Qalmaqallı müəllim məhkəməyə ÜZ TUTDU

Qalmaqallı müəllim məhkəməyə ÜZ TUTDU Naxçıvan şəhər 1 nömrəli məktəbin keçmiş müəllimi Səriyyə Qənbərova işdən çıxaırldıqdan sonra məhkəməyə müraciət edib.

Tehsil-press.az "qaynarinfo"ya istinadən xəbər verir ki, o, Naxçıvan Şəhər Təhsil Şöbəsini məhkəməyə verib.

Səriyyə Qənbərovanın iddia tələbi işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi ilə bağlıdır. İddiaya Naxçıvan Şəhər Məhkəməsində baxılacaq. Gülsüm Əliyeva iş üzrə hakim təyin edilib.

Səriyyə Qənbərova fiziki tərbiyə müəllimi olub. O, cari ilin sentyabrında sosial şəbəkələrdə işlədiyi məktəbdə hücuma məruz qaldığı barədə paylaşım etmişdi. Bir ay sonra isə buna görə işdən çıxarıldığını bildirmişdi.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin yaydığı məlumata görə, Səriyyə Nurəddin qızı Qənbərova məktəbdə sinif rəhbəri vəzifəsi və həftəlik 26 saat dərs yükü ilə təmin olunub.

"Səriyyə Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmayıb, tədris başladıqdan sonra üzrlü səbəb olmadan cədvəl üzrə dərslərini tədris etməyib. Həmçinin Səriyyə Qənbərova müxtəlif sosial şəbəkələrdə və saytlarda paylaşdığı məlumatlarla, eyni zamanda, müəssisədə insident yaratmaqla "Təhsilverənlərin etik davranış Qaydaları"nı kobud surətdə pozub. Əmək qanunvericiliyinin və "Təhsilverənlərin etik davranış Qaydaları"nın tələblərini pozması səbəbindən məktəbin pedaqoji və Məktəb Həmkarlar İttifaqı Komitəsinin Qərarı ilə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən Səriyyə Qənbərova ilə bağlanan əmək müqaviləsinə xitam verilib.

Eyni zamanda, məktəbdə pedaqoji mühitə səmərəli nəzarətin təşkilində aşkarlanmış nöqsanlara görə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən məktəbin direktoruna töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavininə yazılı xəbərdarlıq elan edilib", - açıqlamada bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər