Bu il Xəzər Universitetinin yaradılmasının 35 ili tamam olur. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı müsahibəsində bu ali təhsil müəssisəsinin keçdiyi inkişaf yolu, qarşıya qoyduğu məqsədlər və planlar barədə məlumat verib.-“Xəzərin sorağında” əsərinizdən bir daha aydın olur ki, Xəzər Universitetinin yaradılması asan olmamış, bir sıra çətinliklər və maneələrlə üzləşmisiniz. Həmin çətinliklərə baxmayaraq, bu müddət ərzində ali məktəblə bağlı plan və ideyalarınızı nə dərəcədə reallaşdıra bilmisiniz?
- Xəzər Universiteti ilə bağlı bütün arzu və məqsədləri həyata keçirmək mümkündürmü? Təbii ki, insan daim düşünür və müəyyən planlar qurur. İlk mərhələdə bu planlar daha məhdud və qısa perspektivli olur. Lakin zaman keçdikcə baxış bucağı genişlənir, məqsədlər böyüyür və daha uzaq hədəflər müəyyənləşdirilir. Dünya səviyyəli bir universitet qurmaq isə sıradan bir məqsəd deyil — bu, böyük strateji düşüncə, əzm və davamlı zəhmət tələb edir. Şübhəsiz ki, hər ideyanı tam şəkildə reallaşdırmaq asan deyil. Bəlkə də bütün arzuları həyata keçirmək mümkün olmayacaq. Ancaq əsas olan davamlı inkişaf etmək və universiteti daha yüksək səviyyəyə çatdırmaqdır. Sonrakı nəsillər gələcək və mənim düşündüklərimi davam etdirərək onları həyata keçirəcəklər. Amma bu günə qədər də biz kifayət qədər iş görmüşük, yaxşı addımlar atmışıq. Təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif bölgələrində də fəaliyyətimiz görünür. Güclü elmi kadrlarımız var. Bu da universitetin inkişafını təmin edən əsas amillərdəndir. Dediyim kimi, görülən işlər az deyil. Lakin hələ qarşıda bizi daha böyük hədəflər gözləyir və etməli olduğumuz işlər görülənlərdən daha böyükdür.
- Universitetdə elmi-tədqiqat fəaliyyəti hansı istiqamətlər üzrə inkişaf edir?
- Universitetin əsas vəzifələrindən biri elm və tədqiqat işlərini inkişaf etdirməkdir. Xəzər Universitetində də bu istiqamətdə ciddi işlər aparılır və universitet elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərir. Universitetlərin məşhurluğu əsasən elmi tədqiqatlarının gücü ilə ölçülür. Çünki uzaqdan baxan hər kəs universitetin elmi səviyyəsini alimlərinin tədqiqat işləri, dərc olunmuş məqalələri və onların çap edildiyi beynəlxalq jurnallar vasitəsilə qiymətləndirə bilir. Tələbələr də əsasən həmin alimlərin adına, onların elmi fəaliyyətinə görə universitetlərə gəlirlər. Məsələn, bir tələbə süni intellektlə məşğul olmaq istəyirsə, dərhal axtarır ki, dünyada hansı universitet bu sahədə güclüdür. Belə universitetlər Çində, ABŞ-də, Yaponiyada var. Tələbələr də həmin universitetlərə yalnız alimlərin elmi nailiyyətlərinə görə gedirlər. Digər ölkələrdə universitet yalnız tələbələrə dərs deyən və mütəxəssis yetişdirən yer deyil. Əslində yaxşı mütəxəssisi yalnız elmi bilik yaradan alimlər yetişdirə bilər. Müəllim yalnız biliyi ötürür; o bilik isə universitet tərəfindən yaradılmalıdır. Universitet elmi bilik istehsal etməlidir. Biliyi istehsal edən universitetlər isə elmi-tədqiqat universiteti adlanır. Xəzər Universiteti də elə bu sahədə seçilir. Azərbaycan hökuməti Xəzər Universitetini elmi-tədqiqat universiteti kimi tanıyıb və azsaylı universitetlərdən biridir ki, bu statusa layiq görülüb. Elmi fəaliyyətin sonu yoxdur - elm sonsuzdur və ömür boyu öyrənmək lazımdır.
-Xarici universitetlərlə əməkdaşlıq məsələsi hazırda hansı səviyyədədir?
-Xarici universitetlərlə əməkdaşlıq Xəzər Universitetinin əsas prioritetlərindən biridir. Əgər biz qlobal çağırışlara cavab verən universitet qurmaq istəyiriksə, mütləq xaricdəki qabaqcıl universitetlərlə əlaqələrimiz olmalıdır - həm tələbələr, həm müəllimlər, həm də elmi tədqiqatlar baxımından.
Universitetin qurulmasından bir il sonra biz ABŞ-nin məşhur Los-Anceles Kaliforniya Universiteti ilə əməkdaşlığa başladıq. Dörd il ərzində müəllimlərimizin böyük əksəriyyəti bu universitetlərin proqramlarında iştirak etdi. Həmin dövrdə Azərbaycanda belə imkanlar çox məhdud idi, amma özəl universitet olaraq biz bu əlaqələri qurmaq üçün xüsusi imkanlar yaratdıq. Əsasən ABŞ universitetləri ilə əməkdaşlıq edirdik, bundan çox bəhrələndik, axı dünyanın qabaqcıl universitetlərinin çoxu ABŞ-də (o dövrdə xüsusilə) yerləşir.
Sonradan fəaliyyətimizi Avropaya yönəltdik və əməkdaşlıq proqramları açdıq. Azərbaycan universitetləri arasında Avropa universitetləri ilə əməkdaşlıq edən ilk universitetlərdən biri də biz olduq. Eyni zamanda, Türkiyə universitetləri ilə ciddi əməkdaşlıqlara başladıq. Zaman keçdikcə dünyada təhsil və elmi-tədqiqat mərkəzlərinin ağırlığı Asiya ölkələrinə - Çin, Yaponiya, Cənubi Koreyaya keçdi. 1992-ci ildən etibarən bu ölkələrin universitetləri ilə proqramlarımız və elmi əməkdaşlığımız gücləndi. Bu gün Xəzər Universitetinin ən çox əməkdaşlıq etdiyi universitetlər həm Amerika, həm Avropa, həm də Asiya ölkələrində yerləşən qabaqcıl universitetlərdir. Onların mühüm tədqiqatları və akademik səviyyəsi bizim universitetimizin elmi fəaliyyətinə böyük təsir göstərir. Ona görə də xarici universitetlərlə əməkdaşlıq Xəzər Universiteti üçün həlledici məsələdir. Hər gün, hər saat biz düşünürük: daha nələr edə bilərik, universitetimizi necə inkişaf etdirə bilərik?!
Xəzər Universitetində dünyanın müxtəlif yerlərindən tələbələr təhsil alır. Çindən tələbələr gəlir, eyni zamanda, biz Çinə tələbə göndəririk — bakalavriat, magistratura və doktorantura səviyyələrində. Bu qarşılıqlı proqramlar universitetin beynəlxalq səviyyədə fəaliyyətini təmin edir. Xəzər Universitetində çox ciddi bir beynəlxalq mühit formalaşıb. Hazırda universitetimizdə 40-dan çox ölkədən tələbələr ingilis dilində təhsil alır. Eyni zamanda, xarici tələbələr Azərbaycan ədəbiyyatını, musiqisini sevərək öyrənirlər. Öz ölkələrinə qayıtdıqda isə onlar Azərbaycanın sadiq elçilərinə və müdafiəçilərinə çevrilirlər. Bu, universitetimizin beynəlxalq nüfuzunu və ölkəmizin tanınmasını gücləndirən mühüm amildir.
-Universitetdə süni intellekt, onlayn təhsil imkanları və rəqəmsal idarəetmə sistemləri istiqamətində hansı yeniliklər tətbiq olunur?
-Süni intellekt sahəsində Xəzər Universiteti Azərbaycanda ilk işə başlayan alı təhsil müəssisələrindən biridir. Universitetimizdə bu istiqamətdə xüsusi qruplar formalaşdırılıb. Süni intellekt tədqiqatları yalnız kompüter elmləri ilə məhdudlaşmır. Bizdə süni intellektin müxtəlif sahələri araşdırılır: fizika, mühəndislik, robototexnika, siyasi elmlər, ədəbiyyat və tarix sahələrində tətbiqi öyrənilir. Bu il universitetdə süni intellektlə bağlı üç yeni bakalavriat ixtisası, magistraturada isə iki ixtisas açılıb. Hazırda doktorantura səviyyəsində də yeni ixtisasların yaradılması planlaşdırılır.
Ən böyük yeniliklərdən biri isə Azərbaycanda ilk robot laboratoriyasının açılmasıdır. Bu laboratoriya süni intellekt və robototexnika sahəsində praktik tədqiqatların aparılmasına imkan verir. Artıq yaxın günlərdə laboratoriya fəaliyyətə başlayacaq və hər kəs onu ziyarət edə bilər. Ümumiyyətlə, universitetdə təbiət elmləri və mühəndislik sahələrinə xüsusi diqqət yetirilir. Güclü laboratoriyalarımız var, süni intellekt həm təbiət elmlərində, həm tətbiqi-texnoloji sahələrdə, həm də humanitar və sosial elmlərdə tətbiq olunur. Bu sahələrdə aparılan tədqiqatlar Xəzər Universitetini regionda qabaqcıl elmi mərkəzlərdən birinə çevirir.
-Tələbələrin sosial rifahı və hərtərəfli inkişafı üçün hansı təşəbbüslər həyata keçirilir?
Tələbə Xəzər Universiteti üçün ən mühüm şərtdir. Fikrimcə, universitet yalnız tələbəsi olduğuna görə mövcuddur. Tələbə olmasa, universitet də olmaz; müəllimlərin işi, proqramların həyata keçirilməsi mənasız olar. Buna görə də tələbələrin məmnuniyyətini təmin etmək və onların arzularını universitetdə gerçəkləşdirmək bizim üçün əsas məsələdir. Xəzər Universiteti hər zaman tələbələr üçün bir qədər çətin, amma keyfiyyətli mühit yaradır. Burada oxumaq asan deyil: ciddi müəllimlər dərs deyir, ciddi proqramlar işləyir. Başqa universitetdə yüz baldan əlli bal alsan keçirsən, amma Xəzər Universitetində keçid balı altmışdır. Məzun olmaq üçün orta qiymət yetmişdən yuxarı olmalıdır. Əks halda tələbə bəzi fənləri yenidən oxuyur. Bu yanaşma ilə biz təmin edirik ki, Xəzər Universitetindən məzun olan hər bir tələbə yaxşı oxuyan və yüksəksəviyyəli mütəxəssis olsun. Bəzən tələbələr tənbəllik edə bilər, amma universitet tələbəni çalışdırır, məsuliyyətli edir. Əksər tələbələr dövlət tərəfindən maliyyələşdirilir və təhsil haqqı dövlət tərəfindən ödənilir. Bu il universitetə gələn tələbələrin təxminən üçdə ikisi dövlət sifarişi ilə oxuyur və aylıq təqaüd alır. Digərləri isə fondlar və universitetin dəstəyi ilə təhsillərini davam etdirirlər. Xəzər Universiteti güclü tələbə yetişdirmək üçün laboratoriyalar qurur, xaricdən müəllimlər dəvət edir və tələbələri xaricdə təcrübəyə göndərir. Tələbə həyatı və onların məmnunluğu bizim üçün həlledici məsələdir. Universitet yalnız akademik bilik deyil, həm də tələbəyə imkan yaradan, inkişaf etdirən mühitdir.
-Məzunların əmək bazarında rəqabət qabiliyyətinin artırılması üçün universitet hansı addımları atır?
-Xəzər Universiteti dəyişiklikləri izləyən, intellektual yanaşmanı önə çəkən universitetdir və məzunları məsuliyyətli və önəmli sahələrdə uğurla çalışırlar. Məzunlarımıza əmək bazarında yüksək tələbat var. Ümumiyyətlə, humanitar sahələrdə təhsil alanlar iş tapmaqda bir az gecikir, amma mühəndislik və təbiət elmləri üzrə məzunlar daha tez işlə təmin olunurlar. Dünya üzrə də vəziyyət belədir. Bəzi tələbələrimiz universiteti bitirmədən, şirkətlərdə işləməyə başlayırlar. Universitet bazarın tələbatını diqqətlə izləyir. Biz proqramlarımızı bazarın ehtiyacına uyğun olaraq daim yeniləyirik, yeni ixtisaslar açırıq. Bəzən Azərbaycanda mövcud olmayan sahələr üçün Nazirlər Kabinetinə müraciət edir və onların təsdiqi ilə həmin ixtisası universitetimizdə açırıq. Bu yanaşma dünyadakı sürətli dəyişiklikləri izləmək və tələbələrimizi əmək bazarı üçün hazırlamaq məqsədi daşıyır.
İlk dəfə Xəzər Universitetində Baytarlıq fakültəsi açılıb və uğurla fəaliyyət göstərir. Fakültə ilə bağlı iki klinikamız var: biri Türkiyənin tanınmış baytarlıq şirkəti “Hasvet” ilə əməkdaşlıq nəticəsində açılıb, digərinin isə yaxın günlərdə açılışı olacaq. Bu klinikalarda tələbələr həm laboratoriya işləri, həm də praktik təcrübə üzrə dərs keçəcəklər. Müəllimlə birgə tələbələr xəstə heyvanlara qayğı göstərəcək, müalicə edəcək və öyrənəcəklər. Belə müəssisələrin açılması həm də iş imkanları yaradır. Artıq bir sıra şirkətlər universitetimizlə müqavilə imzalayır, biz isə onlara heyvanların düzgün bəslənməsi və baxımı sahəsində dəstək veririk. Bu sahə çox mühüm və gələcək üçün perspektivlidir.
-Xəzər Universitetinin indiyədək əldə etdiyi ən böyük uğurlar hansılardır?
Bu illər ərzində ən böyük uğurumuz odur ki, həm Azərbaycanda, həm də xaricdə Xəzər Universiteti güclü və keyfiyyətli bir təhsil müəssisəsi kimi tanınır. Biz bazara daxil olaraq rəqabət aparmağı bacardıq və özümüzü təsdiqlədik. Lakin uğurlarımızla kifayətlənmirik. Toplantılarımızda uğurlarımızdan yox, çatışmazlıqlardan və itirilmiş imkanlardan danışırıq. Hər gün və hər saat mükəmməlliyə doğru: bu, Xəzər Universitetinin devizidir. Həmişə daha yaxşı olmağa çalışırıq.
Tehsil-press.az














