“Uşaqlar bir ailədə təhsil ala biləcək” - Yenilənib

“Uşaqlar bir ailədə təhsil ala biləcək” - Yenilənib “Hazırda ən böyük maneə bizə sovet dövründən miras qalmış uşaq bağçası modelidir. Bu daha çox qayğı müəssisəsidir, nəinki təhsil müəssisəsi. Digər tərəfdən bu model çox bahalıdır”.

Bunu “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” II Beynəlxalq Konfransda elm və təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, baha olan isə həmişə az olur. Buna görə alternativ modellərdən istifadə etmək lazımdır: “Dünyada bu və ya digər formada dövlət özəl partnyorluğuna əsaslanan modellər təklif olunur. 2017-18-ci illərdən icmaəsaslı məktəbəqədər təhsil modeli tətbiq olunur. Bu modelin qiyməti ənənəvi modeldən xeyli ucuzdur. 1 uşağın yerinə 10 uşağı təhsilə cəlb etmək olar. Bu uşaqların 15 yaşları olanda biz bu modelin əhəmiyyətini görəcəyik”.

***

Nazir qeyd edib ki, bu ildən ailə modeli pilot layihə kimi tətbiq olunacaq:

“İcmaəsaslı məktəbəqədər təhsil mümkün olmayan ərazilərdə bu modeli tətbiq edəcəyik. Bu modeldə uşaqların bir ailədə təhsil alması nəzərdə tutulur. Uşaqlar məktəbəqədər təhsil səriştəsi olan mütəxəssisin yanında tədris alacaqlar. Həmçinin gələcəkdə ucqar kəndlərdə məktəbəqədər təhsillə bağlı uşaqlar üçün avtobuslar ayrıla bilər”.

***

E.Əmrullayevin sözlərinə görə, nazirlik tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” üzrə elan edilən 1500 yerin böyük əksəriyyəti artıq valideynlər tərəfindən seçilib:

“Xüsusilə Bakıda və Bakının ətrafında əhali sıxlığı var. Bu ərazilərdə dövlət-özəl partnyorluğunu yaratmağa çalışırıq. Bu ildən başlayaraq ilk dəfə olaraq özəl bağçaların qrant vasitəsindən istifadə edirik. Yəni bu vəsaitin yarısını dövlət, yarısını da xidmətin daha da artırılması üçün valideyn ödəyir. Düşünürük ki, Azərbaycanda məktəbəqədər təhsilin kəmiyyəti artacaq”.

***

Emin Əmrullayev əlavə edib ki, 2026-cı ilin sentyabr-oktyabr aylarına 100 min əlavə məktəbəqədər hazırlıq yerinin açılması hədəflənib.

Onun sözlərinə görə, demək olar ki, bu rəqəm artıq yarısından çoxuna çatdırılıb: “Digər hissəsini isə düşünürük ki, pilot layihələr uğurlu olarsa, tamamlaya bilərik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni tikilən məktəbəqədər təhsil müəssisələri də bu rəqəmlərin artmasına gətirib çıxaracaq”.

Tehsil-press.az

Oxşar xəbərlər