Mingəçevir Dövlət Universiteti Pakistan-Azərbaycan Texnologiya Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq çərçivəsində mühəndislik kurikulumunu yeniləyir

Mingəçevir Dövlət Universiteti Pakistan-Azərbaycan Texnologiya Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq çərçivəsində mühəndislik kurikulumunu yeniləyir Mingəçevir Dövlət Universiteti mühəndislik və texnologiya istiqamətləri üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, tədrisin müasir çağırışlara uyğun yenilənməsi və innovasiya ekosisteminin gücləndirilməsi istiqamətində daha bir mühüm addım atır. Universitet Pakistan-Azərbaycan Texnologiya Əməkdaşlıq Təşkilatı (Pakistan-Azerbaijan Technology Cooperation Organization – PATCO) şirkəti ilə qurulan əməkdaşlıq çərçivəsində mühəndislik proqramlarının yenidən qurulmasını, xüsusilə elektrik-elektronika və kompüter elmləri istiqamətləri üzrə kurikulumun müasir tələblərə uyğunlaşdırılmasını nəzərdə tutan yeni strateji mərhələyə başlayır.

Mingəçevir Dövlət Universitetindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bu əməkdaşlığın əsas məqsədi MDU-nun gələcək inkişaf modelini daha da gücləndirmək, universiteti elm, innovasiya, təşəbbüskarlıq və sənaye əlaqələrinin vəhdətində fəaliyyət göstərən dünya səviyyəli dördüncü nəsil sahibkar universitet modelinə yaxınlaşdırmaqdır. Yeni tərəfdaşlıq çərçivəsində təklif olunan həllər yalnız tədris proqramlarının yenilənməsi ilə məhdudlaşmır, eyni zamanda universitetin elmi-tədqiqat, innovasiya və texnoloji inkişaf potensialının artırılmasına xidmət edir.

Bildirilib ki, nəzərdə tutulan strateji istiqamətlər sırasında Elm və Texnologiya Parkının yaradılması xüsusi yer tutur. Bu parkın müəllim və tələbə startaplarının inkişafı üçün mühüm platformaya çevrilməsi, universitet daxilində innovativ ideyaların təşəbbüsdən tətbiq mərhələsinə keçidini sürətləndirməsi gözlənilir. Yeni modeldə universitetin yalnız bilik ötürən deyil, eyni zamanda yeni texnoloji həllər formalaşdıran, sahibkarlıq təşəbbüslərini dəstəkləyən və sənaye ilə qarşılıqlı işləyən bir ali təhsil müəssisəsi kimi inkişafı əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib.

Əməkdaşlıq çərçivəsində elektrik-elektronika və kompüter elmləri üzrə kurikulumun yenilənməsi diqqət mərkəzindədir. Qeyd olunub ki, müasir dövrdə texnologiya və tədqiqat sahələri getdikcə daha çox fənlərarası xarakter alır. Bu baxımdan MDU-da xüsusilə kompüter elmləri və mühəndislik təhsilinin yenidən qurulması, kurikulumun real dünya tələblərinə, müasir sənaye çağırışlarına və elmi yeniliklərə uyğunlaşdırılması zəruri hesab edilir. Yenilənmiş tədris modelində tələbələrin yalnız nəzəri biliklərlə deyil, praktik bacarıqlar, tətbiqi düşüncə, innovativ yanaşma və sənaye problemlərinə həll yönümlü hazırlıqla formalaşması əsas hədəflərdəndir.

Məlumata əsasən, əməkdaşlığın mühüm istiqamətlərindən biri də təlimçilərin təlimi proqramıdır. Bu mexanizm vasitəsilə müəllim heyətinin həm sinif, həm də laboratoriya təcrübəsinə əsaslanan yeni yanaşmalarla tanış olması, qabaqcıl pedaqoji və texnoloji təcrübələri mənimsəməsi planlaşdırılır. Beləliklə, yalnız tələbələrin deyil, eyni zamanda akademik heyətin də peşəkar inkişafının sistemli şəkildə dəstəklənməsi nəzərdə tutulur. Bu yanaşma universitetdə keyfiyyətli və dayanıqlı dəyişikliklərin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Birgə əməkdaşlığın daha bir vacib istiqaməti ortaq tədqiqat laboratoriyalarının yaradılmasıdır. Burada əsas məqsəd sənaye-akademiya modelinə əsaslanan funksional elmi mühit formalaşdırmaq, universitetin tədqiqat imkanlarını yeni texnoloji istiqamətlər üzrə gücləndirməkdir. Planlaşdırılan laboratoriyaların avtonom sistemlər, süni intellekt və maşın öyrənilməsi, kibertəhlükəsizlik, rəqəmsal mühəndislik, rəqəmsal inteqral sxemlər, elektrikli nəqliyyat vasitələri və digər perspektivli texnoloji sahələri əhatə etməsi nəzərdə tutulur. Bu laboratoriyalar vasitəsilə tələbə və müəllimlərin qlobal texnoloji trendlərə uyğun araşdırmalar aparması, sənaye yönümlü həllər üzərində işləməsi və beynəlxalq əməkdaşlıq platformalarında iştirak imkanlarının genişlənməsi gözlənilir.

Tərəfdaşlıq çərçivəsində təcrübə proqramlarının təşkili də xüsusi yer tutur. Bildirilib ki, bu istiqamətdə həm Azərbaycanda, həm də Pakistanda Elm və Texnologiya Parkları daxilində fəaliyyət göstərən aparıcı şirkətlərlə əməkdaşlıq mexanizmlərinin qurulması planlaşdırılır. Bununla yanaşı, Pakistanın qabaqcıl şirkətləri ilə mübadilə proqramlarının təşkili, tələbələrin və gənc tədqiqatçıların müxtəlif istehsalat və innovasiya mühitlərində real iş təcrübəsi qazanması nəzərdə tutulur. Bu yanaşma gələcək mütəxəssislərin əmək bazarına daha hazırlıqlı çıxmasına, onların beynəlxalq peşəkar çevrələrə inteqrasiyasına və texnoloji düşüncə çevikliyinin güclənməsinə mühüm töhfə verə bilər.

Əməkdaşlığın yekun buraxılış işləri və son kurs layihələri ilə bağlı hissəsi də mühüm strateji əhəmiyyət daşıyır. Verilən məlumata görə, bu istiqamətdə əsas məqsəd tələbələrin yekun işlərinin abstrakt nəzəri mövzular deyil, sənaye tərəfindən müəyyənləşdirilən real problemlər üzərində qurulmasıdır. Bu problemlərin həm Azərbaycan, həm də Pakistan tərəfinin müəyyən etdiyi aktual ehtiyaclara əsasən seçilməsi planlaşdırılır. Beləliklə, tələbələrin buraxılış işləri yalnız akademik nəticə kimi deyil, eyni zamanda praktik tətbiq imkanına malik texnoloji həllər kimi formalaşdırılacaq. Bu model universitet-sənaye əlaqələrinin dərinləşməsinə, tədqiqatların tətbiq yönümlülüyünün artmasına və gənc mütəxəssislərin yaradıcı potensialının daha səmərəli reallaşdırılmasına xidmət edəcək.

Qeyd olunub ki, Pakistanla qurulan bu əməkdaşlıq yalnız iki qurum arasında texniki anlaşma deyil, həm də ali təhsil, elm, innovasiya və texnoloji inkişaf sahələrində ortaq baxışa əsaslanan strateji tərəfdaşlıq nümunəsidir. Bu əməkdaşlıq çərçivəsində atılacaq addımların Mingəçevir Dövlət Universitetinin beynəlxalq nüfuzunun yüksəlməsinə, tədris keyfiyyətinin artmasına, tələbələrin rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına və universitetin regionun inkişafında rolunun daha da güclənməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Beləliklə, MDU-da mühəndislik proqramlarının Pakistanla əməkdaşlıq fonunda yenidən qurulması universitetin inkişaf konsepsiyasında strateji dönüş nöqtəsi kimi dəyərləndirilə bilər. Təhsil, tədqiqat, innovasiya və sənaye əməkdaşlığını bir platformada birləşdirən bu yanaşma universitetin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən mühüm istiqamətlərdən biri olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər