YTP-nin mütəxəssisləri texnologiyaların kommersiyalaşdırılması sahəsində Koreya təcrübəsini öyrənirlər

YTP-nin mütəxəssisləri texnologiyaların kommersiyalaşdırılması sahəsində Koreya təcrübəsini öyrənirlər Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPİ) ilə birlikdə icra etdiyi “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində YTP-nin icraçı direktoru Zaur Nəhmətovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasında səfərdə olub.
Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, Bakı Mühəndislik Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Beynəlxalq Bankı və “CODERS Azerbaijan” MMC-ni təmsil edən innovasiya ekosisteminin ekspertləri yer alıblar.
Səfərin əsas məqsədi Azərbaycanda texnologiyaların kommersiyalaşdırılması imkanlarını artırmaq üçün Koreyanın bu sahədə təcrübəsini öyrənmək, tədqiqat institutlarını ziyarət etmək, Azərbaycan üçün texnologiyaların kommersiyalaşdırılması proqramının Fəaliyyət Planına dair müzakirələr aparmaq və bu sahədə hər iki ölkənin akademik-sənaye qurumları və ekspertləri arasında şəbəkə yaratmaqdan ibarət olub.
Azərbaycan nümayəndə heyəti Seul və Daejon şəhərlərində yerləşən “SK TELECOM” şirkətinin Gələcək Mərkəzi, Koreya Qabaqcıl Texnologiyalar İnstitutu (KIAT), Koreya Elm və Texnologiya İnstitutu (KIST), Innotown SEUL Bio-hub, Koreya Universitetinin X-Garage İnkubasiya Mərkəzi, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST), Hanbat Universiteti, Milli Texnologiya Bankında (KIBO) keçirilən görüşlərdə iştirak edib.
Qeyd edilən təşkilatların nümayəndələri fəaliyyət göstərdikləri qurumlar haqqında məlumat verərək texnologiyaların kommersiyalaşdırılması proqramları ilə bağlı təqdimatlarla çıxış ediblər. Görüşlər sual-cavab formatında təşkil olunub. Görüşlərin keçirildiyi təşkilatlar Azərbaycanda texnologiyaların kommersiyalaşdırılması fəaliyyətlərinə infrastruktur və bacarıqların artırılması ilə bağlı dəstək verəcəklərini ifadə edib, ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün bütün səylərini səfərbər edəcəklərini bildiriblər. Görüşlər zamanı konkret məsələlər üzrə işlərin icrasına dair ilkin razılıq əldə edilib.
Səfər çərçivəsində Seul Milli Elm və Texnologiya Universitetinin professoru Con Şim tərəfindən I-Corps proqramına dair təlimçilərin təlimi seminarı keçirilib. Qeyd olunub ki, ABŞ Milli Elm Fondunun İnnovasiya proqramı olan I-Corps ixtiranın təsirə çevrilməsini asanlaşdıran əhatəli sahibkarlıq təlim proqramıdır. Tədbirdə Koreyada bir neçə ildir tətbiq olunan bu modelin gələcəkdə Azərbaycanda tətbiqi imkanları müzakirə olunub. Təlimin sonunda iştirakçılara STEPİ-nin sertifikatları təqdim edilib.
Səfərin nəticələrinə əsasən, Texnologiyaların Transferi və Kommersiyalaşdırılması Platformasının (TTCP) inkişaf planı da hazırlanıb.
TTCP innovasiya ekosisteminin müxtəlif iştirakçıları və maraqlı tərəflərini (hökumət, tədqiqatçılar, korporasiyalar, startaplar, vençur kapitalistləri, özəl investorlar, fondlar, sahibkarlar, mentorlar və media) bir araya gətirərək müxtəlif sahələr üzrə xidmətlər, o cümlədən məlumat bazası və sinergetik bir mühit təklif edən onlayn platformadır. Ənənəvi texnologiya transferi ofislərinin həyata keçirdiyi fəaliyyətləri onlayn formatda və daha da əhatəli olaraq özündə ehtiva edən bu platforma universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsi, o cümlədən informasiyanın kommersiyalaşdırılması prosesinə öz töhfəsini verəcək. Beləliklə, TTCP irəli sürülən innovativ həll yollarının effektiv inkişafını təmin etməklə yanaşı, onların kütləviləşdirilməsi və biznesdə (sənayedə) tətbiq edilməsi məqsədilə investorlara çıxış kimi imkanları da əlçatan edir. Platformanın bazarın və istifadəçilərin ehtiyac və tələblərinə uyğun olaraq davamlı təkmilləşdirilməsi nəzərdə tutulur.
Səfər çərçivəsində Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənovla da görüş keçirilib. Görüşdə iki ölkə arasında elmi-texnoloji əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. Bu istiqamətlərdə mövcud imkanlar haqqında məlumat verən səfir ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün mümkün dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Azərbaycan nümayəndə heyətinin üzvləri, həmçinin səfirliyin dəvəti ilə Diasporla İş üzrə Dövlət Komitəsinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Koreya Respublikasındakı Azərbaycan icmasının üzvləri ilə keçirdiyi görüşdə iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər