Ermənilərin Qarabağda məhv etdikləri maddi mədəniyyət abidələrinə həsr olunmuş respublika konfransı keçirilib

Ermənilərin Qarabağda məhv etdikləri maddi mədəniyyət abidələrinə həsr olunmuş respublika konfransı keçirilib Mərkəzi Elmi Kitabxanada “Azərbaycanın Ermənistan və Qarabağda məhv edilmiş maddi mədəniyyət abidələri: kitabxanalar, muzeylər, təhsil ocaqları nümunəsində” mövzusunda vebinar - respublika elmi konfransı keçirilib.
Konfransı kitabxananın direktoru, professor Məmməd Əliyev açaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində xalqımızın yumruq kimi birləşərək həmrəylik nümayiş etdirdiyini söyləyib. M.Əliyev erməni faşizminin Azərbaycanın maddi və mənəvi irsini məhv etdiyini, tarixi abidələrimizin və məscidlərin dağıdıldığını diqqətə çatdırıb, bu həqiqətlərin ictimailəşdirilməsi baxımından konfransın əhəmiyyətini qeyd edib. Həmçinin Azərbaycan həqiqətlərinin ölkəmizdən kənarda da təbliğ etmək məqsədilə konfransın materiallarının MEK tərəfindən rus və ingilis dilllərinə tərcümə olunacağını bildirib. Eyni zamanda, işğaldan azad olunmuş rayon, şəhər, kənd və qəsəbələrdə MEK-in yaxından dəstəyi və könüllü qruplarının birgə təşəbbüsləri ilə kitabxana-informasiya şəbəkəsinin yaradılmasında da öhdələrinə düşən işi yerinə yetirməyə hazır olduqlarını deyib.
Plenar iclasda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Hacıfəxrəddin Səfərlinin Ermənistanda məhv edilən və mətnləri təhrif olunan bəzi epiqrafik abidələr haqqında məruzəsi dinlənilib. Vurğulanıb ki, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandal münasibət göstərilib, kitabələrin mətni təhrif edilib. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan sarayı və Sərdar məscidi məhv edilib. Qeyd olunub ki, İrəvan yaxınlığındakı Qaraqoyunlu tayfalarından biri olan Saadlu türk tayfasının başçısı Əmir Saadın dəfn edildiyi Pir Hüseyn türbəsi “türkmən abidəsi” kimi qələmə verilib. Ermənistanın Qarakilsə rayonunun Urud kəndində İslam dininə etiqadın göstəricisi olan abidələrin üzərindəki yazılara əlavə hərflər daxil edilərək tarixi izləri itirilib. Vurğulanıb ki, abidələrin üzərindəki Azərbaycan dilində şeirlər, tarixi həqiqətlər məhv edilir.
Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, professor Ramilə Dadaşova “İşğaldan azad olunmuş ərazilərdə maddi-mədəniyyət abidələri və işğalçı Ermənistan dövlətinin məsuliyyətə cəlb olunmasının hüquqi əsasları” mövzusunda məruzəsində dağıdılmış maddi mədəniyyət nümunələri əsasında ermənilərin Azərbaycan dövlətçiliyinə və xalqına qarşı törətdiyi beynəlxalq cinayətlərdən danışıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının qoşulduğu Haaqa Konvensiyası, protokolları və bu qəbildən olan digər konvensiyalar hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən maddi nümunələrin müdafiə edilməsini iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur. Ona görə də, tarixi abidələrimizin erməni vandallığına məruz qalması bu konvensiyaların prinsiplərinə tamamilə ziddir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Lütfiyyə Əsgərzadə məruzəsində Fazil İrəvaninin “Qızılgül və Bülbül” əsərinin dəfələrlə ermənilər tərəfindən öz adlarına çıxaraq nəşr olunmasına münasibət bildirilib.
Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar İsmayılova “Ermənistanın işğalına qədər Dağlıq Qarabağın kitabxanaları: statistika” adlı məruzəsində 27 illik erməni işğalının və barbarlığının Qarabağ və onun ətrafındakı rayonlarda mövcud olmuş kitabxanalardan da yan keçmədiyini və vandalizm faktlarını statistik rəqəmlərlə qeyd edib. Ermənistan tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda işğalaqədərki kitabxana sistemi və işğaldan sonra məhv edilmiş kitab nüsxələrinin sayı, Azərbaycanın kitabxana-informasiya sahəsinə vurulan zərər iştirakçıların diqqətinə çatdırılıb.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev “Törədilən beynəlxalq cinayətlərə görə Ermənistanın siyasi və hərbi rəhbərliyinin mühakiməsini zəruri edən amillər” mövzusunda məruzə ilə çıxış edib. O, cinayətlərdə iştirak edən Ermənistan siyasi və hərbi rəhbərliyinin mühakimə olunmasını hüquqi kontekstdə təhlil edib. Ə.Allahverdiyev Gəncə hadisələrinin terror adlandırılmasının da yanlışlığını, səhv termindən istifadənin məsələnin düzgün təhlil edilməməsinə səbəb olduğunu bildirib. Qeyd edilib ki, müharibə cinayəti və terror tərkib elementlərinə görə fərqlidir. Ona görə də, Gəncə və Bərdədə baş verən hadisələri terror adlandırmaq onun hüquqi yükünü azaltdığı üçün müharibə cinayəti adlandırılmalıdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva “Füzuli rayonunun talan edilmiş kitab və kitabxana mədəniyyəti” mövzusunda məruzəsində Füzuli rayonunun maddi mədəniyyət nümunələri və kitabxanaları barədə məlumatları görüntülü təqdimatla iştirakçıların diqqətinə çatdırıb.
Əlyazmalar İnstitutunun doktorantı, MEK-in Biblioqrafiya şöbəsinin “Biblioqrafik vəsaitlərin hazırlanması” sektorunun müdiri Təranə Rüstəmova “Qarabağda mərkəzləşdirilmiş kitabxana sistemlərinin yaranması tarixi və onların Ermənistan dövləti tərəfindən məhv edilməsi” adlı məruzəsində arxiv və kitabxanaların məhv edilməsinin erməni vəhşiliyinin əsasını təşkil etdiyini vurğulayıb. T.Rüstəmova erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 9 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 927 kitabxana və orada saxlanılan 4,6 milyon nüsxə kitabın talan edildiyini, 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələrinin işğal zonasında qaldığını qeyd edib.
Vebinarda Bakı şəhər Nizami rayonu Kamil Əliyev adına 61 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Dunay Mahmudova Qarabağda məhv edilmiş Ağdam çörək muzeyi ilə bağlı çıxış edib.
Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

Tehsil-press.az

Oxşar xəbərlər