BDU-da akkreditasiya və keyfiyyət təminatı üzrə beynəlxalq ekspert Achim Hopbachla görüş keçirilib

BDU-da akkreditasiya və keyfiyyət təminatı üzrə beynəlxalq ekspert Achim Hopbachla görüş keçirilib Bakı Dövlət Universitetində (BDU) akkreditasiya və keyfiyyət təminatı üzrə beynəlxalq ekspert Achim Hopbach ilə görüş olub.
Görüşdə keyfiyyətin təminatı sahəsində Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən layihənin koordinatoru İlkin Əsgərov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Akkreditasiya və lisenziya şöbəsinin müdiri Elmar Mustafayev də iştirak ediblər.
BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Azərbaycan universitetlərinin Aİ-nin layihəsi əsasında meyarlar üzrə beynəlxalq akkreditasiyası onlara güclü və zəif tərəflərini müəyyənləşdirməyə və strateji inkişaf proqramı əsasında inkişaf etmələrinə imkan verəcək. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Tədqiqat Universiteti” statusu üzrə müəyyənləşdirdiyi meyarlara uyğun olaraq BDU-da artıq 6 ixtisaslaşma beynəlxalq akkreditasiyadan keçib, riyaziyyat istiqamətində daha bir neçə ixtisaslaşma üzrə özünütəhlil hesabatları hazırlanıb, təhsil proqramları yenilənib və akkreditasiyanın keçirilməsi üçün işlər yekunlaşmaq üzrədir. Fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün BDU-nun strukturu yenidən formalaşdırılıb, struktur bölmələrinin fəaliyyəti optimallaşdırılıb, prioritet istiqamətlər üzrə sənaye yönümlü yeni laboratoriya və mərkəzlər yaradılıb. Elektron kitabxana yenilənir. BDU-nun “Web of Scince” bazasına və “InCites” qiymətləndirmə sisteminə açıq çıxışı mövcuddur. BDU daxilindən EBSCO, IOP, BIONE, OED, “Cambridge University Press Journal”, “Springer”, “Springer Nature” və s. nəşriyyatlardan elmi məqalə və ya kitabların elektron variantlarını əldə etmək mümkündür. Elmi tədqiqatların aparılması üçün elmtutumlu avadanlıqdan kollektiv istifadənin təmin edilməsi məqsədilə BDU-nun nəzdində Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi yaradılıb və strukturu formalaşdırılıb. Mərkəzdə elm-təhsil-innovasiya triadası çərçivəsində elmi tədqiqatlar aparılır.
Beynəlxalq ekspert Achim Hopbach isə qeyd edib ki, təhsildə keyfiyyətin təmin olunması üçün universitetlərlə görüşlər, onların fikir və təkliflərinin dinlənilməsi akkreditasiya üzrə meyarların daha təkmil formalaşdırılmasına, akkreditasiya prosesinin şəffaf və operativ keçirilməsinə imkan verəcək.
Görüşdə universitetlərin akkreditasiyadan keçməsi üçün ümumi və xüsusi meyarlar üzrə müzakirələr aparılıb. Qeyd olunub ki, gələcəkdə akkreditasiya prosesində profilindən asılı olaraq universitetlərə xüsusi yanaşmaların tətbiq edilməsi daha məqsədəmüvafiqdir.

Tehsil-press.az


Oxşar xəbərlər