Azərbaycan Dünya Çinşünaslar Konfransında təmsil olunub

Azərbaycan Dünya Çinşünaslar Konfransında təmsil olunub Çinin Şanxay şəhərində Dünya Çinşünaslar Konfransı keçirilib.
“Çin sivilizasiyası və Çin yolu – qlobal perspektivlər” mövzusunda keçirilən tədbirdə 60-a yaxın ölkədən 400-dən çox elm adamı və ekspert iştirak edib.
Çin Xalq Respublikasının Sədri Si Cinpin konfrans iştirakçılarına ünvanladığı müraciətində qeyd edib ki, çinşünaslıq təkcə Çinin tarixini deyil, həm də müasirliyini əhatə edən elmdir. Si Cinpin ümidvar olduğunu bildirib ki, müxtəlif ölkələrdən olan ekspertlər və alimlər Çin və digər sivilizasiyaları birləşdirən, inklüzivliyi və açıqlığı dəstəkləyən, sivilizasiyaların qarşılıqlı mübadiləsini təşviq edən elçilər kimi çıxış edəcəklər.
Çinin Dövlət Şurasının (Nazirlər Kabineti) İnformasiya Ofisinin, Mədəniyyət və Turizm Nazirliyinin, Şanxay meriyasının və Şanxay İctimai Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransın açılış mərasimində Dünya Çinşünaslar Assosiasiyasının yaradıldığı elan olunub, “Çinin öyrənilməsinə görkəmli töhfə mükafatı” sahiblərinə təqdim edilib.
Konfransın müxtəlif forumlarında “Çin sivilizasiyası” və “Çinin müasirləşməsi” mövzuları diqqət mərkəzində olub.
Konfransın “Çin sivilizasiyasını ideyalar, təsisatlar və artifaktlar vasitəsilə anlamaq” adlı altforumda çıxış edən Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev Azərbaycan-Çin humanitar əlaqələrindən danışıb, elm-təhsil, ədəbiyyat sahəsində əməkdaşlıqdan bəhs edib. Bu xüsusda Azərbaycan və Çin klassik əsərlərinin qarşılıqlı olaraq tərcüməsi layihəsinin əhəmiyyətindən danışan A.Əliyev bildirib ki, layihənin icrası Çində Azərbaycan ədəbiyyatı haqqında məlumat çatışmazlığı məsələsinin həllinə böyük töhfə verəcək.

Tehsil-press.az



Oxşar xəbərlər