Qazinin çənəsini qıran Rəvanı söyməyə haqqınız varmı?

Qazinin çənəsini qıran Rəvanı söyməyə haqqınız varmı? Ötən gün çox pis bir hadisə baş verdi: Müharibə iştirakçısı olan gənc əlillik almaq üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində olarkən bu qurumun əməkdaşı, qazi Namiq Babayevi vurub, çənəsini, dişlərini sındırdı.
Çox pis, olduqca kədərləndirici hadisədir: Namiq Babayev keçmiş xüsusi təyinatlıdır, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilib, qazidir, qəhrəmandır, qürur yerimizdir!
Bəs, Rəvan kimdir ki? O da xüsusi təyinatlı, o da müharibə iştirakçısı...
Rəvan Fikrət oğlu Nəbizadənin tərcümeyi-halına baxın: əslən Qubanın Uzunmeşə kəndindəndir, Bakıda 1994-cü ildə anadan olub. Ağır çəkili peşəkar boksçudur, Avropa çempionudur. Türkiyədə keçirilən yarışda rəqibi Akın İsgəndəri ikinci raundda nokaut etməsi ilə məşhurdur.
Müharibənin ilk günündən orduya könüllü yazılıb, 29 sentyabrda (2020) kəşfiyyat qrupunun tərkibində döyüşlərə qatılıb – bir növ, Rəvan da vurduğu Namiq kimi xüsusi təyinatlıdır.
Vətən müharibəsi zamanı “2 muzdlu erməni hərbçisini əsir alıb, 7 düşmən öldürüb, döyüş zamanı neytral zonadan 18 şəhid çıxalıb”. Dosyesində yazılanlar bunlardır. Fikir verirsinizmi?
Hələ gerisi də var: döyüşlər zamanı qolundan ağır yaralanıb, lakin geri çəkilməyib, Bakıya gəlməyib, hospitalda yatmayıb, müharibənin son gününə kimi döyüşüb.
Qəribədir ki, nə qədər axtarsaq da, Rəvanın Şuşanın və yaxud Füzulinin azad olunmasına görə medalla təltif olunması haqda heç bir xəbər görmədik – halbuki onun məhz bu əməliyyatlarda aktiv iştirak etdiyi haqda dosyesində bildirilir.
Fərqi yoxdur, 44 günlük Vətən müharibəsində iştirak edən hər kəs, medal alıb-almamasından asılı olmayaraq, qəhrəmandır, igiddir, qalibdir...
İndi bir suala aydınlıq gətirməyə çalışaq: videolardan da göründüyü kimi, dəmir əzələlərə malik ağır çəkili boksçu, Avropa çempionu, ən güclü rəqibini 23 fevral 2023-cü ildə - yəni müharibədən xeyli sonra - ikinci raundda nokaut etməyi bacarmış şəxs niyə əlillik almaq istəsin ki? Ağır döyüşlərə çıxan boksçu niyə əlil adına iddia etməlidir? Nə baş verib?
Qətiyyən inandırıcı deyil ki, Rəvanın səhhətində hər şey qaydasında olduğu halda əlillik almağa çalışsın.
Qətiyyən inandırıcı deyil ki, Rəvanın maddi durumu kifayət qədər normal olsun, amma o, yenə də əlillik almaq istəsin.
Belədirsə, mütləq aydınlaşdırmalıdır: Rəvanın səhhətində hansı problem var?
Onun agentliyin binasında davranışı, onunla söhbət edən qazinin döyüşdüyünə inanmadığını hay-küylə qışqırması normal deyil. Bəlkə, Rəvanda həm də ciddi psixoloji problemlər var?
Onu indi hər kəs suçlayır - əlbəttə, bir qazini və yaxud səndən zəif olan şəxsi vurub, çənəsini sındırmaq vəhşilikdir. Ancaq özünüz düşünün: 18 şəhidi neytral ərazidən, yəni düşmən nişangahı altından çıxaran şəxsin heçmi psixoloji durumunda problem olmamalıdır?
18 şəhid, 18 igid, 18 qəhrəmanın dəlik-deşik edilmiş meyitini qucağına almaq və yaxud götürüb xərəyə qoymaq, o cənnətlik gənclərin al-qana boyanmış tənlərini görmək, daşımaq, o halı yaşamaq...
Siz bir dəqiqə öncə kürək-kürəyə verib döyüşdüyünüz səngər yoldaşınızın bir anda düşmən gülləsindən beyninin dağıldığı səhnəsini görmüsünüzmü?
Siz bir dəqiqə öncə deyə-gülə, zarafatlaşa-şənlənə düşmən üzərinə hücum etdiyiniz qardaşınızın al-qana boyanmış, ağrılar içində çırpınan naləsini eşidib, kömək edə bilmədiyiniz üçün çarəsiz, naəlac qalıb, bağırmısınızmı?
Siz səngər yoldaşlarınızın gözünüzün önündə, qucağınızda son sözlərini deyib, canını tapşırdığını görmüsünüzmü, bunları yaşamısınızmı?
İttiham edin Rəvanı, “vəhşi” deyin, “qaniçən” deyin, lənətləyin - bir qazini o cür vurmaq olmazdı.
Ancaq Rəvanın o hərəkətindən əvvəl 42 gün vuruşduğunu, şəhid nəşlərini qucağında daşıdığını unutmayın!
Ancaq Rəvanı əlil adı almaq üçün agentliyə gətirən səbəbi də unutmayın!
Nə qədər əlil, veteran adı almaq istəyən döyüşçü var? Ümumiyyətlə niyə onlar agentlikdə növbəyə düzülməlidir? Niyə onlar gözləməli, tibbi müayinədən keçməli, onlara əlil olub-olmaması diaqnozu qoyulmalıdır?
Müharibədən 2,5 il keçib – bu nə növbədir axı? Kimsə bu suala cavab verə bilər?
Müharibədə iştirak edən bütün əsgərlər əlildir – vacib deyil güllə yarası alsın. Onların yaşadıqları dəhşətləri bir ömür unutmaları mümkün deyil.
O yekəlikdə, dəmir əzələli, öküz kimi sağlam göründüyü təəssüratı yaranan Rəvan əlillik almaq üçün müraciət edirsə, mütləq bir səbəbi var demək.
Niyə o növbə gözləməlidir? Niyə ona və ümumiyyətlə bütün rəvanlara – döyüşçülərə fərqli baxış ortaya qoymamalıyıq?
Qapılarına gedin, evlərində müayinə edin onları: istəyirlərsə, əlillik adı verin, istəməyənlərə hansısa sosial layihəyə salıb, dəstək olun.
Niyə bir müharibə iştirakçısının önünə digər veteran, əlil və qəhrəman çıxarılmalıdır? Biz niyə onları üz-üzə qoymalıyıq axı?
Bu problem nə vaxta qədər davam edəcək? Bu, birinci dəfə deyil axı!
İlk gündən təklif etmişdik: bütün yaralananları – hətta güllə cızığı da olanları – dərhal əlil kimi qeydə alıb, pensiya da kəsin; bütün iştirak edənləri veteran kimi qeydə alın!
Sonra başlayın bir-bir, evində, qapısında, ya da xüsusi dəvətlə çağırıb, müayinə etməyə: əlil deyilsə, çıxarın siyahıdan, pensiyasını da dayandırın, ancaq digər sosial layihələrə elə o andaca əlavə edin.
Bu gün Şuşada, Füzulidə, Laçında, Kəlbəcərdə... onlara görə varıq. Yaralananların sayı yüzminlər deyil, 10-11 min nəfərdir. Yəni bir nazirlik yaralanmış Qalib əsgərlərin yarasına və ən əsası isə Qəlbinə, Ürəyinə, Beyninə hansı məlhəmi çəkmək lazım gəldiyini 2,5 ildir tapa bilmir?...

Tehsil-press.az



Oxşar xəbərlər