Azərbaycanda qızılca həyəcanı bitdimi... - Novruzdan sonra...

Azərbaycanda qızılca həyəcanı bitdimi... - Novruzdan sonra... Həkimlər hesab edir ki, yoluxma azalır, amma...

Ötən ilin sonlarından başlayaraq qızılcaya kütləvi yoluxma halları müşahidə edilir. 2023-cü ilin payız mövsümü başlayandan etibarən ölkə ərazisində uşaqlar və böyüklər arasında qızılca xəstəliyinin yayılması davam edir.

Epidemioloji vəziyyətin təhlili xəstəlikdən ağırlaşma hallarının əsasən qızılcaya qarşı vaksinasiya olunmayan şəxslərdə müşahidə olunduğunu göstərir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2022-ci ildə qızılcaya yoluxma sadəcə 1 nəfərdə qeydə alınıbsa, 2023-cü ilin yanvar-noyabr ayları arasında bu say 1493-ə çatıb.

Qızılcaya yoluxan 10-dan artıq uşaq vəfat edib. İctimaiyyət arasında qızılca ilə bağlı narahatlıq yaranıb.

Azərbaycanda qızılca təhlükəsi davam edir, yoxsa bitdi? Son durum necədir?

Novruzdan sonra, havaların tədricən istiləşməsi ilə qızılca həyəcanının tam aradan qalxacağı gözləniləndirmi? Nəhayət, eyni vəziyyət gələn tədris ilində də təkrarlana bilərmi? Əhali, valideynlər hansı əsas nəticəni çıxarmalıdır?

Səhiyyə Nazirliyindən bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, hazırda respublika ərazisində istər uşaqlar, istərsə də böyüklər arasında qızılca xəstəliyinin lokal qeydə alınması müşahidə edilir. “Ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhali arasında müalicə-profilaktika müəssisələri tərəfindən peyvənd işləri davam etdirilir”, - açıqlamada deyilir.
bildirib ki, qızılca ilə müvafiq səhiyyə qurumları aktiv mübarizə aparır: “Əks-epidemik tədbirlər aktiv həyata keçirilir. Qızılcaya həssas şəxslər 1-40-yaşadək aşkarlanaraq öz müraciətləri əsasında peyvənd olunurlar. Hazırda epidemioloji durumun sabitləşməsini, bəzi bölgələrdə yoluxma hallarının sayının azalmasını müşahidə edirik. Lakin ölkənin iri şəhərlərində xəstələnmə halları lokal olaraq hələ də müşahidə edilir. Ümumiyyətlə, növbəti aylarda vəziyyətin normallaşması proqnozlaşdırılır”.

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı deyib ki, qızılca koronavirus kimi deyil, birdən çox sürətli yoluxur: “Koronavirusda yoluxma elə sürətli deyildi. Qızılca xəstəliyində yoluxma koronavirusdan 20 dəfə yüksəkdir. Ona görə də daha sürətli yoluxduğu üçün zaman intervalı az olur. İnfeksiyanın pik nöqtəyə çatıb sönməsi üçün qısa müddət tələb olunur. Amma bu, ölkə üzrə baş vermir, ərazi üzrə-müəyyən kənd, qəsəbədə alovlanmalar müşahidə edilir. Peyvənd olunanlar, ya da xəstəliyi yoluxub sağalanlar keçirmir, həssas olanlar yoluxur və infeksiya sönür. Düşünmürəm ki, proses başa çatır. Bəzi kənd, rayonlarda bu proses başa çatıb. Amma yoluxma olmayan zonalar hələ də yoluxma təhlükəsi altındadır. Bunun ən yaxşı yolu peyvəndləmədir. Kim ki peyvənd olunmayıb, xəstəliyə yoluxub sağalmayıb, onların peyvənd olunması tamamilə epidemiyanın sönməsinə səbəb ola bilər. Yazda xəstəlik müşahidə edilə bilir, yayda azalma olacaq, yenidən payız-qış mövsümündə qayıda bilər”.

Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı bildirib ki, qızılca azalan xətlə gedir: “Əvvəlki epidemiya həyəcanı hiss olunmur. Mən deməzdim ki, bu, son peyvəndlənmənin hesabına olub. Çünki bizdə rəsmi məlumat verilməsə də, peyvəndsiz uşaqların sayı kifayət qədərdir. Hər zaman demişəm, pandemiyadan qabaq qızılca var idi, bəlkə indikindən də çox. Pandemiya ilə bağlı qapanmalar oldu, qızılca söndü. Açılan kimi yenə də başlandı. Məntiqi olaraq bu o deməkdir ki, nə qədər peyvəndsiz uşaqlar varsa, qızılca təhlükəsi gözləniləndir. Havaların isinməsindən də sonra baxacağıq. Əslində havanın isti olub-olmamasının fərqi yoxdur, sadəcə, fəsil dəyişəndən sonra müşahidə etmək olar ki, azalır, ya yox. Əslində indiki vəziyyətə sevinmək lazımdır, çünki azalır, ölüm halları yoxdur. Amma bu bizi arxayın salmamalıdır. Yenə də yeganə çıxış yolu uşaq kontingentinin peyvəndlənməsidir. İndi poliklinikalarda Avropa istehsalı vaksinlər gətirilib. Dövlət əhalinin bir bəhanəsini əlindən almış olur. Sadəcə, düşünürəm ki, səhiyyə qurumları müxtəlif yollarla əhalini peyvəndə cəlb etməlidir. Mən yenə həmin fikrimdə qalıram ki, valideynin imtina etməsi ilə peyvəndin vurulmaması çıxış yolu deyil. Biz bunun acı nəticələrini gördük, bu çıxış yolu deyil. Tək qızılca ilə bağlı deyil, göyöskürək sönmür. Çünki göyöskürəyə qarşı uşaqlar peyvənd olunmayıb. Qızılcada ölüm halları olandan sonra valideynlər həyəcanlandılar, bu, təbiidir. Müşahidə etdim ki, peyvəndə maraq artdı. İllərlə peyvəndin əleyhinə olanlar uşaqlarını peyvənd etdirdilər. Bunu digər xəstəliklərə qarşı da tətbiq etmək lazımdır”.

Afaq MİRAYİQ


Tehsil-press.az

Oxşar xəbərlər