9 mart tarixində keçirilən buraxılış imtahanının nəticələrinə əsasən, maksimum - 300 bal toplayan abituriyentlərin sayı cəmi 2 nəfər olub. Lakin 15 mart tarixində keçirilən imtahanın iştirakçıları tərəfindən sualların əvvəlki imtahana nisbətən daha asan olduğu iddia edilirdi.Bu məqamda belə bir sual yaranır: 15 mart imtahanında sualların daha asan olması maksimum nəticə - 300 bal toplayan abituriyentlərin sayının artmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı təhsil eksperti Sevinc Purkeştasib danışıb.
O qeyd edib ki, 300 bal toplamaq üçün təkcə şagirdin bilik səviyyəsi kifayət etmir, bununla yanaşı, səhvsiz işləmək bacarığı da vacibdir:
“İddialar var ki, guya ikinci zonada keçirilən buraxılış imtahanları nisbətən daha asan olub. Amma mən belə düşünmürəm. Çünki məsələ sualların asan olub-olmamasında deyil. Əslində, şagirdlər birinci imtahandan sonra mövcud problemi, vaxt bölgüsünü düzgün aparmağın vacibliyini daha yaxşı anladılar. İkinci imtahanda isə şagirdlərin böyük əksəriyyəti vaxt bölgüsünə xüsusi diqqət yetirdi.
Sualların asanlığına gəldikdə isə, bu halın balların avtomatik olaraq azalmasına və ya artmasına səbəb olduğunu demək düzgün deyil. Məsələn, suallar asanlaşanda orta və zəif nəticə göstərən şagirdlər daha çox bal toplaya bilir. Yəni ümumi nəticə yüksəlir.
Bəs maksimum bal niyə həmişə çox olmur? 300 bal toplamaq üçün təkcə şagirdin və ya abituriyentin bilik səviyyəsi kifayət etmir. Bununla yanaşı, səhvsiz işləmək bacarığı da vacibdir.
Yəni biliklə paralel olaraq diqqət, vaxtın düzgün idarə olunması və bəzən psixoloji sabitlik də mühüm rol oynayır. Nəticə etibarilə, suallar nisbətən asan olsa da, hamı 100% düzgün cavab verə bilmir".
Ekspert bildirib ki, 15 mart imtahanı 9 mart imtahanından daha asan olubsa, 300 bal toplayanların sayının artma ehtimalı var:
“Əgər imtahan xeyli asanlaşıbsa və ya "tələ suallar", yəni çaşdırıcı tapşırıqlar azdırsa, bu zaman 300 bal toplayanların sayı arta bilər. Amma bəzən bu göstərici dəyişmir. Çünki hətta çox asan imtahanlarda belə kiçik diqqətsizliklər baş verir, bəzi suallar yenə seçici xarakter daşıyır və ən güclü abituriyentlərin ümumi sayı çox olmur.
Belə bir nəticəyə gələ bilərik ki, əgər 15 mart imtahanı həqiqətən 9 mart imtahanından daha asan olubsa, 300 bal toplayanların sayının artma ehtimalı var. Lakin bu artım kəskin olmaya bilər. Çünki maksimum nəticə yalnız asanlıqdan deyil, daha çox səhvsiz işləmək bacarığından asılıdır. Yəni suallar nə qədər asan olsa belə, kiçik bir diqqətsizlik belə 300 bal toplamağa mane ola bilər".
Ekspert əlavə edib ki, ikinci zonada imtahan verən şagirdlər birinci zonada buraxılan səhvlərdən nəticə çıxarmağa çalışıblar:
“Mənim fikrimcə, belə bir qənaətə gəlmək olar ki, 9 mart və 15 mart imtahan sualları arasında kəskin fərq yoxdur. Yəni sualların asanlıq və ya çətinlik səviyyəsi baxımından ciddi fərqlər müşahidə edilmir.
Sadəcə olaraq, ikinci zonada imtahan verən şagirdlər birinci zonada buraxılan səhvlərdən nəticə çıxarmağa çalışdılar. Əsas məsələ isə vaxt bölgüsü idi. Xüsusilə Azərbaycan dili fənnində mətnin böyük və nisbətən çaşdırıcı olması birinci imtahanda narazılıq yaratmışdı. Məncə, ikinci zonada abituriyentlər bunu nəzərə aldılar və daha diqqətli davrandılar".
Tehsil-press.az









