Vəkillər Kollegiyasının sədri işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşdü

Vəkillər Kollegiyasının sədri işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşdü Mayın 23-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.

ARVK-nın inzibati binasında təşkil olunan görüşdə Kollegiyanın sədri Anar Bağırov çıxış edərək vəkil köməkçilərini yeni fəaliyyət mərhələsinə qədəm qoymaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Çıxışında sədr vəkil köməkçiliyinin vəkilliyə gedən yolda mühüm pillə olduğunu qeyd edərək, bu mərhələnin peşəkar vəkillərin yetişməsində xüsusi rol oynadığını vurğulayıb. Anar Bağırov bildirib ki, hüquq sisteminin möhkəmlənməsində və cəmiyyətin hüquqi maariflənməsində vəkillər mühüm rol oynayır, bu sahədə savadlı və məsuliyyətli hüquqşünaslara hər zaman ehtiyac var.

Eyni zamanda sədr diqqətə çatdırıb ki, bu gün ARVK sıralarında 2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir. Bu rəqəmlər Kollegiyanın fəaliyyət miqyasının genişliyini və hüquqi xidmətə olan yüksək tələbatı bir daha göstərir.

Anar Bağırov ARVK tərəfindən vəkil köməkçilərinin peşə hazırlığının artırılmasına daim xüsusi önəm verildiyini vurğulayıb, onları fəal olmağa, təcrübəli vəkillərdən öyrənməyə, təşəbbüskar yanaşma nümayiş etdirməyə və daim biliklərini artırmağa çağırıb.

Həmçinin görüş zamanı sədr ARVK Rəyasət Heyətinin 14 oktyabr 2024-cü il tarixli qərarına əsasən vəkil köməkçiləri üçün vəkilliyə qəbul üzrə ixtisas imtahanında iştirakla bağlı ödənişə tətbiq edilən güzəştin əhəmiyyətindən bəhs edib.

Sonda vəkil köməkçilərinin sualları cavablandırılıb, onlara vəsiqələr təqdim olunub.

Vəkillər Kollegiyasının sədri işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşdü
Vəkillər Kollegiyasının sədri işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşdü


Tehsil-press.az

Oxşar xəbərlər