
Ümumilikdə isə Azərbaycanda 67 nazir müavini var. Ən çox müavini olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. FHN rəhbərinin 8 müavini var. Ən az müavini olan isə Pərviz Şahbazovdur. Energetika nazirinin bir müavini var.
Qadın nazir müavinləri ilə bağlı məlumatları təqdim edir.
Məmmədəliyeva Sevda Yusif qızı
1967-ci il təvəllüdlü Sevda Məmmədəliyeva uzun müddətdir ki, nazir müavini postundadır. O, əvvəlcə 1999-cu ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə mədəniyyət nazirinin müavini təyin olunub. 2006-cı ildə isə Mədəniyyət Nazirliyi ləğv edildikdə və onun əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamla mədəniyyət və turizm nazirinin müavini vəzifəsinə gətirilib.
20 aprel 2018-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyi ləğv edilib və onun əsasında Mədəniyyət Nazirliyi yaradılıb. Sevda Məmmədəliyeva isə fəaliyyətinə mədəniyyət nazirinin müavini kimi davam edib.
İlhamə Qədimova
O, 1975-ci ildə anadan olub. Türkiyədə təhsil alan İlhamə Qədimova, 11 il özəl sektorda hüquqşünas və konsultant olaraq çalışıb.
Hazırda çalışdığı nazirliyə gəlişi 2018-ci ilə təsadüf edir. O, həmin ilin may-sentyabr aylarında Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
2018-ci ilin sentyabrın 24-də isə Prezident İlham Əliyevin sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.
Həsənova Sevinc Telman qızı
1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakultəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.
1993-2006-cı illərdə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb.
Prezident İlham Əliyevin 6 iyul 2006-cı il tarixli sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. 2014-cü ildə iqtisadiyyat və sənaye nazirinin müavini kimi çalışıb. 2016-cı ildə isə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Əliyeva Nigar Ramiz qızı
O, 2009-cu ildən bu günə kimi səhiyyə nazirinin müavini vəzifəsində çalışır.
1969-cu ildə Bakıda anadan olan Nigar Əliyeva, nazir müavini təyin olunmamışdan öncə, qurumda Ümumi şöbənin müdiri olub.
ATU-nun 1992-ci il məzunu olan N.Əliyeva nazirlikdə çalışanadək Respublika Diaqnostika Mərkəzində (1993-2006-cı illər) həkim kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Azərbaycanda qadın nazir müavinlərindən biri də təhsil nazirinin sabiq müavini Məhəbbət Vəliyeva olub. O, 2020-ci ilin dekabrında tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova da vaxtilə nazir müavini kimi çalışıb. O, daha əvvəl mədəniyyət və turizm nazirinin müavini olub. N.Qədimova 2015-ci ildə Naxçıvanın mədəniyyət və turizm naziri, 2018-ci ildə Muxtar Respublikanın mədəniyyət naziri təyin edilib.
Tehsil-press.az