
Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru, BMTM-in baş məsləhətçisi, dosent Mətin Məmmədli bu ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü qeyd etdiyimizi, “Konstitusiya və Suverenlik İli”nin rəmzi deyil, tarixi səciyyə daşıdığını deyib. O, tədbirin təşkilində göstərilən dəstəyə görə BDU rəhbərliyinə təşəkkürünü bildirib.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev konstitusiyanın dövlətin daxili idarəçiliyini müəyyənləşdirən sənəd, beynəlxalq arenada davranışlarını formalaşdıran əsas hüquqi baza olduğunu bildirib: “Qloballaşan dünyada dövlətlərin suverenliklərinə və daxili işlərinə təzyiqlər artmaqdadlr, bu baxımdan hüquqi bazanın möhkəmliyi dövlətin müdafiə mexanizmlərindən biri olaraq çıxış edir. Dünyada baş verən proseslərə uyğun Konstitusiyaya dəyişikliklər edilə bilər. Bu, xaricdən gələn çağırışlara cavab verməyə imkan verir. Bu çağırışlar hazırda da davam edir. Daxili siyasət və iqtisadiyyatın möhkəmləndirilməsində Konstitusiya və digər qanunvericilik aktları vacib rol oynayır. 2020-ci ildə ərazi bütövlüyümüzün, 2023-cü ildə suverenliyimizin bərpası yalnız hərbi-siyasi deyil, hüquqi baxımdan da əlamətdar hadisədir. Azərbaycan bu prosesi beynəlxalq hüquq çərçivəsində, Konstitusiyada əks olunmuş əsas prinsiplərə uyğun şəkildə həyata keçirir”.
BDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Hüseyn Məmmədov bildirib ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Konstitusiya dövlət quruculuğunda və vətəndaş cəmiyyətinin formalaşmasında əsaslı dönüş nöqtəsinə çevrilib. Konstitusiyamız əldə edilən tarixi nailiyyətlərin hüquqi əsasını təşkil edir: “BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyevin bilavasitə rəhbərliyi və həssas yanaşması ilə Azərbaycanın demokratik əsasları yenidən və sarsılmayacaq şəkildə quruldu. Bu gün Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümünü bütöv və tam suveren Azərbaycan olaraq qeyd edirik. Gənclərimiz isə bundan sonra üzərlərindəki şərəfli məsuliyyəti dərk edərək, öz elmi bilikləri, bacarıqları ilə ölkəmizi daim müdafiə etməyi bacarmalıdırlar”.
Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru Fərhad Abdullayev 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyanın demokratik, hüquqi və dünyəvi dövlətin qurulması yolunda əhəmiyyətli mərhələ olduğunu və indiyədək bu sənədin ölkəmizdə hüquqi islahatların aparılması, insan hüquq və azadlıqlarının təmin olunması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində bünövrə rolunu oynadığını deyib.
Maliyyə nazirinin birinci müavini Anar Kərimov qeyd edib ki, Konstitusiya hər bir müstəqil dövlətin varlığının hüquqi əsasını təşkil edən sənəddir, o, yalnız siyasi və hüquqi sistemin deyil, iqtisadi idarəçiliyin də əsaslarını müəyyənləşdirir. Azərbaycan Konstitusiyası dövlətin iqtisadi fəaliyyətinin hüquqi çərçivəsini dəqiq şəkildə təsbit edir və maliyyə sisteminin formalaşdırılmasında mühüm rol oynayır. Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar məhz Konstitusiyada müəyyən edilmiş məqsədlərə – əhalinin rifahının yüksəldilməsi, iqtisadi sabitliyin qorunması və sosial bərabərliyin təmin olunmasına xidmət edir.
Tədbirdə çıxış edən Türkiyənin Balıkesir Universitetinin rektoru Yücel Oğurlu, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov Konstitusiyanın əsas qanunlar toplusu kimi funksiyalarından danışıblar.
BDU-nun Hüquq fakültəsinin dekanı, dosent Zaur Əliyev “Konstitusiya və insan hüquqları” mövzusunda geniş təqdimatla çıxış edib. O bildirib ki, Azərbaycan Konstitusiyası bütövlükdə insan hüquqları konsepsiyasına həsr edilib. Çoxsaylı hüquqlar, fundamental beynəlxalq hüquqi aktlarda əksini tapan məsələlər ölkə Konstitusiyasında əks olunub.
Tehsil-press.az