Türkiyənin erməni üzü...

Türkiyənin erməni üzü... Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun uzadılmasına dair saziş yadınızdadırmı? Saziş 2010-cu ilin avqustun 20-də İrəvanda Rusiya prezidenti Dmitri Medvedevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında danışıqlardan sonra imzalanmışdı. Müqavilə Rusiyanın Ermənistandakı hərbi bazasının icarə müddətinin 2020-ci ildən 2044-cü ilə qədər uzadılmasını nəzərdə tuturdu...
Bu müqaviləni imzalananda çoxları əmin idi ki, Rusiya bundan sonra da işğal olunmuş Azərbaycan torpaqlarının Ermənistanın nəzarətində qalması üçün lazım olan hər şeyi edəcək. Sonrası da məlumdur. II Qarabağ müharibəsi zamanı bu saziş gərəksiz kağız parçasından başqa bir şey deyildi...
O da aydındır ki, ağlı başında olan heç kəs Rusiya hərbçilərinin 2044-cü ilə qədər Ermənistanda qalacağını düşünmür. Böyük ehtimalla deyə bilərik ki, Putinin gedişindən dərhal sonra Rusiya qoşunları Ermənistandan qovulacaq. Paşinyanın imkanı olsa, günü bu gün rus hərbçilərinin qulağından tutub Ermənistandan bayıra vızıldadar...
Başqa bir misal: 2022-ci ilin fevralın 22-də Moskvada İlham Əliyev və Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalandı. Kağız üzərində Azərbaycan Rusiya ilə müttəfiqdir. Həqiqətdə isə bu ölkələr "mehriban düşmən" kimi bir şeydir...
Bunları niyə yazıram? Bəzi sadəlövh dostlarımız deyir ki, Türkiyədə kimin prezident olması Azərbaycan üçün o qədər də önəmli deyil. CHP lideri Kamal Kılıçdaroğlu da prezident olsa Şuşa Bəyannaməsi — 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyannamə öz hökmünü qoruyub saxlayacaq. Vallah, mən o qədər də optimist deyiləm.
Hələ 2008-ci ildə Ahmet İnsel, Baskın Oran, Cengiz Aktar ve Ali Bayramoğlu "1915'te Osmanlı Ermenilerinin maruz kaldığı Ermeni Kırımı" ilə əlaqəli 10 dildə “Özür Diliyorum” kampaniyasına başladı. 24 saat ərzində bu kampaniyaya 5 min nəfər qoşuldu.
O vaxt da bu kampaniyaya qarşı Tayyib Ərdoğan və Dövlət Baxçalı çıxdı. Türkiyənin prezidenti olan Abdullah Gül isə kampaniyaya dəstək verdi. CHP-nin İzmir millət vəkili Canan Arıtman onda Abdullah Gülün anasının erməni olduğunu dilə gətirdi...
Allah Zəlimxan Yaquba rəhmət eləsin. Bu məsələ ilə bağlı "Türk yağıdan üzr istəməz!" adlı şer yazdı. Bu işdə “iblis barmağı var” deyən şair həmin şerində deyirdi:

Düzü tərsə yazanlar var,
Doğru yoldan azanlar var,
Türkə quyu qazanlar var,
Türk yağıdan üzr istəməz...


Daha öncə isə “Aqos” qəzetinin baş redaktoru İstanbulda sui-qəsd nəticəsində 2007-ci ildə öldürülmüş erməni əsilli Türkiyəli jurnalist Hrant Dinkin (1954) cənazə törənində on minlərlə insan "Hepimiz Hrant'ız, hepimiz Ermeniyiz" şüarını erməni, kürd və türk dillərində səsləndirilmişdir.
2009-cu ildə Bursada keçirilmiş Türkiyə-Ermənistan maçından sonra Azərbaycan-Türkiyə arasında bayraq qalmaqalı yaşanması necə, yadınızdadır? Zibil konteynerlərinə kütləvi şəkildə atılan Azərbaycan bayraqlarını unutmaq olarmı? Bakıdakı türk şəhidliyi abidəsindən Türkiyə bayrağının yığışdırılması da tarixdən silinməyəcək. Zəlimxan Yaqubun dediyi “iblis barmağı“ araya girəndə belə əcaib təlatümlər yaşanır.
Sözümün canı o ki Türkiyənin erməni üzü də var. CHP lideri Kamal Kılıçdaroğlu prezident seçilsə, Türkiyənin erməni üzü yenidən və daha həyasız formada üzə çıxacaq. Mən buna əminəm.
Allah bizi o günlərdən saxlasın. Türkiyənin erməni üzünə bir dastan bağlamaq üçün nə yazıq ki Azərbaycanın daha Zəlimxan Yaqubu da yoxdur...

Elbəyi Həsənli, Sürix



Oxşar xəbərlər