BDU-da "Azərbaycan Türk Ocağı"nın təsis etdiyi Qənirə Paşayeva adına mükafatın təqdimatı

BDU-da Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin təsis etdiyi Qənirə Paşayeva adına mükafatın təqdimat mərasimi keçirilib. Tədbir türk dünyasının böyük qızı Qənirə Paşayevanın anadan olmasının 50-ci ildönümünə həsr olunub.

Tədbir iştirakçılarını salamlayan "Azərbaycan Türk Ocağı"nın rəhbəri Akif Aşırlı vurğulayıb ki, Qənirə Paşayevanın həyatı, fəaliyyəti, Vətən sevgisi gənclər üçün əsl örnəkdir. Qənirə Paşayevanın türk dünyasının birliyi üçün gördüyü mühüm işlər, fədakarlığı, milli mətbuatımızın inkişafında oynadığı rolu və 1918-1920-ci ildə fəaliyyət göstərmiş “Azərbaycan Türk Ocağı”nın bərpasında iştirakı bu mükafatın təsisi üçün ciddi əsas olub: "O, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının övladı idi. O, cəmiyyət qarşısına ilk dəfə jurnalist kimi çıxmışdı. Qənirə Paşayeva polemika mədəniyyətini ortaya qoyan, cəsarətli jurnalist kimi sevilirdi. O baxımdan “Azərbaycan Türk Ocağı” Qənirə Paşayevanın jurnalistika fəaliyyətini, bu sahəyə gətirdiyi dəyərləri yaşadacaq tələbələr arasından bir nəfəri seçərək mükafatlandırmaq qərarına gəldi və Qənirə Paşayeva adına mükafatı təsis etdi. Bu mükafat hər il Qənirə Paşayevanın anadan olmasının ildönümü günü Jurnalistika fakültəsinin ən seçilən tələbəsinə veriləcək”.

Sonra Akif Aşırlı Qənirə Paşayevanın anadan olmasının 50-ci ildönümü münasibəti ilə təsis edilmiş diplom və pul mükafatını BDU-nun Jurnalistika fakültəsinin II kurs tələbəsi Banuçiçək Kəlbalıyevaya təqdim edib.

Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Qənirə Paşayevanın Jurnalistika fakültəsinə hər zaman böyük dəstək göstərdiyini qeyd edib: “Onun Jurnalistika fakültəsinə münasibəti başqa cür idi. Bu, onun jurnalistikanı sevməsindən irəli gəlirdi. Qənirə xanımla bağlı xatirələrim çoxdur. Onun ürəyi türk dünyası ilə döyünürdü. Bu yolda əlini daşın altına qoymaqdan qətiyyən çəkinmirdi. Qeyrətli, vətənpərvər bir xanım idi”.

Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, dekan müavini Sevinc Əliyeva, Əməkdar artist Nuriyyə Hüseynova, rejissor Elnurə Kazımova, "Zəfər" liseyinin icraçı direktoru Tural Abasquliyev, Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva Qənirə Paşayevanın türk dünyası və ölkəmiz qarşısında xidmətlərinin əvəzsiz olduğunu bildirib, onunla bağlı xatirələrini bölüşüblər.

BDU-da "Azərbaycan Türk Ocağı"nın təsis etdiyi Qənirə Paşayeva adına mükafatın təqdimatı
BDU-da "Azərbaycan Türk Ocağı"nın təsis etdiyi Qənirə Paşayeva adına mükafatın təqdimatı
BDU-da "Azərbaycan Türk Ocağı"nın təsis etdiyi Qənirə Paşayeva adına mükafatın təqdimatı
BDU-da "Azərbaycan Türk Ocağı"nın təsis etdiyi Qənirə Paşayeva adına mükafatın təqdimatı


Tehsil-press.az

Oxşar xəbərlər