"88 mini alıb evimi uçurdular" - Bakıda sahibkarla ev sahibi arasında qalmaqal

Bakı şəhər sakini Əsədov Mehman Yunis oğlu tikinti şirkətinin rəhbəri tərəfindən aldadıldığını iddia edir.

Bununla bağlı müraciət edən vətəndaş bildirib ki, 2014-cü ildə Xətai rayonu, Kazımağa Kərimov küçəsi 280c, 150d ünvanında fiziki şəxs Əhmədov Səday İsax oğlunun inşasına başladığı üçmərtəbəli binadan 50 saylı notariat kontorunda xüsusi notariusun iştirakı ilə müqavilə əsasında 3 ev alıb.

Şikayətçinin sözlərinə görə, S.Əhmədov 6 ay ərzində evin təhvil verilməsinə söz verməsinə baxmayaraq, 11 il keçsə də, mənzilini təhvil ala bilməyib:

“Həmin ərazidə 18 ədəd 3 mərtəbəli evlər tikiləcəkdi. Binanın birini tikdi, digərinin isə fundamentini qoydu. Ümumilikdə həmin binadan 8 ailə ev almışdı. Onlardan biri kimi mən də 2014-cü ildə 88 min manat verib 3 mənzil aldım. Lakin evlərin heç birinə çıxarış ala bilmədim. Bizim binadan yalnız 3 evin sahibinə Xətai Rayon Prokurorluğuna şikayətdən sonra 2023-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən çıxarış verildi.

Səday Əhmədov qalan mənzillərin alqı-satqı müqaviləsini adı çəkilən notariat kontorunda birtərəfli qaydada ləğv etməyə çalışsa da, dövət qurumunda onun bu qanunsuz cəhdinin qarşısı alındı. O, 2021-ci ildən bu günə kimi binadan mənzil alan sakinlərin heç birinin zənginə cavab vermir.

Səday Əhmədov növbəti dəfə aldığımız binanın da olduğu torpaq sahəsini satmaq fikrinə düşdü.

Yanvarın 15-də məlumat aldıq ki, o, evin sökülməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin adından saxta rəy almaq istəyir.

FHN-ə müraciət etdik, onlar bu evlərin qəzalı olması ilə bağlı rəy vermədiklərini açıqladılar. Buna baxmayaraq, fevral ayının 11-də binamızın dam örtüyünü sökdülər. İşçilərdən bu tapşırığın kimlər tərəfindən verildiyini soruşduqda onlar göstərişin Səday Əhmədov, onun köməkçisi Eldəniz Əhmədov və Xətai Rayon İcra Hakimiyyətindən gəldiyini bildirdilər. Halbuki binanın çıxarışı, notariat tərəfindən alqı-satqı müqaviləsi, məhkəmə tərəfindən toxunulmazlığı, sığortası və üzərində qeydiyyatda olanlar var idi.

Fevralın 12-də texnikalar gəldi və gecə saat 2 radələrində söküntü işlərinə başladılar. Fevral ayının 13-də binanın zərər çəkən sakinləri Xətai Rayon İcra Hakimiyyətinə və Xətai Rayon Prokurorluğuna müraciət etdik. Onlar bizə söküntüdən xəbərdar olmadıqlarını və bu işə baxmadıqlarını bildirdilər. Həm pulumuz getdi, həm də evlərimiz söküldü”.

Tehsil-press.az

Oxşar xəbərlər