TQDK-nı əvəz edəcək Mərkəz nələri dəyişəcək?

TQDK-nı əvəz edəcək Mərkəz nələri dəyişəcək? Dövlət İmtahan Mərkəzinin fəaliyyətində Təhsil Nazirliyinin də rolu olacaq.

Dövlət İmtahan Mərkəzinin yaradılması ali məktəblərə qəbul olmağa hazırlaşan abituriyentlərə heç bir təsir göstərməyəcək. Onların işinə heç kim zərər vurmayacaq. Bu Mərkəzin yaradılması idarəetmədə olan bir dəyişiklikdir. ANS PRESS-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
"TQDK-nın ləğv olunması test üsulunun ləğv olunması demək deyil"
Qurumdan aldığımız məlumata görə, TQDK-nın ləğv olunması test üsulunun ləğv olunması demək deyil. Bəs, TQDK-nın ləğvi və yeni qurumun yaradılmasından sonra hansı yeniliklər gözlənilir? Bundan sonra hansı dəyişikliklər ola bilər?
Milli Elmlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru, təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, prezidentin verdiyi sərəncama əsasən, TQDK ləğv olunmayıb, sadəcə adı dəyişdirilib, çünki əvvəlki nizamnamə ilə yeni nizamnamədə yazılanlar 98% eynilik təşkil edir.
"TQDK ləğv olunmayıb, sadəcə yeni ad altında fəaliyyət göstərəcək"
“Burada söhbət TQDK-nın yox, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ləğvindən gedir. TQDK isə yeni bir ad altında, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi adı altında əvvəlki səlahiyyətləri yerinə yetirmiş olacaq.  Test imtahanı yenə əvvəlki kimi qalacaq”, - deyə ekspert bildirdi.
"TQDK-nın adında tələbə qəbulu sözü var. Amma bu qurum təkcə tələbə qəbul etmirdi. TQDK magistratura, doktorantura, rezidentura pilləsinə, 9-11-ci siniflərdə orta ixtisas məktəblərinə qəbul, mərkəzləşdirilmiş imtahanlar həyata keçirirdi, bundan başqa, hüquq-mühafizə orqanlarına, Vergilər Nazirliyinə, daxili işlər nazirliyinə, prokurorluq orqanlarına qəbul həyata keçirirdi. Azərbaycan təhsili beynəlxalq təşkilatların və qurumların üzvüdür. Buna görə də magistratura və ya doktorantura pilləsini bitirən beynəlxalq təşkilatlara gedib sənədini təqdim edən tələbə müəyyən çətinliklərlə üzləşirdi. Bu isə TQDK-nın adı ilə bağlı idi. Prezidentin verdiyi fərman təhsil müəssisələrinə tələbə qəbulunun beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını nəzərdə tutur”, - deyə Kamran Əsədov qeyd etdi.
Yeni yaradılan Dövlət İmtahan Mərkəzində müəyyən yeniliklər də var. Belə ki, TQDK əvvəllər heç bir məsələlərdə Təhsil Nazirliyi ilə məsləhətləşmirdisə, bundan sonra bir çox məsələlərdə Təhsil Nazirliyi ilə razılaşmalı olacaq:
Test imtahanının taleyi sual altındadır
“Mərkəz orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək. Bundan başqa, mərkəz həm də yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirəcək, imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayacaq və Təhsil Nazirliyi ilə razılaşdırmaqla təsdiq edəcək. Dövlət İmtahan Mərkəzi həm də ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında  elmi-metodik monitorinqini həyata keçirəcək”.

TQDK-nı əvəz edəcək Mərkəz nələri dəyişəcək?
Kamran Əsədovun sözlərinə görə, yeni nizamnamədə yenilik qurumun idarəetməsi ilə bağlıdır. Mərkəzi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası idarə edəcək. Şuranın səlahiyyətlərinə bir çox məsələlərlə yanaşı, dövlət qulluğu üçün kadrların seçilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi sahəsində qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təşəbbüslər irəli sürmək də daxildir.
"Nizamnaməyə görə, Mərkəzin hüquqlarından biri dövlət orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını tələb etmək olacaq. Bundan başqa, TQDK-nın əvvəllər hazırladığı abituriyent kursları, bundan sonra rəsmi şəkildə, ödənişli əsaslarla həyata keçiriləcək", - deyə ekspert əlavə etdi.

TQDK-nı əvəz edəcək Mərkəz nələri dəyişəcək?
Dövlət İmtahan Mərkəzində yeniliklər

Ötən gün Prezident İlham Əliyevin verdiyi sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.
TQDK ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədi ilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılıb. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilirdi. Komissiyaya Məleykə Abbaszadə rəhbərlik edirdi.

tehsil-press.az

Oxşar xəbərlər