BDU-da astronomik müşahidə günləri keçirilir

BDU-da astronomik müşahidə günləri keçirilir Bakı Dövlət Universitetində (BDU) “Sky Observation Festival 2024” (SOF 2024) layihəsi çərçivəsində astronomik müşahidə günlərinə start verilib.
 
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihənin məqsədi tələbələrin astronomiyaya marağını artırmaq, onları bu sahədə dünyada aparılan müasir tədqiqatlar və istifadə olunan yüksək texnologiyalarla tanış etməkdir.
 
Layihənin ilk günündə iştirakçılar arasında “Astronomy Quiz” yarışmasının ilkin mərhələsi keçirilib. 6 komanda arasında keçirilən ilk mərhələdə komandalara 10 sual verilib. Ən çox bal toplayan 5 komanda festivalın növbəti mərhələsinə vəsiqə qazanıb.
 
Daha sonra tələbələrə teleskopdan istifadə qaydaları ilə bağlı texniki təlim keçirilib. Festival iştirakçıları BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində teleskopla günəş və günəş ləkələrini müşahidə ediblər.

Qeyd edək ki, 1-3 avqust tarixlərində keçiriləcək festivalın növbəti günlərində müxtəlif mövzularda ustad dərsləri, astronomik müşahidə tədbirləri təşkil ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər