
“Aprelin 28-də prezidenti müşayiət edən nümayəndə heyəti səfərə hazırlıq və yekun razılaşmanı başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasına səfər edəcək.
Ərdəbil, Gilan, Şərqi və Qərbi Azərbaycan da daxil olmaqla, ölkənin şimal-qərbinin dörd ostanının valiləri prezidentlə birlikdə Azərbaycan Respublikasına səfər edəcək. Bundan əlavə, prezidenti Azərbaycana səfər zamanı 110-120 nəfər müşayiət edəcək. Nümayəndə heyətinə özəl sektor fəalları və İranın iqtisadi və parlament nümayəndələri daxildir”, – məlumatda deyilir.
Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, adətən belə geniştərkibli səfərlərdə müzakirə ediləcək mövzuların da çeşidi bol olur:
“Lakin Hüseyn Pirmüəzzinin dediklərindən və Bakıya gələcək 110-120 nəfərlik heyətin əksəriyyətinin özəl sektor fəalı olması onu deməyə əsas verir ki, daha çox iqtisadi məsələlər müzakirə ediləcək. Təbii ki, bu, müsbət hadisədir.
İranla Azərbaycan arasında müzakirəsinə ehtiyac duyulan məsələlər çoxdur. Xüsusən təhlükəsizliklə bağlı: İran öz mövqeyini Azərbaycana, rəsmi Bakı da Tehrana çatdıra bilər. Amma yenə deyirəm, heyətin əksəriyyəti biznesmendir, deməli, müzakirə ediləcək əsas məsələ də iqtisadi olacaq”.
İqtisadçı ekspert, deputat Vüqar Bayramov da hesab edir ki, İran prezidentinin ölkəmizə səfərindəki əsas məqsədlərdən biri iqtisadi məsələlərdir:
“İran və Azərbaycan qonşu ölkələrdir. İki ölkə arasında nəqliyyat, logistika, turizm sahəsində əməkdaşlıq imkanı yüksəkdir. Amma fərqli səbəblərdən biz iki ölkə arasında ticarət dövriyyəsinin artmadığını görürük. İqtisadi əlaqələr də proqnozlaşdırılan səviyyədən aşağıdır. Bu baxımdan İran prezidenti ölkəmizə 120 nəfərlik böyük tərkiblə gəlir. Məqsəd iqtisadi sahədə əməkdaşlığı irəlilətməkdir.
Araz çayı üzərindən nəqliyyatın inkişafı, həmçinin şimal-cənub nəqliyyat layihəsinin müzakirəsi başlıca gündəm mövzularıdır. İki ölkə arasında bu sahələrdə yeni imkanlar var. Azərbaycan ərazi bütövlüyünə hörmət edən, xoş münasibət göstərən ölkələrlə əməkdaşlığı inkişaf etdirir. İranla iqtisadi əlaqələri, birgə layihələri inkişaf etdirmək mümkündür. Lakin bütün bunlar İranın xarici siyasəti ölkəmizə qarşı tutumundan asılı olacaq”.
Tehsil-press.az