Qeyd edək ki, məktəb direktorlarının yeni qaydalarla seçilməsi həm təhsil ictimaiyyəti, həm də millət vəkilləri tərəfindən birmənalı qiymətləndirilmir. Parlamentin bugünkü iclasında deputat Fazil Mustafa da ölkədə 600 məktəbdə direktor vəzifəsinin boş qaldığını deyərək, direktorların işə qəbulu qaydalarını sərt tənqid edib.
Təhsil eksperti Kamran Əsədov isə açıqlamasında bildirdi ki, Elm və Təhsil Nazirliyinin bu modelə keçidi strateji baxımdan çox müsbət addımdır:
"Əvvəlki test mərkəzli sistem nəzəri bilikləri ölçsə də, idarəetmə və liderlik bacarıqlarını müəyyən etmirdi. Müsahibə mərhələsi isə real davranış, düşünmə və qərarvermə mədəniyyətinə əsaslanır. Nazirliyin son statistik məlumatlarına əsasən, 2024-cü ildə keçirilən müsahibə əsaslı seçim prosesində iştirak edən 1500 namizəddən 620-si uğurlu nəticə göstərərək direktor təyin olunub. Bu göstərici əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu da göstərir ki, yeni sistem daha çevik, daha praktik və effektiv nəticə verir.
Dünya təcrübəsi ilə müqayisədə bu model müasir idarəetmə standartlarına tam uyğundur. Məsələn, Finlandiya və Estoniyada məktəb direktorlarının seçimi yalnız müsahibə, təqdimat və peşəkar portfelin qiymətləndirilməsi ilə aparılır. Koreyada da oxşar sistem tətbiq olunur, direktor namizədi məktəbin inkişaf strategiyasını təqdim edir və liderlik keyfiyyətlərinə görə qiymətləndirilir. ABŞ-də isə məktəb rəhbərlərinin seçimi “School Leadership Interview Board” tərəfindən həyata keçirilir, burada da əsas diqqət namizədin sosial liderlik və pedaqoji innovasiya bacarıqlarına yönəldilir. Azərbaycan bu modelə inteqrasiya etməklə təhsil idarəçiliyində yeni mərhələ açır və rəhbər seçimində Avropa və Asiya standartlarının ən optimal variantını tətbiq edir".
Ekspert əlavə etdi ki, yeni sistemin ən mühüm üstünlüklərindən biri də onun praktiki səmərəliliyidir:
"Qeydiyyat və müsahibə formatı həm vaxt baxımından çeviklik yaradır, həm də məktəblərdə boş vəzifələrin qısa müddətdə doldurulmasına imkan verir. Əgər əvvəlki illərdə bir təyinat prosesi 6-8 ay çəkirdisə, indi bu müddət maksimum 45-60 gün arasında tamamlanır. Bu, idarəetmədə dinamikanı bərpa edir və tədris prosesində sabitliyi təmin edir.
Müsbət tərəf ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi direktorların seçilməsində subyektivlik və inzibati təsir imkanlarını minimuma endirib. Artıq kimin tanışı olması deyil, kimin liderlik bacarığı və idarəetmə potensialı yüksəkdirsə, o seçilir. Bu, “Təhsil haqqında” Qanunun 6-cı maddəsində təsbit olunan “bərabərlik və şəffaflıq” prinsipinə tam uyğun gəlir. Nazirlik həm də regionlar üzrə bərabər imkan yaratmaq məqsədilə distant müsahibə imkanını da təmin edib, bu da coğrafi bərabərsizliyin qarşısını alır".
Müsahibimiz həmçinin qeyd etdi ki, mənfi tərəf kimi yalnız bir məqamı bildirmək olar.
"Bəzi potensial namizədlər yeni sistemin tələblərinə uyğun özünüifadə və liderlik bacarığını inkişaf etdirməyə hazır deyil. Xüsusilə regionlarda bu sahədə psixoloji və metodik hazırlığın aşağı olması müşahidə edilir. Lakin Elm və Təhsil Nazirliyi bu boşluğu da nəzərə alaraq “Direktorların İnkişaf Akademiyası”nı yaratmaq üzərində işləyir. Bu təşəbbüs direktor namizədlərinə idarəçilik, kommunikasiya və rəqəmsal savadlılıq üzrə təlimlər verəcək və gələcəkdə rəhbər ehtiyat bazası formalaşdıracaq. Dünya təcrübəsində rəhbər seçimi təkcə vəzifə deyil, həm də dəyərlər sistemidir. Bu baxımdan, yeni qaydalar məktəb idarəçiliyində dəyərləri, şəffaflığı və insan amilini ön plana çıxarır. Əgər əvvəlki model bilik üzərində qurulmuşdusa, indiki sistem bacarıq, düşüncə və sosial məsuliyyət üzərində qurulub.
Hesab edirəm ki, yeni direktor təyinat mexanizmi Azərbaycan təhsil sisteminin idarəetmə keyfiyyətini yüksəldəcək. Qeydiyyat və müsahibə əsaslı seçim modeli sadəcə texniki yenilik deyil, həm də idarəetmə fəlsəfəsində dönüş nöqtəsidir. Elm və Təhsil Nazirliyinin bu islahatı həm şəffaflıq, həm səriştə, həm də peşəkarlıq baxımından müasir və effektiv model yaradır. Bu yanaşma məktəblərdə liderlik mədəniyyətini gücləndirəcək, idarəetməni formal strukturdan real keyfiyyət idarəçiliyinə çevirəcək. Beləliklə, yeni qaydalar direktorların seçilməsini sadəcə prosedur yox, təhsil keyfiyyətinin yüksəldilməsinə yönəlmiş strateji islahat səviyyəsinə qaldırır", - deyə Kamran Əsədov yekunlaşdırdı.
Tehsil-press.az
 
             
         
        
        



 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	