"Məktəblərdə təhsilin səviyyəsi qaldırılmalı, repetitorluq ləğv edilməlidir”

Bu il DİM tərəfindən keçirilmiş buraxılış imtahanlarında maksimal nəticənin (300 bal) qeydə alınmaması ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Bir çox ekspertlərin fikrincə, imtahan nəticələrinin ürəkaçan olmaması təhsilin keyfiyyətinin aşağı düşməsindən irəli gəlir.
Bəs, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri bu barədə nə düşünürlər?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Etibar Əliyev bildirib ki, imtahanda abituriyentlərin yüksək nəticə əldə edə bilməməsi təhsilin səviyyəsinin aşağı olması mənasına gəlmir:
“Fikrimcə, maksimal bal sayılan 700 balı təhsilin keyfiyyət göstəricisi kimi qiymətləndirmək doğru olmaz. Cəmiyyətdə elə fikir yaranıb ki, 700 bal toplayan abituriyent yoxdursa, deməli təhsilin səviyyəsi aşağıdır. Məncə, əsas 600-dən yuxarı bal toplayan abituriyentlərin sayının enməməsi, 0-100 bal arası nəticə göstərən abituriyentlərin sayının artmamasıdır. Amma təəssüf ki, biz son illərdə 0-100, 0-200 bal toplayan abituriyentlərin artımını müşahidə edirik. Bu, funksional savadsızlıq deməkdir. Düşünürəm ki, əsas faktor bunlardır. Ola bilər, abituriyent imtahan zamanı verilən suallardan bir, yaxud ikisini yanlış cavablandırdığına görə maksimal nəticə toplaya bilməsin. Amma bütün hallarda o abituriyentləri də həvəsdən salmaq olmaz. Əsas 600-700 bal arası nəticələrin müsbətə doğru irəliləməsidir. Digər tərəfdən hər il DİM sədri Məleykə Abbaszadə qəbul prosesindən sonra statistik təhlil aparır. Orada maraqlı məsələlərə toxunulur. Məsələn, hansı rayonlar üzrə əlaçı attestatı verilən abituriyentlərin bilikləri qəbul zamanı özünü doğrultmayıb? Hansı abituriyentə əlaçı attestatı verilib, amma o, imtahanda 0-200 bal arası nəticə göstərir. Bu çox ciddi məqamdır. Fikrimcə, bu məsələyə ciddi diqqət göstərmək lazımdır”.

Tehsil-press.az


Oxşar xəbərlər