Blok imtahanları çətin olacaq? - AÇIQLAMA

Blok imtahanları çətin olacaq? - AÇIQLAMA "9 martda keçirilən 11-ci siniflərin buraxılış imtahanının nəticələrinə baxdıqda, həqiqətən də builki buraxılış imtahanlarının əvvəlki ilin buraxılış imtahanı ilə müqayisədə çətin olduğunun şahidi olduq. İmtahandan sonra statusumda imtahanın çətin olduğunu yazmışdım, Dövlət İmtahan Mərkəzi isə bunu təkzib etmişdi. Mən isə cavabımda bildirmişdim ki, görək neçə nəfər 300 bal yığacaq".

Bunu açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi.

Müsahibimiz vurğuladı ki, keçən il birinci zona üzrə 23 nəfər maksimal nəticə əldə edib:

"Bu il isə 2 nəfər 300 bal toplayıb. Bugünkü nəticə isə 90 faizdən çox fərq edir. Bu artıq bizim builki buraxılış imtahanının kifayət qədər çətin olduğunun nəticə göstəricisidir. Əgər blok imtahanları keçənilki blok imtahanı ilə eyni səviyyədə olarsa, bu, avtomatik balların düşməsinə gətirib çıxara bilər. Balların düşməsi də müəyyən problemlər formalaşdıra bilər. Balların çox düşməsi müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayını azalda bilər. Burada subbakalavrlar üçün əlavə imkan yarana bilər, çünki abituriyentlərin sayı azaldıqca boş qalan yerlərə subbakalavrların qəbul olunması şansı formalaşır. Yəqin ki, DİM bu istiqamətdə müəyyən tənzimləmələr həyata keçirər.

Hesab etmirəm ki, blok imtahanları asan olar və yaxud da keçənilkindən çox çətin olar. Blok imtahanları aşağı-yuxarı hər il eyni səviyyədə olur. Blok imtahanlarının eyni səviyyədə olması əlbəttə ki, məntiqlidir. Çünki qəbul imtahanıdır və hər bir kəs fərqli qrup seçir. Amma buraxılış imtahanlarının çətin olması bizim tərəfdar olduğumuz hal deyil. Niyə? Çünki buraxılış imtahanına universitetə qəbul olmayan da, musiqidə oxuyan da, idmana gedən də girir".

Tehsil-press.az

Oxşar xəbərlər