilikdə, bu il yarışmada 35 ölkənin 66 şəhərini təmsil edən komandalar iştirak edib.

Tehsil-press.az




Oxşar xəbərlər