Şanlı qəhrəmanlıq salnaməsi

Şanlı qəhrəmanlıq salnaməsi İki yüz ildən çox müddət ərzində Azərbaycan xalqı vaxtaşırı erməni millətçiləri tərəfindən həyata keçirilən deportasiya, soyqırımı və etnik təmizləmə siyasəti ilə üzləşib. Azərbaycanlıların doğma torpaqları, ata-baba yurdu olan Qərbi Azərbaycandan (indiki Ermənistan) kütləvi şəkildə deportasiyaya məruz qalması ilə xalqımıza qarşı böyük miqyasda ağır cinayətlər törədilib.
Bu fikirlər Bakı Slavyan Universitetinin dosenti Dilarə Hacıyevanın “Şanlı qəhrəmanlıq salnaməsi” məqaləsində yer alıb. Məqalədə qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində Ermənistandan öz silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarmaq tələb edilsə də, işğalçı dövlət bu tələbləri yerinə yetirmədi. Ermənistanın qeyri-konstruktiv mövqe tutması üzündən münaqişə sülh yolu ilə həllini tapmadı, ədalət bərpa edilmədi. Eləcə də ATƏT-in Minsk qrupunun fəaliyyəti bir nəticə vermədi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalan qətnamələrini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında birləşən xalqımız və rəşadətli Azərbaycan əsgəri reallaşdırmalı oldu.
Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci ilin iyul ayında Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. 2020-ci ilin iyul, avqust və sentyabr aylarında ardıcıl törədilən təxribatlar nəticəsində atəşkəs yenidən pozuldu, mülki əhaliyə kəşfiyyat-diversiya qrupları tərəfindən hücumlar edildi. Ötən il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzü ordumuzun əks-hücum əməliyyatına başlamasına səbəb oldu. 44 günlük Vətən müharibəsi erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarının darmadağın edilməsi və ötən il noyabrın 10-da Azərbaycan Respublikası, Rusiya Federasiyası və Ermənistan arasında üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi.
İkinci Qarabağ müharibəsi zamanı yenidən Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımızın Ermənistan tərəfindən ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 100-dək mülki şəxs öldürülüb, 400-dən çox insan yaralanıb.
Ərazi iddiaları ilə hamını təngə gətirən, qonşu dövlətlərin yardımları hesabına yaşasa da, onların başının bəlasına çevrilən, siyasi havadarlarının sifarişi ilə oynayan Ermənistanın mənfur faşist xuntasının təcavüzkar, terrorçu siyasəti göz önündədir və bu siyasət regionda sülhə, dinc asayişə qarşı hər zaman ciddi təhlükə olub.
Qəsdən dinc əhalinin hədəfə alınmaqla artilleriya hücumlarına məruz qalması Azərbaycan hökuməti, BMT, Avropa İttifaqı dövlətləri, Türkiyə tərəfindən sərt formada qınanıb, xalqımıza qarşı soyqırımı aktı kimi qiymətləndirilib. Prezident İlham Əliyev bu hücumu müharibə cinayəti adlandırıb, elan edilmiş atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirib və ermənilərə uyğun cavabın veriləcəyini bildirib: “Mən demişdim ki, biz eyni qaydada cavab verməyəcəyik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik”.
Azərbaycan Prezidentinin bu fikirləri Azərbaycan dövlətinin və xalqının mövqeyini əks etdirir. Vətən müharibəsi günlərində xalq öz siyasi liderinin ətrafında daha da sıx birləşdi. Vətən torpaqlarını işğaldan azad etmək amalı uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.
XXI əsrdə insanlığa qarşı ən ağır cinayətlər törədən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini beynəlxalq ictimaiyyət kəskin şəkildə qınamalıdır. Ermənistana beynəlxalq hüququn öhdəliklərinə, qonşu dövlətlərin dinc yanaşı yaşamaq prinsiplərinə əməl etməyə məcbur olduğu bildirilməlidir.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının xüsusi əhəmiyyət daşıyan bir məsələ olduğunu, Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürüldüyünü, qərəzli, saxta məlumatlar dərc edildiyini, ona görə xarici mediada bizim təbliğatımızın, mövqeyimizin çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını Prezident İlham Əliyev dəfələrə öz çıxışlarında qeyd edib. Almaniyanın ARD televiziya kanalına müsahibəsi zamanı alman müxbirinin Qarabağın nəyə görə xalqımız üçün bu qədər önəmli olduğu sualına cavabında ölkə rəhbərinin “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır” cavabı, dövlətimizin başçımızın digər çıxışları, verdiyi müsahibələr, apardığı dialoqlar onun səmimilik, millilik, vətənpərvərlik, insanpərvərlik kimi ali, humanist keyfiyyətlərə, eyni zamanda, yüksək elmi-siyasi intellektə, geniş, hərtərəfli dünyagörüşünə, yüksək səviyyədə siyasi dialoq aparmaq bacarığına, ünsiyyət mədəniyyətinə malik olduğunu bir daha təsdiq etdi.
Qırx dörd günlük hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Qarabağın tacı sayılan Şuşa şəhərini azad etdi. Həmçinin Ağdam, Kəlbəcər və Laçın rayonları hərbi əməliyyatlar aparılmadan və qan tökülmədən Azərbaycana qaytarıldı.
Azərbaycanın iqtisadi gücü, xalqın əzmi və iradəsi, xalq-iqtidar birliyi, müasir ordu quruculuğu Qələbəni təmin edən mühüm amillər oldu. Xatırladaq ki, “Valday” Beynəlxalq Diskussiya Klubunun 2019-cu ilin oktyabrında keçirilən XVI illik iclasında Prezident İlham Əliyevin çıxışında söylədiyi “Qarabağ Azərbaycandır və nida!” lakonik və dəqiq cavabının arxasında iqtisadi və siyasi müstəqillik, güclü və dinamik iqtisadiyyat, yenidən qurulmuş və ən müasir hərbi texnikaya, yüksək təlim keçmiş cəsur, vətənpərvər canlı qüvvəyə malik qüdrətli ordu, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşmiş, haqq-ədalət işinə böyük inamı olan xalq dayanırdı. Dövlətimizin başçısı bu il aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırla görüşündə isə deyib: “Mən dəfələrlə bildirmişdim ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bunu həll edib və 30 ilə yaxın kağız üzərində olan qətnamələri yerinə yetirib və artıq münaqişə tarixdə qalıbdır”.
Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq Zəfər çaldı.

Tehsil-press.az

Oxşar xəbərlər