Türkiyəli mütəxəssis BDU-da gənc tədqiqatçılar və tələbələr üçün ustad dərsi keçib

Türkiyəli mütəxəssis BDU-da gənc tədqiqatçılar və tələbələr üçün ustad dərsi keçib Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin sədri, müəlliflik hüquqları sahəsində tanınmış mütəxəssis Mehmet Nuri Parmaksız Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələri üçün “Müəlliflik hüququ” mövzusunda ustad dərsi keçib.
Ustad dərsində əvvəlcə müəlliflik hüququnun tarixi, təməl anlayışları və prioritetləri barədə məlumat verilib. 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 27-ci maddəsində hər bir insanın müəllifi olduğu elmi, ədəbi, yaxud bədii əsərlərin nəticələrindən ibarət mənəvi və maddi mənafelərini müdafiə etmək hüququna malik olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, hər bir əsərin mühafizəsinin təmin edilməsi müvafiq dövlət qurumlarının prioritetlərindən hesab olunur. Əqli mülkiyyət hüquqlarının təməl insan hüquqlarından biri olduğunu vurğulayan natiq bu sahədə ilk qanunun 1709-cu ildə Britaniya parlamenti tərəfindən qəbul edildiyini bildirib, eyni zamanda, Türkiyədə müəllif hüquqlarının tarixindən, formalaşmasından bəhs edib. Diqqətə çatdırılıb ki, Osmanlı dövründə müəllif hüquqları ilə bağlı ilk hüquqi sənəd 1857-ci il qəbul edilmiş Müəllif Hüquqları Əsasnaməsidir. Türkiyənin 1995-ci ildən Bern Konvensiyasını qəbul etdiyini diqqətə çatdıran mütəxəssis əqli mülkiyyət hüquqlarının daha yaxşı qorunması üçün zaman-zaman qanunvericilikdə yeniliklərin tətbiqinin zəruriliyini vurğulayıb.
Mühazirədə, həmçinin müəllif hüquqlarının qüvvədə olma müddəti, pozulması halları, piratçılıqla mübarizə üsulları barədə bəhs olunub. Bildirilib ki, müəllif hüquqlarının pozulması halı miqyasından asılı olaraq mülki davanın açılması və ya cinayət işinin başlanması ilə nəticələnə bilər. Türkiyədə piratçılıqla mübarizə üsulları barədə məlumat verən natiq bu məqsədlə banderol, qeydiyyat və sertifikatlaşdırma sistemlərinin tətbiq edildiyini bildirib, hər üç sistemin özəllikləri, üstünlükləri barədə danışıb.
Sonra dinləyicilərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər