Azərbaycanda ənənəvi olmayan və ölkədə istehlakı geniş yayılmayan heyvan ətlərinin satışına qadağa qoyulması təklif olunur. Bu məsələ 2025-ci il üzrə Nazirlər Kabinetinin hesabatında yer alıb.Sənəddə qeyd olunur ki, son dövrlərdə satışa çıxarılan mənşəyi məlum olmayan ətlər kütləvi zəhərlənmələrə və müxtəlif xəstəliklərə səbəb ola bilər, həmçinin cəmiyyətdə ciddi narahatlıq yaradır. Ət satışında konkret qadağaların olmaması bəzi işbazların bundan sui-istifadə etməsinə imkan verir. Təklifdə o da vurğulanır ki, ənənəvi olmayan və ölkəmizdə istehlakı yayılmayan heyvanların siyahısı hazırlanmalı, həmin kateqoriyaya aid ətlərin satışına məhdudiyyət qoyulmalıdır.
Bəs belə qadağalar əhalinin sağlamlığını qorumaqla yanaşı, bazar iqtisadiyyatına necə təsir göstərə bilər?
Iqtisadçı Natiq Cəfərli ilk növbədə həmin siyahının necə tərtib ediləcəyinə baxmaq lazım olduğunu bildirib.
Onun sözlərinə görə, “ənənəvi olmayan” sözünün nəyi ifadə etdiyi tam aydın deyil:
“Ənənəvi olmayan nə deməkdir? Məsələn, timsah əti, yaxud dəvəquşu ətləri nəzərdə tutulurmu? Əslində, dəvəquşu və bəzi quş ətləri də bizim mətbəxdə geniş yayılmayıb.
Amma bu məhsullar kifayət qədər dadlıdır və dünyanın bir çox ölkəsində qida kimi istifadə olunur. Azərbaycanda bu cür məhsulların istehlakı çox azdır. Lakin ümumilikdə bu, böyük problem kimi görünmür. Ona görə də əvvəlcə hazırlanacaq siyahıya baxmaq lazımdır”.
İqtisadçı əlavə edib ki, Azərbaycanda bu məsələ o qədər də ciddi problem hesab olunmur:
“Bizdə əhalinin böyük əksəriyyəti, bəlkə də 95 faizi ağız dadına uyğun olaraq mal, qoyun və toyuq ətinə, eləcə də digər quş ətlərinə və balığa üstünlük verir. Yəni insanlar əsasən ənənəvi məhsulları seçir. Ona görə də “ənənəvi olmayan” anlayışının konkret nəyi ifadə etdiyini Nazirlər Kabineti siyahı və ya izahat şəklində açıqlamalıdır”.
Tehsil-press.az











