Gəncədə sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozub.Gəncə şəhərində 77-QR-674 dövlət qeydiyyat nişanlı "Changan" markalı avtomobilin sürücüsü özünə məxsus sosial şəbəkə hesabında yol hərəkəti təhlükəsizliyini ciddi şəkildə pozan videogörüntülər paylaşıb.
Yayılan videolarda gənc sürücünün avtomobili ilə əks istiqamət zolağına çıxaraq qarşıdan gələn nəqliyyat vasitələri üçün real qəza riski yaratdığı açıq şəkildə görünür. Digər görüntülərdə isə Gəncə şəhərinin küçələrindən birində yüksək sürətlə hərəkət edərkən əl əyləcindən istifadə etməklə avtomobili qəsdən fırlatdığı, yəni avtoxuliqanlıq hərəkətləri etdiyi açıq şəkildə görünür.
Sözügedən avtomobili idarə etdiyi iddia olunan şəxs Gəncədə "Borçalı Nadir" kimi tanınan və şəhərdə fəaliyyət göstərən "Borçalı" restoranının sahibinin oğludur.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində "Changan" markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edən sürücü Ə.Rəhimov saxlanılıb.
Araşdırmalar zamanı sürücünün avtomobilinə əlavə səs siqnalı quraşdırdığı da müəyyən edilib.
Sürücü barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Rəhimov 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 30 sutka inzibati qaydada həbs olunub.
Tehsil-press.az










