Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanovun əməkdaşları tarix, informatika və məntiq fənlərindən test imtahanına cəlb etdiyi iddia olunur. Məlumatlara görə, icra başçısı bunun Dövlət İmtahan Mərkəzinin (DİM) tələbi olduğunu bildirib və nəticələrin quruma göndəriləcəyini, zəif bal toplayanların işdən çıxarılacağını deyib.Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən cavab olaraq bildirilib ki, bu istiqamətdə onların hər hansı tələbi yoxdur:
“Bununla bağlı quruma hər hansı məlumat daxil olmayıb”, - cavabda qeyd olunub.
İşçilərin sözlərinə görə, icra başçısı vaxtaşırı bilik səviyyəsini yoxlamaq adı altında onlara əmək müqavilələrinə xitam verilməsi üçün təzyiq göstərir.
***
Məsələ ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyətinə Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, işçilərin işdən çıxarılması məsələsi gündəmdə deyil:
"Aparat əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili, xidməti məsuliyyətinin və peşə biliklərinin artırılması, idarəetmənin müasir tələblərə uyğunlaşdırılması üçün maarifləndirmə tədbirləri mütəmadi həyata keçirilir. Maarifləndirmə tədbirləri rəhbərlik və əməkdaşlar tərəfindən yüksək dəyərləndirilir. Dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi və formalaşdırılması prioritet istiqamətlərdəndir".
Tehsil-press.az










