Qanun layihəsinə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək. Bundan əlavə, elektron siqaretlərdən ictimai yerlərdə istifadə edənlər 30 manat cərimə ediləcəklər.
Bəs elektron siqaretlərə tətbiq edilən qadağa alışdırılmadan nəfəsə çəkilən IQOS kimi digər nikotin və tütün məhsullarına da şamil edilirmi?
Mövzu ilə bağlı Azərbaycanda nikotin məhsullarının satışı ilə məşğul olan “Tabar” mağazalar şəbəkəsinin satış üzrə direktoru Tural Hacızadə Musavat.com-a bildirib ki, qızdırılan tütün məmulatları ilə elektron siqaretlər tamamilə fərqli kateqoriyalardır və qadağa yalnız elektron siqaretlərə aiddir: “Tütün və tütün məmulatı haqqında qanuna edilən müvafiq dəyişikliklərə görə qızdırılan tütün məmulatları və elektron siqaretlər iki fərqli kateqoriya kimi müəyyən edilmiş və qadağanın yalnız elektron siqaretlərə aid olduğu açıq şəkildə qeyd edilib”.
Qeyd edək ki, elektron siqaretlərin və qızdırılan tütün məmulatlarının tərkibi də fərqlidir. Elektron siqaretlər tərkibində nikotin olan və ya olmayan mayenin qızdırılması nəticəsində əmələ gələn buxarın nəfəslə çəkilməsi ilə istehlak olunur. Qızdırılan tütün məmulatları isə həqiqi tütünü, yəni tütün çubuğunu qızdıraraq aerozol əmələ gətirir.
Tehsil-press.az











