Ədəbiyyat heç bir zaman bugünkü qədər əzəmətli olmamışdı

Ədəbiyyat heç bir zaman bugünkü qədər əzəmətli olmamışdı Qan Turalı yazır...

İndiki dövrdə hamı mütaliənin azlığından şikayət edir. Ancaq Herman Hesse bu vəziyyəti hələ 100 il əvvəl görmüş və hətta qəribə səslənsə də, bu şəraiti arzulamışdı.

O, hələ 100 il qabaq belə yazırdı: "Doğrudur, son vaxtlar kino və radio populyarlaşıb, amma belə olanda əsla kədərlənməyə dəyməz. Gələcəkdə kitabın yer üzündən yox olmaq təhlükəsi barədə düşünüb, qorxu hissi keçirməyin heç bir məntiqi əsası yoxdur. Əksinə, digər yeni ixtiralar hesabına insanların əyləncələrə olan müəyyən ehtiyaclarının ödənilməsi ilə daha çox kitabın dəyəri, məziyyətləri ona qayıtmış olur".

Hesse bu sözləri yazdığı dövrdə nəinki internet, heç televizor da yoxuydu. Ona görə də insanların əsas əyləncəsi kitab idi. Kitab dedikdə heç də ali sənət dəyəri olan elə Hessenin özünün müəllifi olduğu yüksək ədəbiyyatı düşünmürük. Madam ki, kitab vaxt keçirmək vasitəsidir, o zaman ucuz ədəbiyyat bu işin öhdəsindən daha uğurla gələcək. Söhbət ucuz sevgi romanlarından, detektiv əsərlərdən gedir. Belə əsərlər asanlıqla yazıldığı kimi, eləcə də asanlıqla oxunur.

Ancaq müasir dövrdə əyləncə üçün xeyli imkanlar var. Təsəvvür edin ki, ortalama bir "TikTok" istifadəçisi hər gün bu platformaya 70 dəqiqədən artıq vaxt sərf edir. Bu vaxtı mütaliəyə sərf etsəydi, həftəyə təxminən 300 səhifəlik bir kitabı xətm edərdi. Ya da hər gün 3 saat seriala baxan adamlar bu vaxtı Tolstoya həsr etsəydilər, bir ilə onun bütün külliyyatını oxuyub bitirərdilər.

Di gəl ki, heç kimin zamanı yoxdur. Ancaq sosial şəbəkəyə ayırmaq üçün həmişə zaman var. Niyyətimiz qınamaq yox, anlamaqdır. Qınamaqdan asan nə var ki?! Elə sosial şəbəkələr də qınaqdan ibarət deyilmi? Orada hamı hər an nəyisə qınayır.

Həyat getdikcə kitab üçün daha da dözülməz olur. Ağır iş günü, tıxaclarda keçən həyatlar... Və bir də əlbəttə ki, itirilən ruhi müvazinət... Belə zamanlarda kitab oxumaq həqiqətən də çətindir. Ancaq vacibdir...

Hər şeydən qabaq kitab bizi bu dünyadan ayırır. Bu ayırma heç də sosial şəbəkələrdəki ayrılma deyil. Orada bizə boyalı bir dünya təqdim edilir. O dünyanın yaşadığımız dünyaya heç bir aidiyyəti yoxdur. Ancaq kitab bu dünyadan, bizim dünyamızdan bəhs edir.

Bəlkə də, problem də bundadır. İnsan nəyin bahasına olursa olsun, yaşadığı dünyadan qaçmağa çalışır. Buna görə də bəzəkli türk serialları onun ruhunu oxşayır. Varlı həyatlar, bahalı maşınlar, dəbdəbəli villalar... Kitab isə bizə bizdən bəhs edir. İnsanların istədiyi isə bu deyil. Onlar cari həyatdan yorulub, yalanın isti ağuşunda xumarlanmaq istəyirlər.

Və həm də kitab dərin mənəvi dünya deməkdir. İnsan övladı min illərdir bədii ədəbiyyat vasitəsi ilə özünün tapır, ədəbiyyat insana insan olduğunu xatırladır, onu mənəvi dəyərlər, mənəvi borc haqqında düşünməyə vadar edir. Kitab insandan tələb edir ki, öz missiyasını aydınlaşdırsın, həyatın mənasını üzə çıxartsın, özü haqqında düşünsün, özünə suallar versin. İnsanların bir çoxunun isə belə suallar qarşısında dayanmağa cəsarəti yoxdur.

Hessenin də dediyi kimi... Bu gün kitab öz mənəvi yüksəlişini yaşayır. Kitab heç zaman bugünkü qədər kitab olmamışdı. Ədəbiyyat heç bir zaman bugünkü qədər əzəmətli olmamışdı. Çünki o indi dost əlindədir, ona əsl ehtiyacı olanların əlindədir. Vaxt öldürmək istəyənlərin əlində deyil, baş qatmaq istəyənlər daha kitab oxumurlar.

Hessenin dahiliyi də elə bunda idi...

Tehsil-press.az

Oxşar xəbərlər