Azərbaycan Turizm və Menecment Universiteti gənclərin elmi tədqiqatlarda iştirakına imkan yaradır

Azərbaycan Turizm və Menecment Universiteti gənclərin elmi tədqiqatlarda iştirakına imkan yaradır Turizm sənayesinin dünya iqtisadiyyatının bir sahəsi kimi tanınması XX əsrin 50-ci illərinə təsadüf edir. İkinci Dünya müharibəsində iqtisadiyyatı dağılmış Avropa ölkələri bərpa dövrünü tam keçdikdən sonra sürətli inkişaf dövrünə qədəm qoydular. Bu zaman maddi durumu yüksəlmiş Qərbi Avropa və Şimali Amerika ölkələri əhalisinin istirahət və əyləncəyə olan ehtiyaclarını ödəmək məqsədilə istirahət kompleksləri tikilir, yeni turizm məntəqələri yaradılırdı. İnkişaf tempinə görə turizm sənayesi XX yüzilliyin fenomeni adlandırılıb. BMT-nin ixtisaslaşmış qolu olan Ümumdünya Turizm Təşkilatının məlumatına görə, dünya iqtisadiyyatında ümumi daxili məhsulun təxminən 9 faizi bu sahənin üzərinə düşür. Turizm dünya üzrə cəmi kapital qoyuluşunun 7 faizini, istehlak xərclərinin 11 faizini, vergi tədiyələrinin 5 faizini təşkil edir. Dünya ixracında gəlirin 6 faizə qədəri məhz turizm sənayesinin payına düşür ki, bu da yalnız neft və neft məhsullarının və avtomobillərin ixracatından azdır. Turizmin iqtisadiyyatda rolu, onun iqtisadi artımda, tarazlı iqtisadi siyasətdə və beynəlxalq iqtisadi əlaqələrdə xüsusi çəkisi ilə müəyyənləşir. Bəzi ölkələrdə turizm dövlət büdcəsinə daxilolmaların 15 faizi və bəzən də daha çox hissəsini təşkil edir. Ümummilli məhsulun Fransada 7, Çexiyada 6, Macarıstanda 8, İspaniya, İsveçrə və İtaliyada 13-17 faizi turizmin payına düşür. Kiprdə isə bu göstərici 20 faizə çatır. Azərbaycanda turizm üçün xarakterik sahələrdə yaradılan əlavə dəyərin ölkənin ümumi daxili məhsulunda xüsusi çəkisi ildən-ilə artmaqdadır.
Bu fikri Tehsil-press.az-a müsahibəsində Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov söyləyib. O deyib: “Məlumdur ki, turizm iqtisadiyyatın əsas sahələri olan nəqliyyat, rabitə, inşaat və kənd təsərrüfatına, istehlak mallarının istehsalına əhəmiyyətli dərəcədə təsir göstərir. Turizm sənayesində göstərilən xidmətlərin həcminin artımı yeni iş yerlərinin açılmasına digər sahələrə nisbətən daha tez təsir göstərir. Buradan görünür ki, turizm sosial-iqtisadi inkişafın özünəməxsus katalizator rolunu oynayır. Turizm bir sosial-iqtisadi təzahür kimi mürəkkəb və çoxşaxəlidir. Turizm istehlakçılar üçün bir rekreasiya, işgüzar, maarifləndirmə və s. məqsədlə həyata keçirilən səfər, turizm sənayesi subyektləri üçün isə kapital qoyulacaq bir sahə olduğu kimi, potensial müştərilərin ehtiyaclarının ödənilməsinə yönələn fəaliyyət sahəsidir.
Turizm, insanların səyahətlərindən meydana gələn ehtiyaclarının qarşılanması ilə əlaqəli olduğu üçün sosial xüsusiyyət daşıyır. Sosial hadisələr isə sosial elmlərin mövzusu olduğundan, bu baxımdan turizm də sosial bir elmdir. Turizm ölkədaxili və beynəlxalq səviyyədə, iqtisadi, mədəni və sosial istiqamətli bir fəaliyyət olub, ölkələrin iqtisadi və sosial inkişafına köməyi olan bir sektordur.
Turizmin inkişafı iqtisadiyyatın müxtəlif sahələrinə aid müəssisələri sifarişlərlə təmin edərək, onları öz istehsal həcmlərini genişləndirməyə vadar edir. Ölkəyə xarici turist axınının çoxalması kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı həcminin artırılmasına səbəb olur. Turizm infrastrukturunun genişlənməsi inşaat materialları istehsalı, məişət malları və texnikası, idman qurğuları istehsalı sahələri, kompüter və rabitə texnologiyasının inkişafı, yüngül sənaye mallarının (geyim, yataq dəstləri) istehsalının artımını tələb edir. Turizmin inkişafı yeni əyləncə mərkəzlərinin açılmasına, nəqliyyat vasitələri sənayesinin də inkişafına səbəb olur. Turizm milli gəlirə dəstək verən perspektivli sektordur. Onun inkişafı, yeni istirahət ocaqlarının kommersiya fəaliyyətinə girişməsi dövlət büdcəsinə ayırmaların artmasına, ölkəyə daha çox xarici valyuta daxilolmalarına səbəb olur.
Turizm məhsulunun istehsalı və istehlakı eyni vaxtda baş verir. Yüz milyonlarla insan istirahət etdikləri yerlərdə bir-biri ilə təmasda olur, onların istirahətini təmin etmək məqsədilə milyonlarla digər insanlar onlara xidmət edir.
Turistlərin istirahətini təmin etmək məqsədilə yeni iş yerləri açılır, insanların maddi təminat mənbəyi yaranır. Yeni istirahət və müalicə mərkəzlərinin, otellərin, turizm firmalarının açılması ilə paralel olaraq həmin müəssisələrdə yeni bələdçilərə, tərcüməçilərə, sürücülərə tələbat artır, habelə yeni əyləncə mərkəzləri, kafe-restoranlar açılır.
Turizm milyonlarla insanı istehlakçı və istehsalçı olaraq maraqlandıran bir sahədir”.
Bahadur Bilalov qeyd edib ki, müasir dövrdə il ərzində 2 milyarddan çox insan (xarici və daxili turizmdə) maraq, istirahət, əyləncə, iş, sağlamlıq, dost və qohum ziyarəti, konqres, seminar kimi toplantılarda iştirak məqsədilə daimi yaşadıqları ərazidən kənara səyahət edir. Həmin turist səfərə başlayandan daimi yaşadığı yerə qayıdanadək onlarca insanla təmasda olur: turistin səfərdən məmnun qalması üçün ona xidmət edənlər, istirahət (konfrans, işgüzar görüş, müalicə və s.) zamanı müxtəlif mövzularda müzakirə aparan insanlar, digər istirahət edənlər və s. Turizm əldə etdiyi valyuta gəlirləri ilə xarici ödəmələr və xarici ticarət balanslarına müsbət təsir göstərən bir sahədir. Bir sıra ölkələr məhz gəlmə turizmdən əldə etdiyi valyuta hesabına digər iqtisadi sahələrdə olan mənfi saldonu üstələmək imkanı qazanır. Belə ölkələrə Avstriyanı, Macarıstanı aid etmək olar.
Müsahibimiz vurğulayıb ki, Azərbaycanda turizmin inkişafı, ölkəyə turist axınının təmin edilməsi üçün xeyli iş görülüb. Turizmin inkişafı dövlətimizin başçısı tərəfindən qeyri-neft sektorunda prioritet sahələrdən biri kimi müəyyən edilib. Bu sahənin inkişafı üçün 2018-ci ilin aprelində xüsusi idarəetmə orqanı – Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb. Hazırda həyata keçirilən işlər öz bəhrəsini verməkdədir. Rəsmi statistikaya görə, 2019-cu ilin birinci yarısında Azərbaycana gələn xarici qonaqların sayı 1,4 milyona çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 86 min və ya 6,5 faiz çoxdur. Ölkəmizə səfər edənlərin böyük hissəsini bizimlə həmsərhəd ölkə vətəndaşları təşkil edir. Məsələn, Rusiya - 414 min (29,4 faiz), Gürcüstan-342 min (24,3 faiz). Gürcüstan üzrə artım 64 min nəfər olub. Bu ölkələrdən gələn qonaqların sayı ümumi gələnlərin 50 faizdən çox hissəsini təşkil edib. Türkiyədən gəlmiş qonaqların sayı əvvəlki illə müqayisədə 3,7 faiz artaraq 148 min olub.
Diqqətə çatdırılıb ki, Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin birinci yarısında ölkənin mehmanxanalarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər gecələmələrinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz artaraq 954,2 min olub. Bu da ümumi gecələmələrin 71,9 faizini təşkil edir. Bu göstəricinin 12,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 12,2 faizi Rusiya, 8,7 faizi Səudiyyə Ərəbistanı, 5,9 faizi Hindistan, 5,6 faizi İsrail, 5,4 faizi Türkiyə, 5 faizi İran, 3,8 faizi Böyük Britaniya, 3,3 faizi Küveyt, 2,1 faizi ABŞ, 2 faizi Pakistan, 1,9 faizi Qətər, hər biri üzrə 1,5 faiz olmaqla Qazaxıstan və İraq, 1,3 faizi Çin, 1,2 faizi Almaniya, 25,7 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Gecələmələrin 77,6 faizi Bakıda, 7,9 faizi Qəbələdə, Naxçıvan Muxtar Respublikasında və Naftalan şəhərinin hər birində 3,4 faiz, 3 faizi Qubada, 2,1 faizi Qusarda, 2,6 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb.
Yuxarıda göstərilən statistikaya rəğmən mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çox və ya 187,7 milyon manat olub ki, onun da 66,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,8 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,7 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizin sosial-iqtisadi həyatında turizmin özünəməxsus xüsusi yeri var. Bu baxımdan Azərbaycan Turizm və Menecment Universitetində müvafiq sahə üzrə kadr hazırlığına xüsusi diqqət yetirilir. Ali məktəbdə tədris olunan ixtisaslar gənclərin xaricdə və ölkəmizin aparıcı müəssisələrində çalışmasına, beynəlxalq və yerli layihələrdə, müvafiq sahələr üzrə elmi tədqiqatlarda iştirakına imkan yaradır.

Tehsil-press.az

Oxşar xəbərlər