Müharibə yellərini kim əsdirir?

Müharibə yellərini kim əsdirir? Ermənistan bölgədəki vəziyyəti mümkün qədər gərginləşdirmək, yekun sülh sazişinin imzalanmasından yayınmaq, hazırda rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi areala beynəlxalq silahlı kontingentin yeridilməsinə nail olmaq və Zəngəzur dəhlizinin açılmasına imkan verməmək üçün Rusiya ilə yeni oyuna başlayıb. Oyun bəsit və primitiv olsa da, təhlükəlidir.
Ermənistan parlamentinin spikeri Alen Simonyan Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinin həbs edilməsi ilə bağlı paradoksal və bir qədər absurd qərarını şərh edib.
BCM-in fəaliyyəti ilə bağlı Roma statutunu imzalamış ölkələr arasında yer aldığı üçün Ermənistanın Konstitusiya Məhkəməsi sözügedən qərarı müzakirə etməli və mövqeyini bəyan etməlidir.
Ermənilərin Konstitusiya Məhkəməsi qərarı təsdiqləyərsə, V.Putin İrəvana rəsmi səfər etdiyi zaman RF-nin dövlət başçısı Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən saxlanmalı və Haaqaya ekstradisiya olunmalıdr.
Hipotetik olaraq belədir, çünki İrəvan imzaladığı və ratifikasiya etdiyi Roma statutuna əməl etməlidir.
Yox əgər Ermənistanın Konstitusiya Məhkəməsi BCM-nin qərarını təsdiqləməzsə, onda rəsmi İrəvan imzaladığı Roma statunun şərtlərinə qarşı çıxmalı olacaq.
Aralıq və ya optimal variant kimi Ermənistan da Roma statusunu imzalayan, lakin Rusiya ilə münasibətləri pozmaq istəməyib BCM-nin sırf siyasi sifariş əsasında qəbul edilmiş qərarını kağız üzərində "icra" edəcək ölkələr kimi Moskvaya təminat verə bilər.
Yəni V.Putinin Ermənistana səfərindən öncə Ermənistan Moskvaya təminat verəcək ki, Rusiyanın dövlət başçısına qarşı İrəvanda hər hansı ekstraordinar addım atılmayacaq.
Bütün bunlar hüquqi oyunlardır - önəmli olan A.Simonyanın Rusiya prezidenti ilə bağlı jurnalistlərin suallarını birbaşa, dərhal cavablamaqdan yayınmasıdır.
"Düzünü desəm, mənim üçün də qəribədir. Başqa ölkənin dövlət başçısının iştirak etdiyi tədbirlə bağlı hansısa ölkə nə etməlidir - hələ bilmirəm, söyləməyə çətinlik çəkirəm", - A.Simonyanın cavabı belə olub.
Ermənistan parlamentinin spikerinin müəmmalı, tərəddüdlü və laübəli cavabına təəccüblənməyə dəyməz. Onun açıqlamaları ermənilərin XİN başçısı Ararat Mirzoyanın Moskvaya səfərindən və bu səfər zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sərt açıqlamalarından sonra yaranmış "afterşok effekti" sayıla bilər, sayılmalıdır da.
Sergey Lavrov danışıqlardan və müzakirələrdən sonrakı brifinqdə səbrli davrandı. Lakin brifinqin 30-cu dəqiqəsində səbr kasası daşan RF XİN başçısı Ermənistana aşkar şəkildə Moskvanın xəbərdarlığını ünvanladı: "Qərblə dialoq istəyirsinizsə, bizi unudun!".
S.Lavrovun dediyinə görə, Qarabağdakı ermənilərin hüquqları və haqları, o cümlədən, təhlükəsizliyi qarabağlı ermənilərlə rəsmi Bakı arasında aparılan birbaşa, vasitəçilərsiz danışıqlarda müəyyənləşməlidir.
"Mənim fikrimi bilmək istəyirsinizsə, ən yeni tarixdəki presedentlərə nəzər salsaq, elə həmin Ukrayna ilə Minsk anlaşmalarında belə məsələ vardı. Yəni Ukraynanın şərqindəki sakinlərin hüquqları Minsk razılaşmaları ilə müəyyənləşmişdi. Doğma dil hüququ, bu dildə tədris, dildən istifadə azadlığı, dinin qorunması, yerli özünüidarə hüququ, soydaşlarla iqtisadi, ticari və mədəni əlaqələr azadlığı...
Təxminən belə hüquqlar on il əvvəl Belqradla Priştina arasında Kosovoda serb bələdiyyələr icması barədə imzalanmış anlaşmada da nəzərdə tutulmuşdu: dil, yerli özünüidarəetmə, təhsil, mədəniyyət, din, Serbiya ilə xüsusi iqtisadi əlaqələr...
Düşünürəm ki, qarabağlı ermənilər üçün də belə hüquqlar gərəkdir. Danışıqlarda mütləq şəkildə 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanatın şərtləri və 1991-ci ildə Azərbaycanla Ermənistan liderləri arasında imzalanmış Alma-Ata bəyannaməsi nəzərə adınmalıdır. Bunları gerçəkləşdirmək, göründüyü kimi, çətin deyil. Hər şey anlaşmanın reallaşmasının asılı olduğu tərəfin davranışının nə qədər ləyaqətli olacağından asılıdır", - Sergey Lavrov deyib.
Qarabağlı ermənilərin indiki vəziyyətini əvvəl Ukraynanın şərqindəki Donbas, sonra isə Kosovo sakinləri ilə müqayisə edən S.Lavrov qarabağlı ermənilərin "milli müqəddəratı təyin etmək hüququ" iddialarının artıq tarixin zibilliyinə atılması gərəkdiyinə, habelə, Donbasla Kosovonu xatırlatmaqla bir zamanlar Avropa İttifaqı, ABŞ, Fransa və digər ölkələrlə strukturların verdiyi vədlərin heç birinə sonradan əməl etmədiklərini, şirnikləndirdikləri ölkələri aldatmalarına da işarə vurub.
"Hər şey anlaşmanın reallaşmasının asılı olduğu tərəfin davranışının nə qədər ləyaqətli olacağından asılıdır" cümləsi isə ümumiyyətlə, rəsmi İrəvanın aşağılanması ilə yanaşı, baş nazir Nikol Paşinyana ultimatumdur. Rusiyanın XİN başçısı bu minvalla İrəvanın nəzərinə çatdırır ki, həm üçtərəfli bəyannamənin şərtlərini, həm də 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra əldə olunmuş bütün (!) razılaşmalarla anlaşmaları pozan tərəf Ermənistandır.
Məhz Ermənistan rəhbərliyinin ləyaqətsiz davranışı bölgədəki situasiyanın ifrat dərəcədə gərginləşməsinə səbəb olub.
Görünən budur ki, Rusiya indi Azərbaycanla Ermənistanı "3+3" formatında danışıqlar aparmağa sövq etməyə çalışır.
Məqsəd Qərbin prosesə müdaxiləsinə əsla imkan verməməkdir.
Təsadüfi deyil ki, rəsmi Moskva kollektiv Qərbi Rusiya ilə Ermənistan arasında münasibətləri pozmağa, "Cənubi Qafqaz regionunda reyder hücumları ilə məşğul olmaqda, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında təşəbbüsü ələ alaraq Rusiyanı ümumiyyətlə prosesdən kənarlaşdırmağa çalışmaq"da suçlayıb.
Bu zaman S.Lavrov ABŞ, Avropa İttifaqı və NATO-nu bölgədə Moskvanı "gözdən salaraq zəiflətməyə can atmaq"da da ittiham edib: "Cənubi Qafqazda Rusiyanın Qərblə əməkdaşlığından söhbət belə gedə bilməz. Çünki Qərbə inam yoxdur".
Moskvanın yaxın perspektivə hesablanmış planları artıq aydındır: Rusiya Cənubi Qafqaz regionunda kollektiv Qərblə əməkdaşlıq ideyasını ümumiyyətlə rədd etməklə yanaşı, belə tərəfdaşlığa və təmaslara zərurət də görmür.
Bəyanatlar Qərbə yönəlsə də, digər əsas ünvan Ermənistandır.
Rusiya indi Ermənistanın aşkar Qərbə meyilli siyasət yürütdüyünü gördüyündən İrəvanı təsir orbitindən buraxmamaqla yanaşı, Qərbi də inandırmağa çalışır ki, Moskvanın bilavasitə iştirakı olmadan Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması mümkün deyil.
Kreml onu da nəzərə çatdırır ki, prosesdə mövcud ləngimələrsə məhz Qərbin müdaxilələrindən və Ermənistana vədlər verməsindən sonra yaranmış çətinliklərdir.
Ən başlıcası isə budur ki, Rusiya bundan sonra "gözləmə mövqeyi" kimi dəyərləndilə biləcək davranış sərgiləmək niyyətində deyil.
Ermənistanın bütün mövcud vasitələrdən və imkanlardan yararlanaraq kollektiv Qərbin Cənubi Qafqazda daha ciddi, genişmiqyaslı təsir rıçaqlarına yiyələnməsinə yönəlmiş diplomatik marşrutda olduğunu görən Rusiya adekvat cavab addımları hazırlayır.
Nikol Paşinyan şimaldan əsən soyuq yellərdən təşvişə düşdüyü üçün A.Mirzoyan Moskvadan dönən kimi ABŞ-nin dövlət katibi Entoni Blinkenə zəng vuraraq həmişəki kimi, şikayətlənib, Rusiyanın qəzəbindən qorunmaq üçün təhlükəsizlik təminatı və ən əsası - bundan sonrakı fəaliyyəti ilə bağlı təlimatlar istəyib.
Hadisələrin bu günədək inkişaf məcrasına nəzər salsaq, şübhə yoxdur ki, Ermənistan yaxın perspektivdə KTMT sıralarından çıxa bilməyəcək. KTMT-nin Ermənistandakı missiyası ilə bağlı sazişi imzalamaqdan yayınmaq üçün N.Paşinyanın qarşısında duran yeganə yol Azərbaycanla yekun sülh sazişi danışıqlarını əngəlləmək, vəziyyəti maksimal dərəcədə gərginləşdirməkdir.
Moskva N.Paşinyanın absurd, idiotik və xəyanətkar siyasətindən usanıb. Rusiya ilə Ermənistan arasında təmaslar bundan sonra, təbii, davam edəcək, amma ünsiyyət yetərincə lakonik və konkret olacaq.
Kreml Nikol Paşinyanla bağlı qərarını artıq verib. İrəvandakı hakimiyyətin başında duran təlxək artıq Rusiyanı da usandırıb.
Ermənistanın destruktiv, kənardan verilən vədlərə və şirnikləndirmələrə əsaslanan siyasəti nəticəsində bölgədə müharibə gözləntisi yelləri əsməyə başlayıb.
Azərbaycan müharibə istəmir.
Daha doğrusu, əsla istəmir.
Lakin rəsmi İrəvan terrorçuluğun və Azərbaycan vətəndaşlarına qarşı silahlı diversiyaların dəstəklənməsini, habelə, suverenliyimizlə ərazi bütövlüyümüzə qarşı yönəlmiş hücumlarını davam etdirərsə, sərt cavab gecikməyəcək.
Onda isə havadarlarla hamilər çətin ki, Nikol Paşinyan administrasiyasının dadına yetə bilsin.

Tehsil-press.az



Oxşar xəbərlər