Ermənilərin bizə qarşı törətdiyi soyqırımıları dünyaya tanıda bilirikmi? - Deputat açıqladı

Ermənilərin bizə qarşı törətdiyi soyqırımıları dünyaya tanıda bilirikmi? - Deputat açıqladı 28 avqust Ballıqaya soyqırımının 29-cu ildönümüdür. Bir çoxlarımızın haqqında çox az bilgiyə sahib olduğu bu soyqırımı 1992-ci ildə baş verib.
Hadisə haqqında qısa arayış:
1992-ci ilin may ayının 18-dən sonra Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən ərazisi işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun, Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev Hümbət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun, Mehdiyev Rəhbər Məhəmməd oğlunun ailələri Laçın rayonunun işğalından sonra Xanlar rayonunun (Göygöl rayonu) ərazisində, Murovdağın ətəklərində, Sarıqaya deyilən ərazidə doğma yurda - Laçına dönmək ümidi ilə müvəqqəti məskunlaşmışdılar.
Məskunlaşdıqdan üç gün sonra 28 avqust 1992-ci il tarixdə səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutdu. Atəş nəticəsində dinc sakinlərdən 24 nəfər şəhid oldu. 5 nəfər ağır yaralandı. 4 nəfər yüngül xəsarətlə canlarını qurtara bildilər.
Biz bu soyqırımı dünyaya tanıda bilmişikmi? Bu kimi soyqırımıları dünya ictimaiyyətinə təqdim etmək üçün nələr etməliyik?
Ermənilər həmişə azərbaycanlılara, türklərə qarşı hərbi cinayətlər, soyqırımlar törədiblər: “Təəssüf ki, onlar bu yolla qisas almaq, bu yolla öz dövlətlərini qurmaq niyyətlərini ortaya qoyublar. Hansısa zamanlarda buna da müəyyən qədər nail olublar. Ancaq bildiyimiz kimi, Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra erməni təcavüzünə məruz qaldı. Çox təəssüflər olsun ki, birinci Qarabağ müharibəsi zamanı ermənilər öz havadarlarının dəstəyi ilə Azərbaycan vətəndaşlarına qarşı soyqırımı və hərbi cinayətlər törətdilər. Həmin ərazilərdə - indiki Şərqi Zəngəzur və Qarabağ torpaqlarında sadə insanlarımıza qarşı amansızlıqlar törətdilər. Sadə insanları mühasirəyə aldılar. Vətəndaşlarımızı soyqırımına məruz qoydular. Ötən müddət ərzində ermənilərin Azərbaycan ərazilərində törətdikləri soyqırımlar dünya ictimaiyyəti tərəfindən qəbul edilmirdi. Onlar bunu qəbul etmək istəmirdilər. Ancaq son 15-20 il ərzində möhtərəm cənab prezidentimiz İlham Əliyevin yeritdiyi çox uğurlu xarici siyasət nəticəsində ən azından Xocalı soyqırımı ilə bağlı 13-ə yaxın dövlət həmin dəhşətləri soyqırımı olaraq qəbul etdilər. Ermənilərin iç üzünün nədən ibarət olduğuna hüquqi qiymət verdilər”.
Deputat bildirib ki, istənilən halda bu, çox az rəqəmdir: “Çünki bütün dünya Xocalı soyqırımı ilə bağlı görüntüləri izləyib, görüb. Amma güclü erməni lobbisi bu proseslərin qarşısını alırdı və ermənilər öz simalarını gizlədə bilirdi. 44 günlük Vətən Müharibəsində bizim rəşadətli ordumuz Ali Baş Komandanın rəhbərliyi altında erməni terrorçu və faşistlərini bu ərazidən qovub çıxardı. Əldə olunmuş diplomatik və hərbi qələbədən sonra Azərbaycanda fəaliyyət göstərən hərbi attaşelərin, diplomatik korpus nümayəndələrinin bu ərazilərə səfərləri təşkil edilib. Artıq dünya ictimaiyyəti erməni vəhşiliklərinin nəticələrini canlı şəkildə öz gözləri ilə gördü.Müharibə təzə bitəndə, ərazi təhlükəli olmasına baxmayaraq, cənab prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfər etdilər. Ermənilərin 30 illik işğalı dövründə törrətdiyi vandalizm aktlarını bütün dünyaya təqdim etdilər. Həmçinin ermənilər 44 günlük Vətən Müharibəsindən sonra da öz cinayətlərini davam etdirdilər. Hətta müharibə dövründə cəbhə bölgəsindən xeyli uzaqda yerləşən şəhərlərimizi atəşə tutdular. Həmin hadisələr zamanı bizim 100-dən çox mülki vətəndaşımız şəhid oldu. Həmin prosesləri də bütün dünya ictimaiyyəti izlədi və ermənilərin iç üzü bütün dünyaya göstərildi. Etiraf etməliyik ki, birinci Qarabağ müharibəsi zamanı biz bunu edə bilməmişdik. İnformasiya blokadasını qırmağı bacarmamışdıq. İkinci Qarabağ müharibəsində isə cənab prezident dünyanın 30-dan çox nüfuzlu informasiya telekanallarına müsahibələr verdi. Nəticə etibarilə biz informasiya müharibəsində də qalib gəldik”.
Naqif Həmzəyevin fikrincə, biz əsl layəqətli müharibəni bütün dünya ictimaiyyətinə göstərdik:
“Qələbəmizin ədalətli olduğunu bütün dünya qəbul etdi. Biz qalib gəlsək də unutmamalıyıq ki, ermənilər heç zaman öz məkrli planlarından əl çəkəsi deyillər. Onlar nə zaman güclənsələr, eyni siyasəti bizə qarşı davam etdirə bilərlər. İndi bizim şansımız var, yəni birinci və ikinci Qarabağ müharibəsində, eləcə də yüz il əvvəl ermənilərin bizə qarşı soyqırımları araşdırıb, təhlil edib dünya ictimaiyyətinin diqqətinə çatdıra bilərik. Belə olacağı təqdirdə ermənilər anlayacaqlar ki, bu düzgün siyasət deyil. Beləliklə dünya ictimaiyyəti də erməniləri qınayacaq və onlara qarşı təzyiqləri artırmaq üçün şans yarana bilər. Bu işdə bizim tarixçilərimizin üzərinə çox böyük yük düşür. Fikrimcə, Azərbaycanda fəaliyyət göstərən, humanitar sahələri və ixtisasları olan universitetlər, o cümlədən Tarix İnstitutu öz gücünü səfərbər etməlidir. Ermənilərin bizə qarşı soyqırımları ilə bağlı araşdırmalarını artırmalıdırlar. Həmçinin qardaş ölkə Türkiyədə ermənilərin Qarabağda törətdikləri cinayətlərlə bağlı xüsusi komissiya formalaşdırılıb. Türkiyənin ən öndə gedən professorları bu prosesə cəlb edilib. Yalnız vətəndaşlarımıza qarşı deyil, eyni zamanda, ekologiyamıza qarşı olan terror da orada araşdırılacaq. Biz bu cür tədiqatların sayını artırmalıyıq. Çalışmalıyıq ki, xarici mütəxəssislər də bizim tədqiqatçılarla birgə fəaliyyət göstərsinlər. Bu zaman əsl iş ortaya qoyub ermənilərin iç üzünü dünya ictimaiyyətinin diqqətinə çatdıra bilərik”.

Tehsil-press.az


Oxşar xəbərlər