Dəniz Akademiyasının tələbələrinə yeni təhsil kartları verilir

Dəniz Akademiyasının tələbələrinə yeni təhsil kartları verilir Gənclərin təhsilinə, müasir çağırışlara uyğun bilik və bacarıqlara yiyələnməsinə dəstək olan “Azərbaycan Beynəlxalq Bankı” bu sahədə daha bir layihənin icrasına başlayıb. Bank "Təhsil kartı" adlı yeni məhsulunu təqdim edib.
Yeni kart məhsulu tələbələrin təhsil zamanı ehtiyac duyduqları bank xidmətlərinin yüksək səviyyədə təmin olunmasına imkan yaradır. Belə ki, “Azərbaycan Beynəlxalq Bankı”nın "Təhsil kartı" vasitəsilə tələbələr öz təqaüdlərini alacaq, ölkə daxilində, xaricdə, bankın mobil tətbiqi vasitəsilə istənilən ödənişlərini həyata keçirəcəklər. Təhsil kartının ön hissəsində tələbə haqqında məlumatlar, arxa hissəsində isə ödəniş kartının məlumatları əks olunur. Beləliklə, tələbələr bu kartdan universitetə, universitet kitabxanasına, oxu zallarına giriş üçün də istifadə edə biləcəklər.
"Təhsil kartı" 5 il müddətinə təqdim olunacaq. “Azərbaycan Beynəlxalq Bankı”nın "QayğıCash" layihəsi çərçivəsində bankla tərəfdaş məkanlarda bu kartla aparılan ödənişlər zamanı tələbələr kəşbək qazanacaqlar. Yəni, bu kartla etdikləri ödənişlərin müəyyən faizləri onların kart hesabına geri qayıdacaq. Yaxın gələcəkdə "Təhsil kartı"nın istifadə dairəsi daha da genişləndiriləcək və tələbələr üçün xüsusi endirim kampaniyaları tətbiq olunacaq.
Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı ilə bank arasında "Təhsil kartı" layihəsi üzrə müqavilə imzalanıb və tələbələrə kartların təqdim edilməsinə başlanılıb.
“Azərbaycan Beynəlxalq Bankı” bu layihəni "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrası çərçivəsində Mərkəzi Bank, Təhsil Nazirliyi, “MasterCard” beynəlxalq ödəniş sistemi ilə birgə əməkdaşlıq üzrə həyata keçirib.

Tehsil-press.az

Oxşar xəbərlər