Coğrafiya İnstitutunun illik hesabatı təqdim edilib

Coğrafiya İnstitutunun illik hesabatı təqdim edilib AMEA-da Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib.
İclasda bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, büro üzvləri, bölməyə daxil olan elmi müəssisə və təşkilatların direktorları və digər şəxslər iştirak ediblər.
Əvvəlcə akademik Fəxrəddin Qədirov iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.
Daha sonra Coğrafiya İnstitutunun 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair illik hesabatı dinlənilib.
Hesabatı təqdim edən müəssisənin direktoru, akademik Ramiz Məmmədov bildirib ki, cari ildə Coğrafiya İnstitutunda "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı", "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" və AMEA Rəyasət Heyətinin müvafiq elmi-tədqiqat proqramları çərçivəsində araşdırmalar aparılıb. O, tədqiqat işlərinin ekosistemlərdə təbii-antropogen təsirlər nəticəsində baş verən dinamik dəyişikliklər və onların proqnozlaşdırılması problemlərinə, geomorfosistemlər və onların təbii ehtiyat potensialının tədqiqinə, su ehtiyatlarının müasir vəziyyətinə və dağ çaylarının sülb axımının araşdırılmasına həsr olunduğunu bildirib. O, bundan əlavə, müəssisədə Xəzər dənizinin ekosisteminin kompleks tədqiqi, iqlim dəyişmələri və səhralaşmada iqlim amilinin rolu, düzən torpaq-bitki örtüyünün antropogen deqradasiyası və bərpası, regionların iqtisadi-coğrafi və demoqrafik problemləri istiqamətində tədqiqatların aparıldığını söyləyib. İnstitutun direktoru tədqiqatlar nəticəsində ölkə ərazisində arid və semiarid zonaların iqlim sərhədlərinin müəyyənləşdirildiyini və müvafiq cədvəl və xəritənin tərtib edildiyini diqqətə çatdırıb. Eyni zamanda, Böyük Qafqazın ən çox sel təhlükəli çaylarının hövzələrində sel ocaqları ərazilərinin kəmiyyət göstəricilərinin müəyyənləşdirildiyini vurğulayıb.
Akademik Ramiz Məmmədov aparılmış tədqiqatların 1 jurnal, 1 kitab, 9 monoqrafiya, 3 dərs vəsaiti, 2 dərslik, 4 metodiki vəsait, 3 fənn proqramı və 2 atlasda əksini tapdığını, müəssisə əməkdaşlarının 152 məqaləsindən 7-sinin "Web of Science" elmi bazasında indeksləşən jurnallarda dərc olunduğunu bildirib.
Məruzəçi, həmçinin cari ildə Coğrafiya İnstitutunda İKT sahəsində keçirilən treninqlər, müəssisənin beynəlxalq əlaqələri və qrant layihələri, elmi kadrların hazırlanması istiqamətində görülən işlər və s. barədə iştirakçılara məlumat verib.
Daha sonra məruzə ətrafında müzakirələr aparılıb, səsvermə nəticəsində hesabat yekdilliklə qəbul edilib.

Tehsil-press.az

Oxşar xəbərlər