O gün bu gündür...

O gün bu gündür... Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxıb.
44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanıb, ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Ötən ilin dekabrın 2-də Prezident İlham Əliyev Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə sərəncam imzalayıb. Sərəncamda hər il noyabrın 8-də Azərbaycanda Zəfər Gününün təntənətli şəkildə qeyd edilməsi öz əksini tapıb.
Zəfər Gününün 8 noyabra təsadüf etməsi isə, Qarabağın incisi Şuşa şəhərinin azad olunduğu tarixlə bağlıdır.
Qeyd edək ki, bu gün Bakıda Zəfər Günü ilə əlaqədar yürüş keçiriləcək.
Yürüş saat 10-da hərbi orkestrin müşayiəti ilə başlayacaq və Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edəcək. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları isə Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparacaqlar. Yürüşü süvari dəstəsi müşayiət edəcək.
“Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatacaq.
Bundan başqa, paytaxtda torpaqlarımızın işğaldan azad edilməsi və şanlı zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq olacaq.
Azərbaycanın karifey bəstəkarlarının musiqilərinin müşayiəti ilə Zəfər Günü üçün hazırlanan atəşfəşanlıq 21.10-da Dənizkənarı Bulvarda başlayacaq.
Tədbirlərin bir hissəsi olaraq saat 20:55-dən Muzey Mərkəzinin fasadında Vətən müharibəsi və Zəfər Gününə həsr edilən audiovizual kompozisiya videoproyeksiya olunacaq. Videoproyeksiya gecə 00:00-dək davam edəcək.

Tehsil-press.az




Oxşar xəbərlər