Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov ekoloji problemlərin təkcə bu günə deyil, gələcəyə də təsir göstərdiyini deyib. O, insan və təbiət münasibətlərinə tarixi aspektdən yanaşaraq bildirib ki, qədim dövrlərdən bəri ətraf mühitin qorunması insan cəmiyyətinin mühüm vəzifələrindən biri olub. Professor gənc nəslin maarifləndirilməsinin ekoloji problemlərin qarşısının alınmasında ən effektiv üsullardan olduğunu vurğulayıb.
Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov geoloji mühitin insan fəaliyyəti nəticəsində necə dəyişdiyini elmi nümunələrlə izah edib. Bildirib ki, yeraltı və yerüstü sərvətlərdən səmərəli istifadə olunması, eləcə də geoloji proseslərin düzgün izlənməsi ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır. Bu baxımdan təbii sərvətlərdən də düzgün istifadə etmək problemin həllinə dəstək olan amillərdəndir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amil Məmmədov ekoloji siyasət çərçivəsində həyata keçirilən layihələr və ictimai iştirakçılığın əhəmiyyəti haqqında geniş məlumat verib. O bildirib ki, vətəndaş cəmiyyətinin ekoloji təşəbbüslərdə aktiv iştirakı ölkənin davamlı inkişafına töhfə verir. Ümumi və tarixi geologiya kafedrasının müəllimi Nürəddin Abbasov Yerdə baş verən təbii proseslərin müasir ekoloji problemlərlə əlaqəsini izah edib.
Sonda ətraf mühitin mühafizəsinə həsr olunmuş maarifləndirici videoçarx nümayiş olunub.
Tehsil-press.az