Mərdəkandakı pansionatında məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək

Mərdəkandakı pansionatında məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq indiyədək ölkəmizin müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə 94 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binaları kompleksi tikilib istifadəyə verilib, 49 min ailə - 243 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Bu barədə Tehsil-press.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var və Azərbaycan dövləti tərəfindən bu kateqoriyadan olan vətəndaşların da mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülür. Bu proses müvafiq Dövlət Proqramına uyğun olaraq mərhələli şəkildə davam etdirilir.
20 iyul 2016-cı il tarixdə məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Bakı şəhəri ərazisində qəzalı vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrini hazır mənzil alınması yolu ilə yeni mənzillərlə təmin etmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılması nəzərdə tutulub.
Dövlət Komitəsi son vaxtlar məcburi köçkün ailələrinin köçürülmələri ilə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq bildirir ki, həmin sərəncamın icrası ilə əlaqədar olaraq yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkanda yerləşən əlillərin müalicə pansionatında məskunlaşmış məcburi köçkün ailələrin köçürülməsi nəzərdə tutulur. Digər məskunlaşma obyektlərində yaşayan məcburi köçkün ailələrinin də mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına gələcəkdə mərhələli şəkildə baxılacaq.


Tehsil-press.az

Oxşar xəbərlər