
“Sertifikasiya imtahanına sistemli və məqsədyönlü şəkildə hazırlaşmaq uğur qazanmağın əsas şərtidir. Müəllimlər hazırlaşarkən hər şeyi oxumalıdırlar, bilməlidirlər deyə bir şey yoxdur".
Bu fikirləri açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib.
Ekspert qeyd edib ki, sertifikasiyanın keçirilmə tarixi barədə qərarı Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası verir.
Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən, sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet” vasitəsilə göndərilir:
“Əvvəla qeyd edim ki, sertifikasiya müsbət prosesdir və təhsilin inkişafına yönəlmiş addımdır. Düşünürəm ki, təqvim ilinin əvvəlində nazirlik keçiriləcək imtahanların tarixi barədə əvvəlcədən məlumat verməlidir. Bu sahədə Dövlət İmtahan Mərkəzinin yaxşı təcrübəsi mövcuddur. İmtahan vaxtının imtahana az müddət qalmış verilməsi əlavə psixoloji gərginlik yarada bilər.
Sertifikasiya imtahanına sistemli və məqsədyönlü şəkildə hazırlaşmaq uğur qazanmağın əsas şərtidir. Müəllimlər hazırlaşarkən hər şeyi oxumalıdırlar, bilməlidirlər deyə bir şey yoxdur. Onlar Elm və Təhsil Nazirliyinin təqdim etdiyi proqramla tanış olmalı və həmin proqrama uyğun hazırlaşmalıdırlar.
Planlı şəkildə hazırlaşmaq daha effektivdir. Məsələn, gündəlik və ya həftəlik tədris planı tərtib etmək, zəif olduğunuz mövzulara daha çox vaxt ayırmaq işin xeyrinədir. Sınaq imtahanları və testlər işləmək, etibarlı mənbələrə üstünlük vermək, elektron resurslardan, video dərslərdən, mühazirələrdən yararlanmaq faydalıdır. Yuxu, qidalanma və istirahətə də diqqət etmək vacibdir. Daimi gərginlik məhsuldarlığı azaldır, buna görə də balansı qorumaq çox önəmlidir”,- deyə Rizvan Fikrətoğlu fikrini yekunlaşdırıb.
Tehsil-press.az