“Hansı obyektdə görüş keçirmək istəyiriksə, “Eldar müəllimin obyektidir, plakatınız yapışdırılsa, bizim üçün problem olacaq” deyirlər”

“Hansı obyektdə görüş keçirmək istəyiriksə, “Eldar müəllimin obyektidir, plakatınız yapışdırılsa, bizim üçün problem olacaq” deyirlər” Eldar Quliyev 24 illik deputatlıq fəaliyyəti dövründə haqqında müsbət rəy yaradacaq, xoş sözlər dedirdəcək bir işin qolundan yapışmayıb, ona pozitiv imic çizəcək fəaliyyəti ilə seçilməyib.

“Yeni Gundem”-in xəbərinə görə, Gələcək Azərbaycan Partiyasının (GAP) 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədi Aslan Həmidli bildirib.

A.Həmidli qeyd edib ki, E.Quliyev hazırda Azərbaycan Ağsaqqallar Şurasının sədri, “Azərittifaq”ın sədri və Azərbaycan Kooperasiya Universitetinin rektoru vəzifəsində çalışır: “Ümumiyyətlə, bir adam bu qədər işi necə görə, hansı seçicinin problemini dilə gətirə bilər? Maştağa, Savalan və Bilgəh ərazisində seçicilər deputat olaraq Eldar Quliyevi qəbul etmir və etməyəcəklərini də bildirirlər. İllərdir ərazini özü üçün özəlləşdirən bir deputat düşünün. Hansı obyektə girib, görüş keçirmək istəyiriksə, “Eldar müəllimin obyektidir, sizin plakatınız yapışdırılsa, bizim üçün problem olacaq” deyirlər. Eldar Quliyev özünü ərazinin xanı hesab edir. Bütün ərazilər Eldar Quliyev tərəfindən zəbt olunub. Kəndin biznesi onundur. Biznesini qardaşı idarə edir. Hamıya təzyiq göstərir ki, rəqib Aslan Həmidliyə səs verilməsin. Bu qədər ucuz hərəkətlər sizin yaşınıza yaraşmır! Eldar Quliyevin “xüsusi” özəlliklərindən biri də 25 illik deputatlığı müddətində plenar iclaslarda, demək olar, çıxış etməməsidir. Bu səbəbdən, onun adı müntəzəm keçirilən sorğularda “ən susqun deputatlar” sırasında ön yerlərdə yazılır. Yəni bu adam danışmağı bilmir. Zatən danışdıqları da ortadadır. Sosial şəbəkələrdə araşdırın adam görün nələr danışır. Estafeti gəncələrə ötürməyin vaxtı çatmayıbmı? Bəlkə icra etdiyiniz vəzifələrin bəzilərindən imtina edəsiniz! Elə əvvəlcə Milli Məclisdən başlasanız, yaxşı olar. O zaman vaxtınız daha çox olar, cəmiyyətin istiqamətləndirilməsində daha fəal iştirak edərsiniz. Fikrimcə, bu barədə düşünməlisiniz. Bir adamın bu qədər vəzifə tutmağı doğru deyil. Gənclərə yol açmaq, yenilik etmək lazımdır. Bunu isə ilk növbədə ölkəmizin ağsaqqallarının başçısı etməlidir. Tutduğunuz vəzifə, sizə tapşırılan mənəvi missiya bunu tələb edir”.

Tehsil-press.az

Oxşar xəbərlər