“Müəllimin nüfuzunu artırmalıyıq ki, şagirdlər nizam-intizama əməl etsinlər”

“Müəllimin nüfuzunu artırmalıyıq ki, şagirdlər nizam-intizama əməl etsinlər” İtaliyada məktəblərdə şagirdlərin nizam-intizam qaydaları onların sinifdən-sinfə keçmələrinə təsir edir. Belə ki, məktəblilərin davranışları 10 ballıq sistemlə qiymətləndirilir.

Baş naziri müsahibəsində bildirir ki, bu qərar şagirdlərin məktəbə və müəllimlərə hörmətini geri qaytaracaq.

Ölkəmizdə də zaman-zaman yuxarı sinif şagirdlərinin müəllimə və məktəbə qarşı laqeyd davrandıqları gündəmə gəlir. Bu qayda bizdə də tətbiq oluna bilərmi? Uşaqların müəllimə hörmətini, məktəbə məsuliyyətini necə artıra bilərik?

Mövzu ilə əlaqədar AzEdu.az Təhsil Portalına açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, məktəbin, müəllimin, nüfuzunu qaldırmalıyıq ki, şagird nizam-intizam qaydalarına məcburi yox, könüllü şəkildə əməl etsin:

“Son vaxtlarda təhsillə bağlı olduqca ciddi problemlər, narazılıqlar var. Bunların həlli istiqamətində müəyyən qədər cəhdlər olsa da, nəticələrini hələ də görə bilmirik. Düzdür, dövlətimiz Heydər Əliyev Fondunun dəstəyi ilə təhsilə olduqca böyük xərc çəkir. Bir sıra məktəblər təmir olunur, yeniləri tikilir, maddi-texniki baza gücləndirilir. Amma təhsilin idarəedilməsi sahəsində hələ görəcəyimiz işlər çoxdur. Onlara heç şübhəsiz ki, nizam-intizam qaydaları, eləcə də məktəbin və müəllimin nüfuzunun yüksəldilməsi məsələləri aiddir.

Bu cəmiyyətin özünə verdiyi qiymət, eləcə də, mədəniyyət səviyyəsinin göstəricisidir. Səviyyə qalxmalıdır. Məktəbə münasibət evdən başlamalıdır. Müəllim əməyi qədər fədakar əmək yoxdur, eyni zamanda onun qədər də lazımi səviyyədə qiymətləndirilməyən əmək yoxdur.

1960-1980-ci illərdəki müəllim nüfuzunu qaytarmaq üçün bir çox işlər görməliyik. Avropaya inteqrasiya etmək, bir idarəetmə modelindən, digərinə keçmək, boloniya sistemi, kurikulum və s. kimi qulağa xoş səslənən terminləri gətirdik, amma görünən odur ki, onları kifayət qədər tətbiq edə bilməmişik”.

“Çox ciddi problemlərdən biri də repetitorluq məsələsidir”,- deyə millət vəkili vurğulayıb:

“Repetitor olan yerdə müəllimin də nüfuzu olmur. Çünki nəticədə valideyn də, şagird də fikirləşir ki, “mən onsuz da repetitor yanına gedirəm. Ali məktəbə də onun hazırlığı nəticəsinə qəbul olacam. Nəyimə lazımdır məktəb, ya müəllim?”.

Bu özü böyük problemdir. Ona görə də hansısa ölkədəki yeniliyi götürüb, bizdə tətbiq etməklə uğur qazanıb-qazanmayacağımız bəlli deyil.

Söhbətlər gəzir ki, məktəbdə uniformalar tətbiq olunsun. Bunun nə kimi faydaları olacaq? Bunlar problemin görünən tərəfləridir. Biz isə mahiyyətə fokuslanmalıyıq.

Bütün dünya elm və təhsil ilə inkişaf edirsə, biz necə edək ki, bu sahələrdə nüfuzu artıraq?! Nüfuzun artması tək əmək haqqı ilə də tənzimlənmir. Təkcə müəllimin əmək haqqı 10 dəfə də qaldırılsa, yenə əvvəlki hörmət, nüfuz bərpa ola bilməz. Bu məsələyə kompleks yanaşmaq, yeni təcrübəni deyil, uzun illər sınaqdan keçmiş, uğurlu təcrübəni götürməyə üstünlük vermək lazımdır.

Onsuz da məktəblə bağlı olduqca çox işlər görməliyik. Amma yenilikləri tətbiq etmək üçün hesab edirəm ki, tələsmək lazım deyil. Ona görə də əvvəl məktəbin, müəllimin nüfuzunu qaldırmalıyıq ki, şagird də nizam-intizam qaydalarına məcburi yox, könüllü şəkildə əməl etsin”.

Təhsil eksperti Kamran Əsədov açıqlamasında bildirib ki, Azərbaycanda məktəbdə nizam-intizamının gücləndirilməsinə ehtiyac olduğu bir zamanda, belə bir tədbir müəllimlərin statusunu yüksəldə, şagirdlərin məktəbə münasibətində dəyişiklik yarada bilər:

“İtaliyada şagirdlərə nizam-intizam balı tətbiqi, təhsil sistemindəki tərbiyəvi və davranış aspektlərinin qiymətləndirilməsi üçün maraqlı bir nümunədir. Bu sistem, şagirdlərin davranışlarını ciddi şəkildə izləyərək, məktəbə və müəllimlərə münasibətini tənzimləməyə çalışır. 10 ballıq qiymətləndirmə ilə nizam-intizam qaydalarına əməl etməyənlər sinifdən-sinfə keçirilməmək təhlükəsi ilə üzləşirlər. İtaliya baş nazirinin də vurğuladığı kimi, bu qərarın əsas məqsədi məktəblərdəki nizam-intizamı möhkəmlətmək və müəllimlərə olan hörmətin geri qaytarılmasıdır. Lakin bu modelin Azərbaycanda tətbiq olunub-olunmaması, həmçinin onun şagirdlərin təhsil keyfiyyətinə və davranışına təsiri geniş şəkildə müzakirə olunmalıdır.

Azərbaycanda təhsil sistemi, xüsusilə şagirdlərin tərbiyəsi və davranış qaydalarına diqqət yetirməyi prioritet vəzifələrindən biri hesab edir. On illərdə məktəblərdə intizamla bağlı problemlər, müəllimlərə qarşı hörmətsiz davranışlar və aqressiv halların artması cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Bu cür hallar qarşısında yeni intizam tədbirləri barədə düşünmək zərurəti yaranıb. Belə bir vəziyyətdə İtaliyadakı kimi davranış ballarının tətbiqi maraqlı təklif ola bilər. Ancaq bu modelin müsbət və mənfi tərəflərini diqqətlə nəzərdən keçirmək vacibdir.

İlk növbədə, müsbət tərəflərindən danışaq. Davranış ballarının tətbiqi, şagirdlərə təhsilin yalnız akademik tərəfi ilə məhdudlaşmadığını, nizam-intizamın da məktəb həyatında mühüm yer tutduğunu öyrədə bilər. Bu sistem şagirdlərdə məsuliyyət hissini gücləndirərək, onların davranışlarına görə cavabdeh olduqlarını dərk etməyə kömək edir. Şagirdlərin sinifdə və məktəb daxilində nizam-intizam qaydalarına əməl etməsi, həmçinin müəllimlərə hörmət göstərməsi üçün onlara müəyyən həddin qoyulması, müsbət təsir göstərə bilər.

Çox zaman yeniyetmələr davranışlarının nəticələrini dərk etmədən qaydalara əməl etməməyə meyilli olurlar. Lakin bu cür qiymətləndirmə sistemi, şagirdlərin hər bir davranışının onların gələcəyi üçün vacib olduğunu dərk etməsinə şərait yaradar. Əgər şagirdlər nizam-intizam ballarının düşməsi nəticəsində sinifdən sinfə keçə bilməmə təhlükəsi ilə qarşılaşarsa, bu, onların məsuliyyət hissini gücləndirə bilər. Üstəlik, bu cür ballar məktəblərdə tərbiyəvi tədbirlərin təşkilində də mühüm rol oynaya bilər və müəllimlər şagirdlərin davranışlarını davamlı şəkildə izləyərək daha effektiv tərbiyə işləri apara bilərlər.

Digər tərəfdən, mənfi tərəfləri də nəzərə almaq lazımdır. Hər bir təhsil sistemi, ilk növbədə, şagirdlərin fərdi psixoloji xüsusiyyətlərini və onların təlim-tərbiyə prosesindəki emosional ehtiyaclarını nəzərə almalıdır. Davranış balları sisteminin çox sərt və mexaniki şəkildə tətbiqi, bəzi şagirdlərin psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Yeniyetmələr psixoloji baxımdan çox həssas dövr keçirirlər və davranışlarının sərt şəkildə qiymətləndirilməsi, onları məktəbdən uzaqlaşdıra, motivasiyalarını azalda bilər. Bəzi şagirdlər davranış ballarının aşağı olması səbəbindən özlərini uğursuz hesab edərək, məktəbdə təhsilə və müəllimlərə qarşı neqativ münasibət bəsləyə bilərlər.

Digər bir mənfi tərəf, bu sistemin müəllimlərin subyektiv qərarlarına açıq olmasıdır. Davranış ballarının qiymətləndirilməsi müəllimlərin yanaşmalarından asılı olaraq, bəzən obyektiv olmayan nəticələrə gətirib çıxara bilər. Hər müəllimin davranış qaydalarına münasibəti fərqlidir və bu fərqliliklər qiymətləndirmə sistemində uyğunsuzluqlar yarada bilər. Azərbaycanda müəllimlər arasında davranışlara yanaşmanın fərqli olduğu və bəzən subyektiv qərarların çıxarıldığı nəzərə alınarsa, bu sistemin tətbiqi narazılıq yarada bilər.

Dünya təcrübəsinə nəzər salsaq, bəzi ölkələrdə oxşar sistemlərin tətbiqi müxtəlif nəticələr verib. Məsələn, Sinqapurda şagirdlər üçün çox sərt intizam qaydaları mövcuddur və məktəblərdə qaydalara ciddi şəkildə riayət etmək tələb olunur. Bu ölkədə təhsil sistemində yüksək nizam-intizam məktəblərin akademik uğurlarına müsbət təsir göstərib. Lakin Skandinaviya ölkələrində, xüsusən də Finlandiyada, şagirdlərə sərt qaydalar tətbiq olunmur, lakin onlar yenə də yüksək təhsil nailiyyətlərinə sahibdirlər. Finlandiyada şagirdlərin davranışına diqqət yetirilsə də, bu, sərt intizam qaydaları ilə deyil, daha çox şagirdlərə verilən müstəqillik və özünü tənzimləmə ilə əlaqədardır. Bu, göstərir ki, təkcə sərt qaydalar və intizam deyil, şagirdlərin tərbiyə sisteminə yanaşma və onlara verilən sərbəstlik də uğurlu nəticələr verə bilər.

Azərbaycanda şagirdlərin məktəbə və müəllimlərə hörmətinin artırılması üçün bir neçə istiqamətdə iş aparmaq mümkündür. İlk növbədə, məktəblərdə psixoloji dəstək xidmətləri gücləndirilməlidir. Şagirdlərin davranış problemləri çox zaman onların emosional vəziyyətindən qaynaqlanır. Məktəblərdə peşəkar psixoloqların olması, şagirdlərin fərdi problemlərinin vaxtında aşkarlanmasına və həllinə kömək edə bilər. İkincisi, müəllimlərin şagirdlərlə ünsiyyətinin keyfiyyəti də böyük rol oynayır. Müəllimlərin şagirdlərə təkcə intizam qaydalarını diktə etməsi deyil, eyni zamanda onlara empatiya ilə yanaşması və motivasiya etməsi vacibdir. Üçüncüsü, valideynlərin də təhsildə fəal iştirakı təmin edilməlidir. Ailə tərbiyəsi və məktəb arasında əməkdaşlıq şagirdlərin məsuliyyətini artıran faktorlardan biridir.

Nəticə etibarilə, İtaliyada tətbiq edilən davranış balları sistemi Azərbaycanda da müəyyən şərtlərlə tətbiq edilə bilər. Bu, intizamı və məsuliyyəti gücləndirə biləcək bir mexanizm olsa da, onun sərt və mexaniki şəkildə həyata keçirilməsi əks təsir də verə bilər. Təhsil sistemində intizam qaydalarına riayət etmək üçün balanslı yanaşma tətbiq edilməlidir. Şagirdlərə həm sərt qaydalar qoyulmalı, həm də onların emosional rifahı və motivasiyası nəzərə alınmalıdır”.

Tehsil-press.az

Oxşar xəbərlər